Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Türkiyənin baş nazirinin Bakı səfərindən gözləntilər

Türkiyənin baş nazirinin Bakı səfərindən gözləntilər

Türkiyənin baş naziri Əhməd Davudoğlu dekabrın 3-də günorta saatlarında Bakıya gələcək. Türkiyə hökumətinin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakı səfərindən az sonra baş nazirin gəlişi bu səfərə diqqəti bir qədər də artırır. 
Əhməd Davudoğlunun səfərindən nələrin gözləndiyi ilə bağlı sualımıza cavabında politoloq Qabil Hüseynli öncə bildirdi ki, Türkiyədə 1 noyabr parlament seçkilərindən sonra yeni hökumət formalaşıb və ənənəvi olaraq Türkiyə hökumətinin ilk xarici səfəri qardaş Azərbaycana edilir. Xarici işlər naziri Mövlud Çavuşoğlunun səfəri, dekabrın 3-nə nəzərdə tutulan Əhməd Davudoğlunun səfəri həm bu baxımdan, həm də regionda son vaxtlar cərəyan edən sürətli proseslər baxımından dəyərləndirilməlidir. Şübhəsiz ki, bu səfərləri zəruri edən çox ciddi geosiyasi, iqtisadi, strateji amillər də var: “Rusiya-Türkiyə münasibətləri kəskinləşməkdədir. Türkiyə diplomatiyası çox fəal işləyir və bu diplomatiya Rusiya ilə münasibətlərin kəskinləşməsinin qarşısını almaq üçün müxtəlif yollar axtarır. Türkiyədə belə hesab edirlər ki, Azərbaycan Rusiya Türkiyə münasibətlərindəki gərginliyin səngiməsində müəyyən rol oynaya, barışdırıcı missiyanı həyata keçirə bilər. Bu nöqteyi-nəzərdən Əhməd Davudoğlunun Azərbaycana səfərində bu məsələlər hər halda müzakirə ediləcək. Azərbaycanın nə edə biləcəyini yəqin ki, müzakirə edəcəklər. Bu səfərin həm də bir nəbzyoxlama məqamı da var. O da ondan ibarətdir ki, Azərbaycan Dağlıq Qarabağ problemini həll eləmək üçün Rusiya ilə münasibətlərin yüksək inkişafına nail olub. Azərbaycan üçün indi çox kritik məqam yetişib. “Aşağı baxırsan saqqal, yuxarı baxırsan bığdır” deyimini bura tətbiq etsək hər iki dövlət Azərbaycana yaxın və dost ölkədir. Düzdür, Türkiyəyə münasibətdə özəl münasibətlərimiz var. Ona görə də Türkiyə hər halda özü üçün bir daha yəqinlik hasil eləmək istəyir ki, Azərbaycan Rusiya ilə kəskinləşən münasibətlərdə hansı rolu oynaya, hansı mövqeni tuta bilər. Türkiyə Azərbaycandan yəqin ki, həm dəstək istəyəcək, həm də Azərbaycanla qənaətlərini möhkəmlətmək istəyəcək”.
Politoloqun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ probleminin həlli istiqamətində həm beynəlxalq diplomatiyada öz səylərini bir daha Azərbaycana çatdıracaq, həm də Ermənistanla sərhədi açmamaqla bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu vurğulayacaq. Əgər Azərbaycan Dağlıq Qarabağda anti-terror əməliyyatlarına başlayarsa və Türkiyəni dəvət edərsə Türkiyənin öz köməyini əsirgəməyəcəyini yəqin ki, Əhməd Davudoğlu Azərbaycanın diqqətinə çatdıracaq: “İkili münasibətlərin bir çox sahələri Davudoğlunun səfərində geniş müzakirə ediləcək. İqtisadi, ticarət, nəqliyyat, tranzit kimi bir çox məsələlərlə bağlı da müzakirələrin gedəcəyi, razılaşmaların olacağı gözləniləndir.
Bir sözlə, Davudoğlunun səfərində Türkiyə ilə Azərbaycan arasında ümumi strategiya formalaşdırılacaq. Bu gün Azərbaycan Türkiyə üçün çox vacib bir ölkədir”.
Onu da qeyd edək ki, Əhməd Davudoğlunun səfəri öncəsi Azərbaycan hökuməti Türkiyəyə daha bir jest edib. Belə ki, Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar, Prezident İlham Əliyevin müvafiq göstərişlərini rəhbər tutaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq edir. Bu barədə məlumat “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin saytında yerləşdirilib.
Yeni tarif sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Aktau və ya Aktau-Bakı) daşınması üçün 1,200 ABŞ dolları məbləğində müəyyənləşdirilir. Geri dönüş üçün bilet öncədən alındığı halda, bu tarif hər iki istiqamətə bir qədər də aşağı, cəmi 2,100 ABŞ dolları təşkil edəcək.
QSC bildirir ki, Bakı-Aktau və Aktau-Bakı istiqamətlərində daşımalar Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanından aparılır.
Əhməd Davudoğlunun səfərin ilk günü Prezident İlham Əliyevlə, baş nazir Artur Rasi-zadə ilə görüşləri nəzərdə tutulub. Səfər dekabrın 4-də başa çatacaq. Musavat.com

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın