Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / ÜAK-ın taleyi mayın 15-də bəlli olacaq

ÜAK-ın taleyi mayın 15-də bəlli olacaq

Mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiasına da üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

APA-nın Rusiyadakı mənbələrdən əldə etdiyi məlumata görə, məhkəmənin ÜAK-ın qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar çıxaracağı gözlənilir.
Qeyd edək ki, Ədliyyə Nazirliyindən bir müddət əvvəl verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu-sənədlərdə çatışmamazlıqlar olduğu bildirilmişdi. Bəyan edilmişdi ki, Rusiya Ədliyyə Nazirliyi “İctimai Təşkilatlar haqqında” qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.
İlk məhkəmə iclası aprelin 11-də keçirilməli idi. Rusiya Ədliyyə Nazirliyinin nümayəndəsinin iştirak etməməyi əsas göstərilərək hazırlıq iclası aprelin 25-nə təyin olunmuşdu. Aprelin 25-də keçirilən məhkəmə iclasında isə Rusiya Ədliyyə Nazirliyinin nümayəndəsi ÜAK-ın təqdim etdiyi yeni sənədlərin öyrənilməsi üçün məhkəmədən vaxt istəyib. Məhkəmə xahişi nəzərə alıb və prosesin mayın 15-də davam etdirilməsi qərarı verib.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Ədliyyə Nazirliyi təmsilçisinin ÜAK-dan yeni sənədlərin daxil olduğunu söyləyib məhkəmədən vaxt istəməsi ciddi yumşalmanın olduğunu söyləmək üçün əsaslar verirdi. Belə bir ümid yaranmışdı ki, problem müsbət həll ediləcək. Məhkəmənin üçüncü dəfə təxirə salınması və Ədliyyə Nazirliyi təmsilçisinin xahişi bundan xəbər verirdi: “Bu, həm Rusiya məhkəməsinin, Rusiyanın özünün simasını qorumaq üçün, həm də Azərbaycanla münasibətlərə xələl gəlməməsi üçün edilir. Burada həm də Azərbaycanı ÜAK məsələsində daha çox minnətçi olmağa vadar etmək istəyi özünü göstərir. Azərbaycan tərəfi siyasi rəhbərlik səviyyəsində ciddi surətdə bu problemin müsbət həllinə can atır və bunun üçün Rusiya siyasi rəhbərliyi ilə danışıqlar aparıldığı da şübhə doğurmur. Azərbaycanın müvafiq dövlət, hökumət strukturları hərəkətə keçərək addımlar atdılar. Azərbaycanın həm rəsmi qurumları, həm diaspora qurumları, həm ayrı-ayrı nüfuzlu azərbaycanlılar Rusiyaya müraciətlər etdilər və məsələnin müsbət həlli üçün Rusiyadan addım gözlədiklərini bildirdilər. Artıq bəllidir ki, ÜAK məsələsi ilə bağlı prosesə dövlət vəzifəsi daşımayan, lakin ciddi nüfuza malik ictimai xadimlər, iş adamları da qoşulub. Bundan sonra Ədliyyə Nazirliyinin təmsilçisinin “ÜAK-dan yeni sənədlər daxil olub” deməsi bu qənaəti yaradırdı ki, sənədlərdə olan çatışmamazlıqlar aradan qaldırılıb. Lakin məhkəmə iclasına 3 gün qalmış ÜAK-ın qeydiyyatının ləğv ediləcəyi barədə xəbərlərin yayılması yaxşı əlamət deyil”.

Bununla belə, politoloq hələ tam ümidsizliyə də qapılmamağı tövsiyə etdi. Onun fikrincə, mayın 15-də bu məsələyə müsbət nöqtə qoyulacağı və ÜAK fəaliyyətini davam etdirəcəyi imkanları tükənməyib.

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb. Azərbaycanlıların Rusiyada böyük diaspora təşkilatlarından sayılır.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın