Ana səhifə / Sosial / Uşaqları intihara sövq edən nədir, internet yoxsa valideyn ilgisizliyi?

Uşaqları intihara sövq edən nədir, internet yoxsa valideyn ilgisizliyi?

Son zamanlarda uşaq intiharlarının sayı artıb. Bu intiharların səbəbi isə bəzən bilinmir. Valideynlər uşaqları ilə heç bir problem yaşamadıqlarını deyir. Maraqlıdır, heç bir problem olmadığı halda az yaşlıları həyatla vidalaşmağa sövq edən nədir?

Ekspertlər əslində bir yox, bir neçə səbəbin olduğunu bildirirlər. Danılmaz faktdır ki, bu gün kompüter və sosial şəbəkələrin həyatımızın mərkəzində olması müxtəlif məqsədli oyunların və oyunçuların artmasına gətirib çıxarıb. Azyaşlıların intiharına gətirib çıxaran bu cür səbəblərdən biri də “Mavi balina” adlı oyundur.

Qeyd edək ki, oyunu rusiyalı proqramçı Filip Budeykin və qrupu hazırlayıb. Oyuna qeydiyyat zamanı istifadəçilərdən şəxsi və ailələri ilə bağlı məlumatlar soruşulur. Oyun ümumilikdə 50 günü əhatə edir və hər gün oyunçulara müxtəlif təhlükəli və qorxunc tapşırıqlar verilir. Bunların arasında ailədən uzaqda qalmaq, qollarını, əl-ayaqlarını kəsmək, özlərinə müxtəlif işgəncələr yolu ilə zərər yetirmək və bunu sübuta etmək üçün fotolarını çəkmək və s. vardır.

Картинки по запросу голубая балина

Bütün bu tapşırıqları “uğurla” yerinə yetirən oyunçular 50-ci günün sonunda “balina” olmağa haqq qazanır. Balina məntiqi ilə hərəkət edənlərdən sonda intihar etmək tələb edilir. Təbii ki, bunu birbaşa demirlər. Yəni son tapşırıq kimi hündür bir yerdən özünü aşağı atmaq və ya asmaq tapşırılır. Oyunun hər mərhələsi tamamlandıqda, iştirakçıları yüksək səviyyədə təbrik edir, onları növbəti mərhələyə hazırlayırlar. Son səviyyə üçün isə xüsusi motivasiya verilir. İntihar mərhələsindən imtina edənlər isə ailələrinə zərər yetirmə, öldürmə ilə şantaj edilir. Bunu ailəsinə deyə bilməyən və onlara zərər gəlməsini istəməyən şəxs də məcbur qalıb intihara cəhd edir.

Məhz buna görə də mütəxəssislər valideynləri daha diqqətli olmağa çağırır, uşaqlarında hər hansısa bir dəyişiklik hiss edərlərsə, dərhal psixoloqa müraciət etməyi və ya övladları ilə daha yaxından ilgilənməyi tövsiyyə edirlər.

Psixoloq Vəfa Rəşidova uşaq intiharlarının bilinməyən bir çox səbəblərdən doğduğunu deyib: “Uşaqların intihar səbəblərindən biri də internet asılılığıdır. Elə internet oyunları var ki, onlar uşaqları intihara sürükləyir. Təbii ki, bütün oyunları buraya şamil etmək olmaz.

Uşaq internet asılılığına o vaxt çevrilir ki, onun çoxlu problemləri olur. Ailə daxili problemlər, evdə şiddət, aşağılanmaq, uşağın yaşının az olmasına baxmayaraq ondan tələb olunanların çox olması uşaqda psixoloji sarsıntılar və problemlər yaradır. Oyun uşağı birbaşa intihara sövq etmir, uşaq problemlərə görə oyun oynamağa, internetdən asılı olmağa başlayır. Bunun da nəticəsində intihar baş verir. Onsuzda uşağın internetdən bu qədər asılı olması nəticə etibarı ilə mütləq hansısa problem yaradacaq. Çünki bir azyaşlı dayanmadan oyun oynayırsa, bu valideyn üçün bir SOS siqnalı olmalıdır. Bəzən valideynlər düşünmürlər ki, mənim uşağım niyə internetdə saatlarla oturur, əksinə deyirlər ki, yaxşıdır ki, sakit evdə oturur. Artıq fikirləşmirlər ki, bu uşaq internet qarşısında sakit oturmayıb, özünə qapanıb.

Картинки по запросу çocuk internet

Ümumiyyətlə insan internetdən, sosial şəbəkədən çox istifadə edirsə, o bunu boşluqdan, məşğuliyyətsizlikdən etmir. O, gərgindir deyə internetin qarşısında bu qədər oturur. Mən dəhşətə gəlirəm ki, valideyn necə olur ki, bundan narahat olmur, gedib uşaqla maraqlanmır. Elə ailələr var ki, onlar övladları ilə həftələrlə, aylarla maraqlanmır ki, bu gün məktəbdə günün necə keçdi, dostların kimlərdir və s.

Valideyn uşaqla maraqlanmadığı üçün uşaq da avtomatik olaraq birtərəfli ünsiyyətə keçir. Bununla da uşaqda özünə qapanma, sonra isə daha ciddi problemlər yaranır. Vaideyn bir gün ayılır ki, mən uşağımla ünsiyyət qurmamışam. Daha sonra bunu etməyə çalışanda yeniyetmə uşaq valideyni özünə yaxın buraxmır. Çünki daxildən o uşaq valideyndən uzaqlaşıb, qəlbi sınıb. Mən hər zaman demişəm uşaqlar daha həssasdır, hər şeyi daha yaxşı görürlər, nəinki böyüklər. Uşaq valideynlərinə qarşı qırıldığını bildirəndə isə valideynlər uşağa “böyümüsən, artıq bizi bəyənmirsən, oturursan internetdə” kimi psixoloji basqı edirlər. Nəticə etibarı ilə də yeniyetmə uşaq stresə davamiyyətsiz olduğuna görə bir müddət bu söz söhbətə dözür, artıq bu mənəvi şiddətə çevrilir”.

Psixoloq ailədə sevgi, qayğı hiss edən uşağın nə “mavi balina”, nə də ki başqa oyunlar oynamayacağını, buna meyilli olmayacağını bildirdi: “Uşaq intihar edəndə valideyn deyir, biz uşağa heç nə etməmişik. Əslində isə ona biganə yanaşmaqla çox şey etmiş olurlar. Amma bunun fərqinə varmırlar. Uşaqlar hər zaman nələrisə bölüşmək istəyir. Ətrafında bölüşmək üçün adam görməyəndə isə intihara əl atırlar. Əlbəttə ki, bu çıxış yolu deyil və yalnış fikirdir. İlk növbədə insan problemi özündə, ailəsinin içində, yalnışlarında görməlidir. Valideynlər də diqqətli olsun ki, sabah uşaqları onları intiharları ilə cəzalandırmasın”. (Musavat.com)

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …