Ana səhifə / Sosial / Türkiyədəki referendum nəticələrinə Azərbaycandan ilkin reaksiyalar

Türkiyədəki referendum nəticələrinə Azərbaycandan ilkin reaksiyalar

Türkiyədə tarixi referendum çoxları üçün gözlənilməz nəticələri ortaya çıxartdı. Son anda yayılan rəsmi məlumata görə, səslərin 99,9 faizi sayılıb. Nəticələr isə olduqca ilgincdir. Belə ki, seçicilərin 51,23 faizi konstitusiya dəyişikliklərinə “Evet”, 48,77 faizi isə “Hayır” deyib. Ancaq hələ ki, ortada 500 min bülletenin möhürsüz olması iddiaları da var. Hesab olunur ki, araşdırmaların sonrakı gedişində sürpriz qərarlar verilə bilər. Ancaq Türkiyənin əksər siyasi şərhçiləri ölkədə demokratik seçki ənənəsinin olmasını əsas gətirib nəticəyə şübhə ilə yanaşılmasını doğru saymırlar. Son məlumata görə, Türkiyə Cümhuriyyəti prezidenti Rəcəb Tayyib Ərdoğanın az sonra nəticələrlə bağlı balkon çıxışı olacaq.

Qardaş ölkədəki referendumu diqqətlə izləyən Azərbaycanda da nəticələrlə bağlı fərqli reaksiyalar var.

“Bəlkə də çoxlarına qəribə gələcək, amma mən bu nəticəni gözləyirdim. Konkretləşdirsək, Rəcəb Tayyib Ərdoğanın əzici bir üstünlüklə referendumda səs toplayacağını güman etmirdim. Təxminən mənim ümidlərim özünü doğrultdu”.

 

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq Qabil Hüseynli Musavat.com-a Türkiyədəki referendum nəticələrini şərh edərkən deyib. Onun sözlərinə görə, referendumun rəsmi nəticələri hakim partiyanın qalib gəldiyi anlamını vermir: “İstanbul, Ankara, Antalya, İzmir, Diyarbəkir, Əskişəhr və Ərzurumda məğlubiyyətə uğrayan referendum tərəfdarları zənnimcə, cüzi səslə udsalar da, mən bunu inamlı qələbə saymıram. Çünki bu işi hakimiyyətdə olan bir partiya aparıb. Onun əlində inzibati resurslar, ordu, polis, nəhayət, son illərdə özünə xeyli yaxın buraxdığı dini kəsim var. Üstəlik, seçkiqabağı təbliğat və təşviqat kampaniyasında istər yazılı, istər elektron KİV-də AKP tərəfdarları üçün yaradılan üstün şərait var. Bütün bunların hamısı küll halında AKP və onun müttəfiqi olan MHP-nin inamlı qələbəsinə gətirib çıxartmalı idi. Amma bunlar baş vermədi”.

Q.Hüseynlinin fikrincə, 51 faiz səslə konstitusiyanın dəyişdirilməsinin demokratik dəyərlər və insan haqları baxımından Türkiyənin əhval-ruhiyyəsini nə dərəcədə əks etdirəcəyini zaman göstərəcək: “Amma ümumilikdə bu nəticə demokratiya təntənəsi deyil, inzibati resurslar və digər əl altında olan bəzi imkanlar hesabına, güclə referendum udulubsa, bunu demokratik qələbə adlandırmaq çox çətindir. Mən bu şərtlər daxilində Türkiyənin gələcəyi ilə bağlı nikbin proqnoz verməkdə çətinlik çəkirəm”.

“Türkiyədəki referendum nəticələri qardaş ölkənin qütbləşdiyini göstərdi, çünki nəticələr faktiki yarı-yarıyadır, prezident üsul-idarəsinin tətbiqinə üstünlük verənlərin üstünlüyü cüzidir”.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Bunu isə “Musavat.com”a politoloq Elxan Şahinoğlu deyib. Ekspert böyük şəhərlərin ümumiyyətlə, prezident üsul-idarəsinin əleyhinə çıxdığına diqqət çəkib: “Məncə, bu nəticə hakim Ədalət və İnkişaf Partiyası və prezident Rəcəb Təyyub Ərdoğan üçün sürpriz oldu. Ərdoğan daha böyük uğura ümidli idi. Çünki birincisi, administrativ resurs “evet”e işləyir, Milliyyətçi Hərəkat Partiyası onu dəstəkləyir, üstəgəl meydanları yüzminlərlə insan doldururdu. Bunun qarşılığında “hayır” cəbhəsi yalnız Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun ətrafında toplanmışdı. O, böyük “evet” cəbhəsinə qarşı meydanlarda təkbaşına mübarizə aparırdı, mitinqlərinə də çox adam toplaya bilmirdi, daha çox qapalı zallarda çıxışlara üstünlük verirdi. Buna rəğmən, Kamal Kılıçdaroğlunu təbrik etmək lazımdır, boyundan hündürə tullana bildi. Buna baxmayaraq, cüzi fərqlə də olsa, qələbə Ərdoğanındır. Doğrudur, qütbləşmə var, ancaq bir neçə aydan sonra kimsə bu nəticələri müzakirə etməyəcək. Hamının yadında o qalacaq ki, Ərdoğan qələbə çaldı və prezidentin səlahiyyətləri artdı”.

Referendumun Türkiyənin taleyi baxımından nələr vəd etdiyinə gəldikdə, E.Şahinoğlunun sözlərinə görə, bu gün heç kim prezidentlik sisteminin uğurlu və ya uğursuz olacağını proqnozlaşdıra bilməz: “Bu sistemin necə işləyəcəyini, Türkiyəni irəliyə və ya geriyə aparacağını yaxın illər göstərəcək. Bizə gəldikdə, qardaş ölkə üçün xeyirlı-uğurlu demək qalır. Bu bizim referendumumuz deyildi. Şəxsən mən parlamentarizmə üstünlük verirəm. Ancaq çoxluğun qərarına da hörmətlə yanaşmaq lazımdır. Türkiyə bundan sonra da Azərbaycanın strateji müttəfiqi olaraq qalacaq, bizim üçün əsas budur”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın