Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Sosial / Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılır? – ŞƏRH

Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılır? – ŞƏRH

“”Məktəbəqədər təhsil haqqında” qanun layihəsi məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin təşkili, tənzimlənməsi, idarə olunması və digər məsələləri əhatə edir. Qanunda məktəbəqədər təhsil müəssisələrinin hansı icra hakimiyyətinə tabe olması məsələsi yer almayıb”
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Ombudsman Elmira Süleymanovanın məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə qaytarılması ilə bağlı təklifini AzVision.az-a şərh edərkən deyib.

Komitə sədri bildirib ki, bu, təkcə bizdə belə deyil, dünyanın başqa ölkələrində də icra sistemi ilə bağlı məsələlər qanun layihəsində öz əksini tapmır.

“Bu, ölkə başçısının səlahiyyətində olan məsələdir. Məktəqədər təhsil müəssisələrinin yerli icra hakimiyyəti orqanları tərəfindən idarə olunması məqsədəuyğun sayılıb. Yerlərdə isə məktəbəqədər təhsil müəssisələri öz işlərini yerli təhsil orqanları ilə bərabər quranda, daha çox müvəffəqiyyət qazana bilirlər. Çünki bağçalarda aparılan işin böyük hissəsi tədris metodiki işlə əlaqədardır.

“Məktəbəqədər təhsil haqqında” qanunu hazırlayan Elm və təhsil komitəsinin sədri kimi təqdim olunan qanunvericiliyi müdafiə edirəm. Amma baxışım ondan ibarətdir ki, yerlərdə icra hakimiyyəti orqanları bağçaların fəaliyyətini təhsil orqanları ilə birgə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirsinlər. Harada ki, bağçaların fəaliyyəti yerli təhsil orqanları ilə əlaqəli şəkildə həyata keçirilir, onda uğurlu və müvəffəqiyyətli olur”.

İ.Həbibbəyli qeyd edib ki, ölkəmizdə nümunəvi bağçalar var və onların bir çoxunun fəaliyyəti ilə yaxından tanışdır: “Bu bağçalarda nümunəvi təhsil qurulub, Azərbaycançılıq mövqeyi qorunur. Himnimiz, Azərbaycanla bağlı şeirləri mükəmməl şəkildə öyrədirlər. Uşaqların hərtərəfli hazırlığına bağçalar kömək edir, təlim xarakterli biliklərlə yanaşı idman, musiqi öyrədilir”.

Komitə sədri vurğulayıb ki, bağça ənənəsi yeni nəslin inkişafı üçün vacib bünövrə sütunu daşıyan mühüm mərhələdir. “Ölkəmizdə bu sistem təkmilləşir və inkişaf edir. İnkişaf edən bağçalar çoxdur, lakin inkişafda olan bağçalarımız da var. Qalanları da inkişaf etməyə çalışmalıdır”.

Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkklili (Ombudsman) Elmira Süleymanova məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edir.

Həmçinin oxuyun

“SMS icazə” ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə …