Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Sosial / Vergilər Nazirliyinə dəstəklə bağlı Tvinninq layihəsi yekunlaşdı – FOTOLAR

Vergilər Nazirliyinə dəstəklə bağlı Tvinninq layihəsi yekunlaşdı – FOTOLAR

Bu gün Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib. 
Tədbirdə Avropa İttifaqının, BMT-nin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı təmsilçiləri, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Musavat.com xəbər verir ki, mərasimdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, Vergilər Nazirliyi dövlət vergi orqanları qarşısında qoyulan məqsəd və vəzifələrə nail olmaq üçün maksimum çalışır: “Artıq qarşıya qoyulmuş hədəflərə çatmaq üçün zəruri qanunvericilik, institusional və maddi-texniki baza yaradılıb. 27 ay müddətində davam edən Tvinninq Layihəsinin icrası zamanı nazirliyimizin aidiyyəti üzrə əməkdaşları insan resurslarının idarə olunması, məlumatların toplanması və təhlil üsulları sahəsində İspaniya və Fransa vergi administrasiyalarının ən yaxşı təcrübəsini ətraflı şəkildə öyrəniblər”.
Nazir müavini daha sonra öz çıxışına bu sözlərlə davam edib: “Geridə qoyduğumuz zaman ərzində insan resurslarının inkişafı sahəsində uzunmüddətli strategiya və tədbirlər planının layihəsi hazırlanıb. Eyni zamanda insan resurslarının idarə edilməsi sahəsində bir sıra qaydalar, tədris-təlim proqramları, üsulları və təlim keçmək üçün metodik materiallar, o cümlədən yekun hesabat hazırlanıb. Həmçinin 2 kitab nəşr olunub”.
Sahib Ələkbərovun sözlərinə görə, 27 ay davam edən Tvinninq layihəsinin icrası zamanı Vergilər Nazirliyinin aidiyyəti əməkdaşları İspaniya və Fransa Vergi Administrasiyalarının ən yaxşı təcrübələrini ətraflı şəkildə öyrəniblər.
Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin əməkdaşı Jeron Villeams da tədbirdə çıxış edib. Villeams bildirib ki, bu layihə Azərbaycanın vergi sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində atılan mühüm addımdır: “Tvinninq layihəsinin vergi sisteminə xüsusi töhfə verir. Bu tipli layihələrin Azərbaycanda keçirilməsi müsbət bir haldır”. 
Tədbirdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aurelia Bouçez, İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jose Luis Dies, Tvinninq layihəsinin rəhbərliyi Asəf Əsədov, Qonzalo Qomez de Liano və Noel Klaudion təqdimatlarla çıxış edərək layihə barədə ətraflı məlumat veriblər.
Nazirliyin Tədris Mərkəzinin rəisi, vergi xidməti müşaviri Əli Həsənov layihənin komponentləri barədə məlumat verərək bildirib ki, artıq bu layihədən faydalanaraq, e-tədris sisteminin tətbiqinə nail olunub:“Təlim-tədris proseslərinin metodoji və təşkilati bazasının təkmilləşdirilməsi məqsədilə bir sıra daxili təlimatlar, tövsiyələr, proqram təminatları hazırlanıb. Layihə çərçivəsində Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə İspaniya Kralığının Maliyyə Nazirliyinin Fiskal Tədqiqatlar İnstitutu arasında gələcək əməkdaşlığa dair memorandumun imzalanması üçün zəruri müzakirələr aparılıb və bu barədə şifahi razılıq əldə edilib”.



















Həmçinin oxuyun

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. ETSN-dən daxil olan xəbərdarlığa görə, Bakıda …

Bir cavab yazın