Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Sosial / Üç maskaya 17 manat ödədim, lakin Çindən koronavirusa görə çıxmadım… – Azərbaycanlı doktorant

Üç maskaya 17 manat ödədim, lakin Çindən koronavirusa görə çıxmadım… – Azərbaycanlı doktorant

Artıq yanvarın 20-dən etibarən təhsil aldığım Çinin Şanxay şəhərində apteklərdə maska, spirt və digər tibbi ləvazimatlar bitmişdi, sonuncu dəfə böyük çətinliklə tapa bildiyim üç maska üçün 17 manat pul ödəmişdim. Maska və digər tibbi ləvazimatlara ehtiyac duyan Çindəki həmvətənlərimizə yeni qurduğumuz “Gənc Tələbələr Birliyi” vasitəsilə yardımlar etməyə çalışırıq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin siyasi elmlər üzrə doktorantı Vüsal Quliyev bildirib.

Onun sözlərinə görə, ləvazimat çatışmazlığının həllində səfirlik əməkdaşları da əllərindən gələni etməyə çalışır: “Hazırda universitetlərarası müqavilə əsasında Ankara Universitetinin Asya-Pasifik Araşdırmalar Mərkəzində bir semestrlik elmi tədqiqat işiylə məşğulam. Türkiyədən gələn dəvətə görə Şanxaydan yanvarın 30-da çıxmışam. Çindən ayrılma səbəbim koronovirusla bağlı deyildi”.

Vüsal Quliyev qeyd edib ki, Şanxay epidemiyanın yayıldığı Uxan şəhərindən 800 km məsafədə yerləşsə də bununla belə virusun sürətlə yayılmağa başladığı digər areallara, xüsusən də Zhejianq əyaləti ilə qonşu olduğuna görə yaşadığı şəhərdə də müəyyən dərəcədə təşviş yaşanırdı: “Yanvarın 20-dən 30-dək qaldığım universitetə aid yaşayış binasında hər gün iki dəfə olmaqla qeydiyyatımızı aparırdılar və ictimai yerlərə getməməyimiz tövsiyə olunurdu. Hər dəfə binaya giriş zamanı hərarətimiz ölçülürdü və nəyəsə ehtiyacımızın olub-olmadığını soruşurdular. İaşə obyektləri, hava limanı, metro və digər ictimai nəqliyyat vasitələri gündəlik iş rejimi ilə çalışmağa davam edirdi. Hava limanına girişdə də temperatur ölçülür və hər hansı dəyişiklik aşkarlansa, dərhal müşahidə otağına aparılırdı. Epidemiyanın pik həddi fevral ayının ortalarına təsadüf etdi, lakin hazırda vəziyyət nisbətən stabilləşməyə doğru gedir”.

Doktorant universitətlər və digər təhsil ocaqlarının hələki tədrisi online kurslarla davam etdirməyə çalışdığını vurğulayıb: “Şanxay və Çinin digər şəhərlərində onlarla azərbaycanlı yaşamağa davam edir və vəziyyətləri stabil olaraq qalır”.

Uxandakı azərbaycanlılara gəlincə, o, həmvətənlərimizin Türkiyə vasitəsilə Azərbaycana gətirildiklərini söyləyib.

Vüsal Quliyev azərbaycanlıların təhsil almaq üçün Çindəki ali məktəbləri seçmək istəyinə belə aydınlıq gətirib: “Çinin son illər azərbaycanlı gənclər üçün təklif etdiyi təqaüd proqramları və ölkədə olan çox saylı yüksək reytinqli universitetlər, geniş iş imkanlarına sahib nəhəng bazar tələbələrimizin Çini seçməsində əsas meyardır”.

Hazırda Ankarada olan Vüsal Quliyev virusun İran sərhədlərinə daxil olması ilə əlaqədar Türkiyədə də yavaş-yavaş narahatlıq yaşanmağa başladığını deyib: “Artıq apteklərdə maska qıtlığı və qiymət artımı müşahidə edilir. Daha öncə aldığım maskanın qiyməti artıq üç dəfədən çox bahalaşıb”.

Vüsal Quliyev İdlibdəki gərginlik fonunda Ankarada yaşadığı ərazidəki müşahidələrini də bölüşüb: “Ankarada yaşadığımız bina ilə Rusiya səfirliyi arasında 20 metr məsafə var. Suriyada Rusiya-Türkiyə qarşıdurması rəsmi Moskvanın Ankaradakı səfirliyinə hücum riskini artırır deyə ötən gündən etibarən məhəllədə barikadalar qurulmuşdu. Eləcə də əraziyə girib-çıxanların sənədləri yoxlanılırdı. Wi-fi işləmir, 4G də çox zəifdir. Şanxayda virusa görə blokadaya düşmədik, gəldik Ankarada düşdük”.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …