Cümə , Fevral 3 2023
Ana səhifə / Sosial / Uşaqpulu ilkin mərhələdə kimlərə veriləcək?

Uşaqpulu ilkin mərhələdə kimlərə veriləcək?

Ötən gün açıqlamasında son 4 ildə əmək pensiyalarının orta aylıq məbləğinin 120 manatdan çox artdığına diqqət çəkən Tahir Mirkişi gələn il Azərbaycanda orta göstəricinin ciddi şəkildə çoxalacağını vurğulayıb.

Deputat həmçinin uşaq pulunun verilməsi ilə bağlı məsələyə də aydınlıq  gətirib. O, deyib ki, uşaqpulu ilə bağlı məsələ hökumət və Milli Məclisin gündəmindədir.

Bəs görəsən, uşaqpulu ilkin mərhələdə kimlərə veriləcək?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli  bildirib ki, Azərbaycan dünya ölkələri ilə müqayisədə uşaqpulu verməkdə çox gecikib:

“Hal-hazırda Tahir Mirkişilinin açıqlamasından başqa bu mövzuda heç bir sənəd yoxdur. Bu sənədlər, yaxud hər hansı layihə olmadığı üçün əvvəlcədən nə isə danışmaq çətindir. 

Hesab edirəm ki, uşaqpulu verilməsi Azərbaycanda gecikmiş məsələdir. Bunu mərhələlərlə edə bilərlər. Məsələn, ilin birinci yarısında 1 yaşından 5 yaşına qədər, ikinci yarısında isə 5 yaşından 10 yaşına qədər olan uşaqlara verilə bilər. Zamanla yaşı qaldırmaq olar. 

Azərbaycan hökuməti hansı yanaşmanı ortaya qoyacaq bilmirəm, amma uşaq pulu verməyə başlayan ölkələr bu cür edir. Artıq dünyada uşaqpulu verməyən ölkələr çox az, barmaqla sayılası qədərdir. Heç bir gəliri olmayan Ermənistanda, Gürcüstanda 1-18 yaş arasında uşaqlara müxtəlif həcmli uşaqpulu verilir, amma ildə milyardlarla dollar neft gəlirinə malik olan ölkə bunu etmir.  

Azərbaycan daha sürətli şəkildə bu mərhələləri ötməlidir və 1-18 yaş arası uşaqların hamısına pul verilməlidir. Bu təkcə yardım deyil, həm də mənəvi məsələdir. Vətən qarşısında borc deyirlər, nəzərə almaq lazımdır ki, borc hər hansı addımlarla formalaşır. Uşaq həddi-buluğa çatana qədər Vətən ona nə isə verməlidir ki, 18 yaşında həmin uşaq desin ki, mən vətənə borcluyam”.

İqtisadçının sözlərinə görə, uşaqpulu 1-18 yaş arası hər kəsə şamil edilməlidir:

“Mənim yanaşmam ondan ibarətdir ki, uşaqpulu hər kəsə verilməlidir. Mən məsələnin mənəvi tərəfinə daha çox üstünlük verirəm və hesab edirəm ki, nazirin oğlu da, fəhlənin oğlu da əsgər getməlidir. Hökumət hər iki zümrədən olan uşağı özünə borclu etmək üçün onların iksinə də uşaqpulu verməlidir. 

Amma ilkin mərhələdə mümkündür ki, ailənin gəlirləri nəzərə alınsın. Ailənin gəlirlərinin nəzərə alınması isə bir az şübhə doğurur, çünki Azərbaycanda “kölgə iqtisadiyyatı” geniş yayılıb. Ona görə də ailənin gəlirlərini müəyyən etmək çox çətin məsələdir”.   

Həmçinin oxuyun

Sabahın hava proqnozu açıqlanıb

Fevralın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi …