“Malyutka 2” uşaq qidası ilə bağlı yayılan xəbər haqqında “Veysəloğlu” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədzadə açıqlama verdi:
“Geniş ictimaiyyətin və media nümayəndələrinin diqqətinə:
“Malyutka 2” uşaq qidası ilə bağlı yayılan qərəzli xəbər haqqında “Veysəloğlu” MMC-nin açıqlaması
“Veysəloğlu” MMC haqqında mətbuatda qeyd edilən uşaq qidası ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
“Veysəloğlu” MMC iyun 2007- aprel 2018-ci il tarixlərində Nutricia B.V.
(Niderland Krallığı) şirkəti ilə əməkdaşlıq etmiş və qeyd edilən
şirkətin məhsulları olan Nutrilon və Malyutka markalarının
respublikamıza dağıtımını həyata keçirmişdir. Lakin 2018-ci ilin aprel
ayından etibarən şirkətimiz “Nutricia” şirkətinin məhsullarının idxalını
tam dayandırmışdır. 1 noyabr 2018-ci il tarixindən etibarən isə adı
çəkilən istehsalçı şirkətlə əməkdaşlıq müqaviləsinə rəsmi formada xitam
verilmişdir.
“Nutricia” şirkətindən ən son idxal etdiyimiz məhsulların (“Malyutka 2”
– 350 gr) son istifadə tarixi 06.03.2020-dir. Mətbuatda yayılan
fotolarda isə qeyd edilən məhsulun son istifadə tarixi isə
19.03.2020-dir. Yəni mediada şəkilləri yayılan “Malyutka 2” uşaq qidası
“Veysəloğlu” MMC-nin bu məhsulun idxalına dair müvafiq şirkətlə
müqaviləsinə xitam verdikdən sonra bizə aidiyyatı olmayan digər bir
şirkət tərəfindən ölkəyə gətirilmişdir.
Xüsusi olaraq qeyd etmək istərdik ki, “Veysəloğlu” MMC tərəfindən 1
aprel 2018-ci il tarixindən etibarən “Nutricia” şirkətinin məhsulu olan
uşaq qidasının idxalı ilə bağlı “Nutricia” şirkətinə sifariş
verilməmişdir. Xitam müqaviləsinin imzalanmasına qədər (1 noyabr 2018-
ci il tarixinədək) satılan bütün məhsullarla bağlı “Veysəloğlu” MMC
məsuliyyət daşıyıb. Əməkdaşlıq müqaviləsinə xitam verilməsi ilə əlaqədar
olaraq, qeyd edilən tarixdən etibarən respublikamıza idxal edilən
“Nutricia” fabrikinin bütün məhsulları, həmçinin də mətbuatda adı
hallanan “Malyutka 2” ( 350 gr) uşaq qidası ilə bağlı yaranan hər hansı
bir problemə görə “Veysəloğlu” MMC məsuliyyət daşımır.
Eyni zamanda qeyd etmək istərdik ki, xitam müqaviləsi imzalandığı
tarixdə “Nutricia” şirkətinin müxtəlif ticarət nişanları altında
istehsal olunan və ambarlarımızda saxlanılan bütün məhsulları “Nutricia”
şirkətinin təyin etdiyi İDC 2000 şirkətinə təhvil verilib. Yararsız
mallar isə İDC 2000 şirkətinin iştirakı ilə rəsmi qaydada məhv
edilmişdir.
Qeyd etmək istərdik ki, əməkdaşlığımızın bitməsindən sonra “Veysəloğlu”
MMC nümayəndəsi tərəfindən istehsalçı və idxalçılara yazılı şəkildə,
həmçinin telefonla satış nöqtələrində sərgilənən məhsulların üzərində
rəsmi distribüterin “Veysəloğlu” MMC şirkətinin qeyd olunduğu və son
istifadə müddətinin az qaldığı üçünyığışdırılması tələb edilmişdir.
Əlavə olaraq əməkdaşlığın xitamından sonra istehsal edilən qablaşma
üzərində idxala dair qeyd olunan “Veysəloğlu” MMC-nin adının çıxarılması
xüsusi ilə tələb edilmişdir.
İstehlakçılara bildirmək istəyirik ki, “Veysəloğlu” MMC tərəfindən
bütün məhsullarla bağlı şirkətlərlə əməkdaşlıq etdiyi müddətdə keyfiyyət
proseduruna əsasən idxal olunan məhsullardan əvvəlcə nümunələr
götürülür və beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalarda
sınaqlar aparılır.
Qida təhlükəsizliyi baxımından önəm kəsb edən məhsullarımızın dağıtım
mərkəzlərində ilk qəbuldan, saxlanma, daşınma və müştərilərə təqdim
olunana qədər bütün proses boyu nəzarətləri təmin olunur və dağıtım
mərkəzində, mağazalarda mal qəbulu, hətta mağazalarda vitirinlərdə
qaldığı müddət ərzində belə, yoxlama mərhələlərindən keçirilir.
Xatırlatmaq istərdik ki, “Veysəloğlu” MMC olaraq idxal etdiyimiz
məhsulların keyfiyyətinə nəzarət məqsədi ilə Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyi (AQTA) ilə sıx əməkdaşlıq edirik. Bu məqsədlə
bütün məhsullarımız AQTA tərəfindən tətbiq edilən normativlərə əsasən
qeydiyyatdan keçirlər.
Sözü gedən məhsulun istehsalı və dağıtımı ilə əlaqədar olaraq
İstehsalçı “Nutricia” və idxalçı “İDC 2000” şirkəti tərəfindən
“Veysəloğlu” MMC-yə qarşı kobud şəkildə qanunvericilik tələbləri
pozulmuş, etiketlənmə prosesində idxalçı haqqında səhv informasiya
verilməklə şirkət adı düzgün qeyd edilməmişdir. Bununla da, “Veysəloğlu”
MMC-nin işgüzar nüfuzuna ciddi zərər vurulmuşdur. Bu barədə
“Veysəloğlu” MMC olaraq, istehlakçıların hüquqlarının pozulması və
şirkət adının doğru hallanmaması ilə əlaqədar olaraq istər istehsalçı,
istər idxalçı şirkət haqqında hüquq mühafizə orqanlarına müraciət
ediləcək.
“Veysəloğlu” MMC uzun müddətli təcrübəsinə, tətbiq etdiyi beynəlxalq
standartların tələblərinə və keyfiyyətin idarə olunması prosedurlarına
əsaslanaraq satışını həyata keçirdiyi məhsulların keyfiyyətinə zəmanət
verir, fəaliyyətini müştəri məmnuniyyəti üzərində qurmağa önəm
göstərir.”