Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Un ucuzlaşdı, çörəyin qiyməti isə əvvəlki kimi qaldı

Un ucuzlaşdı, çörəyin qiyməti isə əvvəlki kimi qaldı

Ölkə ərazisində satılan unun qiyməti ucuzlaşıb. Məlumata görə, unun bütün növlərinin qiymətində bir ay əvvəlki ilə müqayisədə 1 manata qədər ucuzlaşma müşahidə olunur. Bildirilir ki, çörəyin qiymətində ucuzlaşma hələlik gözlənilmir. Çünki qiymət fərqi çox azdır. Ekspertlər isə hesab edirlər ki, proseslər belə davam edərsə, qiymət azalması çörək, həmçinin digər un məmulatlarına da təsir edəcək.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, çörək və un məmulatlarının qiyməti sentyabr ayında əvvəlki aylarla müqayisədə 4,8 faiz artıb. Bu dövrdə pərakəndə satılan ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşanların sırasında un ilk yerdə olub. Un bahalaşan kimi dərhal çörəyin qiyməti də bahalaşdı, amma maraqlıdır ki, ucuzlaşma olanda da qiymət əvvəlki kimi qalır. Unun qiymətinin ucuzlaşmasına səbəb hökumətin atdığı addımlardır, yoxsa dünya bazarındakı tendensiya? Çörəyin qiyməti niyə ucuzlaşmır, ümumiyyətlə, ucuzlaşacaqmı?

Nəzərə çatdıraq ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.

Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq. Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.

Sığorta bazarını necə “diriltmək” olar? - Bu işlər görülməsə... - TƏKLİFLƏR

Eldəniz Əmirov

Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a dedi ki, Dövlət Statistika Komitəsinin unun qiymətinin ucuzlaşması ilə bağlı verdiyi məlumatla  Dövlət Gömrük Komitəsinin buğdanın qiymətinin ucuzlaşması ilə bağlı verdiyi məlumat üst-üstə düşür: “Yəni unun qiymətinin enişi təbiidir. Çünki ölkəyə idxal olunmuş buğdanın qiymətində enişlər baş verməkdədir. Belə ki, Dövlət Gömrük Komitəsinin hesabatında göstərilir ki, son doqquz ayın 3 üç ayında buğda qiymətləri enməyə başlayıb. Bu, təbii haldır. Çünki Qazaxıstan, Rusiya və o cümlədən Hindistanın ixracına məhdudiyyət tətbiq etməsindən sonra may ayında qalxan pik həddə olan qiymətlər, nəhayət, iyun ayından etibarən  tədricən enməyə başladı. BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) hesabatlarında da beynəlxalq ərzaq indekslərinin getdikcə enişi müşahidə edilir. Yalnız son ayda buğdanın qiymət indeksində 1.2 faiz bəndi artım müşahidə edilib. Bunun da Azərbaycana təsiri olmayıb. Ona görə təsiri olmayıb ki, Azərbaycan daha uzunmüddətli müqavilələr hesabına taxıl ixrac edir, yəni bir aylıq üzrə deyil. Bunun nəticəsi olaraq Azərbaycan məhz son üç ayda – iyul, avqust və sentyabr aylarında, ölkəyə idxal etdiyi taxılın həcmi bu ilin doqquz ayı ərzində idxal etdiyi taxılın həcminin 47-48 faizini təşkil edib. Az qala yarıya yaxını son üç ayda idxal edilib. Son üç ayda taxıl qiymətləri mart və may ayları arasında olan qiymətdən ucuz qiymətədir. Bu da nəticədə unun qiymətinə öz təsirini göstərib”.

İqtisadçı “nədən unun qiyməti düşdüyü halda, çörəyin qiyməti enmir” sualına belə cavab verib: “Baxın, benzinin qiyməti dünya bazarlarında qalxdığı zaman biz benzinin qiymətini qaldırırıq. Amma düşdüyü zaman aşağı salmırıq. Baxın, biz çörəyin qiymətini avqust ayında beş qəpik qaldırdıq. Amma buğdanın qiyməti nə zaman qalxmışdı? Buğdanın qiyməti artıq fevraldan başlayaraq qalxdı, fevral, mart, aprel, may, iyun, iyul, avqust. Altı ay ərzində buğdanın qiyməti qalxırdı və altı ay ərzində biz çörəyin qiymətini qaldırmadıq. Nə zaman çörəyin qiymətini qaldırdıq, altı aydan sonra. Yəni əgər unun da qiymətlərində altı ay ərzində davamlı olaraq enişlər baş verərsə və bu enmənin davamlı olacağı gözlənilərsə, o zaman biz çörəyin qiymətində enişləri müşahidə edə bilərik. Yəni benzinin qiymətində də biz eyni vəziyyəti müşahidə edirik. Bir haşiyə çıxaraq deyim. Biz o vaxt benzinin qiymətini qaldırdıq ki, neftin qiyməti qalxdı. Uzunmüddətli qalxaraq dayandıqdan sonra bizdə benzinin qiyməti qalxdı. Yəni Azərbaycanda iqtisadi sistem daha çox inzibati metodlarla tənzimləndiyi üçün qlobal bazarlarda baş verən qiymət dəyişikliklərinə, ələlxüsus da, enmələrə nisbətən gec reaksiya verir. Yəni qlobal bazarda enmələr baş verən zaman Azərbaycanda dərhal bu baş vermir”.

İqtisadçı əlavə edib ki, həm Statistika Komitəsinin, həm də Gömrük Komitəsinin verdiyi hesabatdan sonra bəzi media qurumlarında unun və çörəyin ucuzlaşacağı ilə bağlı yanlış proqnozlar verilib: “Halbuki Putin Rusiyanın, İstanbulda imzalanmış taxıl sazişindən çıxmasını elan etdiyi an biz birmənalı olaraq bəyan etdik ki, buğdanın qiymətləri qalxacaq. Biz bunun bir neçə media qurumunda təkrar edirəm ki, əksini müşahidə etdik. Amma nəticə bunu göstərdi ki, artıq dünən səhər, yəni ayın 31-i səhər Çikaqo birjalarında buğda fyuçerslərinin qiyməti artıq 6.13 faiz qalxmışdı. Yəni bir gecənin içərisində bu bəyanatdan sonra. Təbii olaraq mən hesab edirəm ki, bu artımlar hələ bir müddət davam edəcək. O vaxta qədər ki, Türkiyə və Rusiya bir razılığa gələrək taxıl dəhlizini bərpa edəcəklər. Həmin dövrə qədər buğdanın qiymətində artımlar mümkündür. Amma təkrar edirəm, bu artımlar yenə də Azərbaycan bazarına təsir etməyəcək. Ona görə ki, Azərbaycan artıq kifayət qədər buğda idxal edib. Məhz son üç ay ərzində. Azərbaycanın həm mövcud ehtiyatları, eyni zamanda buğda idxalımızın əsasən Rusiyadan həyata keçirilməsi, Rusiyanın isə ötən illə müqayisədə bu il 31 faiz daha artıq buğda istehsal etmə proqnozlarının mövcudluğu Azərbaycan üçün hər hansı bir növbəti ildə də təhdidlərin olmayacağını deməyə əsas verir. Belə ki, 76 milyon ton buğda istehsal edən Rusiya bu il artıq 100 milyon tondan artıq buğda istehsalı nəzərdə tutur. Ümumi taxıl istehsalının isə 150 milyon tonu keçməsi gözlənilir”.

Əmirov un məmulatlarının qiymətinin 4.8 faiz artması ilə bağlı məsələyə də toxunub: “Un məmulatları, ümumiyyətlə, çörək və bu qəbildən olan məmulatlar bizim qida zəncirimizin əsasını təşkil edir. İnflyasiya zamanı da ən çox bahalaşan məhz ərzaq məhsullarıdır. Ərzaq məhsulları içərisində də məhz gündəlik tələbat məhsullarıdır, onların içərisində də un və un məhsullarıdır. Düzdür, çörəyin qiyməti tənzimlənən məhsullar kateqoriyasına daxil deyil, amma yenə də yuxarı həddin müəyyənləşdirilməsi o deməkdir ki, əslində dövlət bunu tənzimləyir. Bu baxımdan çörəyin qiymətində artımlar müşahidə edilməsə də, o məmulatların qiymətində olan 4.8 faizlik artım bilavasitə inflyasiyadan qaynaqlanan məsələdir. Yəni inflyasiya bütün məhsullara təsir edir, ən çox da ərzaq məhsullarına”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …