Ana səhifə / Sosial / Türkiyədə nə baş verir? – ŞƏRH

Türkiyədə nə baş verir? – ŞƏRH

Türkiyədə Xalqların Demokratik Partiyasından olan deputatlara qarşı əməliyyatlar davam edir. Məhkəmənin qərarı HDP-nin həmsədri Səlahəddin Dəmirtaş, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Figən Yüksəkdağ daxil olmaqla 8 millət vəkili həbs olunub. Onlar PKK-ya silah və maliyyə yardımı göstərilməkdə ittiham edilirlər.

HDP-dən seçilən millət vəkillərinin həbsindən danışan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu onları PKK terror təşkilatına silah və maliyyə yardımı etməkdə ittiham edib: “HDP-ni təmsil edən bələdiyyə sədrləri dövlət büdcəsindən ayrılan pulları PKK-ya verir. Əhaliyə xidmət üçün nəzərdə tutulan və alınan texnikadan PKK-nın bomba yerləşdirməsi, mina basdırması, xəndək qazması üçün istifadə edilir”.

Türkiyədəki prosesləri şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, indiyə qədər HDP-li deputatların heç biri “PKK yanlış edir”, “biz terrora qarşıyıq” və ya “günahsız insanları öldürmək doğru deyil” kimi ifadələr səsləndirməyib: “Onlar terrorçuları “gerilla” və ya “savaşçı” adlandırırlar. HDP PKK ilə arasında məsafə qoymadı. Belə vəziyyətdə Türkiyə dövləti nə etməlidir? Bölgədə gərgin vəziyyət yaranıb. Türkiyə müxtəlif istiqamətlərdən təhlükələrlə üz-üzədir, PKK, YPG, PYD, İŞİD-lə mübarizə aparır. Türkiyə terrorçularla bu mübarizəni apararkən, ölkəni daxildən qarışdırmaq istəyən “5-ci kolonun” fəaliyyətinə seyrçmi qalmalıdır?”

Politoloq hesab edir ki, Türkiyədə yaşayan kürdlər səslərini çıxartmalıdırlar, onlar kiminlə olmaq istəyirlər: terrorçuların siyasi qanadı kimi çıxış edən partiyanımı Böyük Millət Məclisində görmək istəyirlər, yoxsa fərqli bir partiya yaradıb, öz haqlarının daha məqbul yolla artırılmalarına çalışmalıdırlar: “Türkiyə bu gün hakimiyyətdə AKP yox CHP olsa belə radikal kürdlərin əməllərinə seyrçi qalmayacaq. Əslində radikal kürdlər şansı qaçırdılar. AKP hakimiyyətə gəldiyi ilk illərdə kürdlərin xeyli haqlarını tanıdı, “barış sürəci” deyilən siyasət həyata keçirildi. Ancaq sonrakı mərhələdə aydın oldu ki, radikal kürdlərə problemlərin həlli yox, Türkiyə ərazisində “kürd dövləti” yaratmaq lazım imiş. Ankaraya aydın oldu ki, partlayışlar törədənlərlə və insanları qətlə yetirənlərlə diskussiya aparmağın xeyri yoxdur, onları yalnız neytrallaşdırmaq lazımdır, necə ki, indi bu prosesi müşahidə edirik”.

Son vaxtlar mürəkkəb durumun yarandığını qeyd edən politoloq Fikrət Sadıqov hesab edir ki, Türkiyə stabil dövlət olmağı hədəfləyirsə, belə ünsürlərdən təmizlənməlidir: “Aydındır ki, HDP PKK-nın siyasi qanadıdır. Bu partiyadan olan milllət vəkilləri PKK-yə nəinki mənəvi, hətta siyasi və maddi dəstək verir. Hesab edirəm ki, rəsmi Ankara və türk xalqı stabil bir vəziyyətdə yaşamaq istəyirsə, xalqa qarşı olan bütün ünsürləri aradan götürməlidir”.

F.Sadıqov qeyd edib ki, baş verənlərdən sonra PKK Türkiyəni qana bulamağa cəhd edəcək: “Artıq bunun ilkin əlamətləri var. Ona görə də PKK sakit dayanmayacaq və ölkə ərazisində terror aktları törətməyə cəhdlər edəcək. Eyni zamanda Türkiyənin müstəqil siyasət yürütməsinə qarşı olan beynəlxalq güclərin baş verənlərə səssiz qalmayacağını düşünürəm. Təəsüflər olsun ki, belə mürəkkəb vəziyyət uzun müddət davam edəcək”.(azvision.az)

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın