Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Uşaqlar arasında psixi pozuntuların artmasının ilginc səbəbi

Uşaqlar arasında psixi pozuntuların artmasının ilginc səbəbi

Uşaqlar arasında psixi pozuntular və davranış pozuntuları artıb. Azərbaycan Tibb Universitetinin rektoru, professor, psixiatr Gəray Gəraybəyli bildirib ki, 2017-ci ildə 2.889, 2016-cı ildə 2.187, 2015-ci ildə 1.739 uşaqda psixi pozuntular və davranış pozuntuları qeydə alınıb. Baş psixiatr deyib ki, bu gün uşaqlar arasında psixi və davranış pozuntularının artımı hiperinformasiya axını, yəni informasiya bolluğu ilə əlaqəlidir.
Onun sözlərinə görə, uşaqlar arasında psixi və davranış pozuntularının yaranmasına səbəb olan bir çox faktorlar var. Lakin onların arasında hiperinformasiyanı, informasiya çoxluğu faktorunu ilkin səbəb hesab etmək olar:”Bu gün 5-ci sinfin riyaziyyat proqramı mənim oxuduğum dövrün proqramından tam fərqlidir. Bu, təbiidir. Çünki bu gün 21-ci əsrdir, tədris sistemi inkişaf edib. Lakin uşaqlar arasında psixi və davranış pozuntularının yaranmasına səbəb olan ən əsas amil hiperinformasiya axınıdır. Hiperinformasiyaya internet oyunları da aiddir”. 
İnternet oyunlarının psixikaya olan mənfi təsirindən Sputnik Azərbaycan-a danışan G.Gəraybəyli qeyd edib ki, kortəbii, saatlarla kompüter oyunları ilə məşğul olmaq psixikaya bilavasitə mənfi təsir edir.
Qeyd edək ki, internet oyunlarının uşaq psixikasına mənfi təsiri barədə dəfələrlə həyəcan təbili çalınsa da, uşaqları internet oyunlarına aludəçilik kimi zərərli vərdişdən ayırmaq mümkün olmur.
Səhiyyə Nazirliyinin baş uşaq nevropotoloqu, ATU-nun II sinir xəstəlikləri və tibbi genetika kafedrasının dosenti Ramin Rzayev internet oyunlarından asılılığın uşaqlarda bir sıra nevroloji pozuntulara yol açdığını söyləyir. Həmsöhbətimiz deyir ki, istənilən internet oyunu uşaqlarda sinir sistemi oyanıqlılığına səbəb olur. Bu isə yuxu pozğunluğuna gətirib çıxardır. Baş uşaq nevropatoloqu deyir ki, azyaşlı uşaqların kompüterə, telefona internet oyunlarını oynamaq üçün meyillənməsi asılılıq yaradır:
“Valideynlər bilməlidirlər ki, uşaqların kompüterə, smartfonlara yüklənmiş, internet vasitəsilə baxdıqları oyunlar onların sinir sistemini oyadır. Uşaqlarda bu gözlərini tez-tez yumma, beyində dəyişikliklərə səbəb olur. Oyunlarda tez-tez dəyişən rəngləri uşaqların beyni qəbul edə bilmir. Nəticədə sinir sistemi oyanır. Bu uşaqda yuxu pozğunluğu, əsəbi vəziyyət yaradır”.Baş nevropatoloq bildirir ki, internet oyunlarının mütləq əksəriyyəti onların yaş senzinə uyğun deyil: “Bəzi oyunlarda zorakılıq açıq-aşkar təbliğ edilir. Həmin oyunlarda öz bacarığını nümayiş etdirə bilməyən uşağın sinir sistemi gərginlikdə qalır”.
R.Rzayev deyir ki, uşaqları kompüterdən uzaq tutmağa, o cür oyunları oynamağa alışdırmaq düzgün deyil: “Çox təəssüf ki, uşaqlar bəzən kiçik yaşlarından bu cür oyunlara alışırlar. Üstəlik kompüter oyunlarına son dərəcə aludəçilik uşaqlarda diqqətini cəmləşdirəcəyi vaxtı qısaldır və uşağı düşüncəsiz əməllər törətməyə təhrik edir”.
R.Rzayev kompüter və smartfonlar vasitəsilə oynanılan oyunların uşaqlarda görmə zəifliyi də yaratdığını bildirir. Onun sözlərinə görə, uşaqlarda kompüter oyunlarından asılılıq oturaq həyat tərzinə, nəticədə artıq cəkinin yaranmasına və osteoxondroza səbəb olur”.
Xatırladaq ki, G.Gəraybəyli uşaqlarda internet oyunlarından asılılığın özünəqapanma, sosial əlaqələrin pozulması, autistik təfəkkürə meyllilik, əhval-ruhiyyənin qeyri-sabit olması, tez özündənçıxma, əsəbi gərginlik, yuxu pozuntusuna səbəb olduğunu bildirib. G.Gəraybəyli hesab edir ki, fiziki aktivliyin artırılması, idman etmək, açıq havada gəzmək, düzgün qidalanmaq bu problemləri bir qədər nizamlaya bilər:
“İnformasiya texnologiyaları sahəsi üzrə məşğul olanlar mənim bu fikrimdən narazıdırlar. Ancaq mən belə hesab edirəm ki, uşaqlar üçün olan kompüter oyunları müəyyən mənada nizamlanmalıdır. Kortəbii, saatlarla kompüter oyunları ilə məşğul olmaq psixikaya, xüsusilə uşaqların psixikasına bilavasitə mənfi təsir edir. İnsan canlı ünsiyyətdən aralanır”.
Qeyd edək ki, kompüter oyunlarının uşaqların psixologiyasına mənfi təsir etdiyini, zehni yorğunluğa səbəb olmaqla yanaşı uşaqlar arasında aqressiyanı artırdığını alimlər də sübut edib. Dünyanın hər yerində psixiatrlar və psixoloqlar, eləcə də nevropatoloqlar uşaqları internet oyunlarından uzaq tutmağa səsləsə də, əks vəziyyət müşahidə olunur. Bu isə, şübhəsiz ki, gələcəyimiz olan uşaqlar arasında davranış pozğunluğu, psixi pozğunluq, diqqətsizlik kimi problemlərin meydana çıxmasını sürətləndirir.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …