Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə bağçada uşaqlara qarşı edilən şiddətə münasibət bildirərkən deyib.

“Hiss olunur ki, bağçada uşaqlara qarşı şiddət tətbiq olunur. Yəni, onları vurma, təhqir etmə, divara dirəmə kimi hallarla rastlaşırıq. Görünür ki, bağçada nizam-intizam qaydasında deyil. Belə tərbiyəçi qadınlara bağçada yer verilməməlidir. İnsanlar övladını onlara əmanət edirsə və buna görə pul ödəyirsə, həmin şəxslər körpələrə qarşı şiddətli hərəkətlər göstərməkdə haqlı deyillər. Əslində bu, ciddi qanun pozuntusudur.

Hesab edirəm ki, görüntülərə görə hüquq-mühafizə orqanları da hərəkətə keçməlidir. Təkcə bu bağça yox, bütün bağçalarda görüntüləri tələb edə, araşdırma apara bilərlər. Bağçaların tabe olduğu qurumlar öz sözünü deməlidir. İnanıram ki, deyəcəklər. Çünki bu görüntülərin yayılmasından sonra rəsmi dövlət qurumları mövzuya biganə qala bilməzlər. Bundan əlavə, sabah Milli Məclisdə iclasdır. Gözləyəcəm, günün ikinci yarısınadək rəsmi olaraq bu məsələyə münasibət bildirməsələr, parlamentin plenar iclasında mövzu barədə müzakirə açacağam”.

Bu arada qeyd edək ki, İqtisadiyyat Nazirliyi də məsələyə qarışıb. Qurumdan “Qafqazinfo”ya bildirilib ki, hazırda özəl bağçaya lisenziyanın nə vaxt və necə verilməsi ilə bağlı araşdırmalara başlanılıb.