Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Türkiyə-Rusiya barışığı Cənubi Qafqazın xeyrinədir – TƏHLİL

Türkiyə-Rusiya barışığı Cənubi Qafqazın xeyrinədir – TƏHLİL

Türkiyənin keçmiş xarici işlər və baş naziri Əhməd Davudoğlu “qonşularla sıfır problem” nəzəriyyəsinin banisi olsa da, reallıqda bu nəzəriyyəni həyata keçirə bilmədi, tam əksinə Ankranın bir çox ölkə ilə münasibətləri obyektiv və subyektiv səbəblərdən gərginləşdi.
Suriya ilə münasibətlərin gərginləşməsində obyektiv səbəblər çoxluq təşkil edirdi. Çünki Bəşər Əsəd rejimi ölkədə vətəndaşların narazlığını silah gücünə yatırtmaq istədi, nəticədə yüzminlərlə insan qətlə yetirildi və Suriyada müxtəlif terrorçi təşkilatlar üçün meydan açıldı. Buna baxmayaraq, Ankaranın Misir və İsraillə münasibətlərini gərginləşdirməsi daha çox subyektiv səbəblərlə əlaqəli idi. Ankara Misirdə “Müsəlman Qardaşları”nın hakimiyyətdən uzaqlaşdırılmasına qarşı sərt bəyanatlar verərək prezident seçilən general Sisi ilə münasibətlər qurmadı. Ankara bundan əvvəl isə İsrail hakimiyyətini Qəzza bölgəsindəki bombardmanlara görə tənqid edirdi. Türkiyə prezidenti və keçmiş baş naziri Rəcəb Təyyub Ərdoğan Davos İqtisadi Forumunda İsrail prezidenti Şimon Peresi sərt tənqid etdi və bununla da münasibətlərdə soyuluq yarandı. Üstündən bir müddət keçdikdən sonra İsrail hərbçiləri Qəzza bölgəsinə humanitar yardım daşıyan “Mavi Mərmərə” gəmisidən hücum etdilər və bu hücum mülki insanların həlak olmasıyla nəticələndi. Bununla da iki dövlət arasında münasibətlər gərginləşdi. Halbuki, bu hadisələrə qədər iki dövlət strateji tərəfdaş idilər, hətta birgə hərbi təlimlər də keçirirdilər. Türkiyə və İsrail rəsmilərinin yanlış açıqlama və addımları dünənki tərəfdaşları düşmənə çevirdi.
Münasibətlərin soyumasının Türkiyə-İsrail münasibətlərinin zərərinə olduğunu hər iki dövlətin rəsmiləri tez anladılar və diplomatik danışıqlar başladı. Üstündən illər keçdikdən sonra iki dövlət münasibətlərin normallaşdırmağa imkan verən sənədə imza atdılar. Bu sənəd hər iki dövlətin xeyrinədir. İsrail dövləti ölən Türkiyə vətəndaşlarının ailələrinə təzminat ödəyəcək, Türkiyədən Qəzzaya yardımlar aparılmasına şərait yaradacaq, Türkiyə bu bölgəyə su və elektrik xətləri çəkəcək. Bunun qarşılığında da İsrail istismara başladığı qazı Türkiyə üzərindən Avropa bazarlarına daşımaq imkanı qazanacaq.
Türkiyə-İsrail münasibətlərini normallaşdıran sənədin imzalanmasıyla eyni gündə Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə üzrxahlıq məktubu yazması təsadüfi deyildi. Ərdoğan bununla göstərdi ki, ondan da üzr istəyirlər (İsrail), o da bir başqasından (Rusiyadan) üzr istəməyə hazırdır və bunda qəbahətli heç nə görmür. Ərdoğanın Putinə məktubundakı mətndə Moskvanın bütün tələbləri yerinə yetirilib. Birincisi, məktubda Türkiyənin sərhəddini pozan Rusiya təyyarəsinin vurulmasına görə “üzr istəyirəm” ifadəsi var, ölən pilotun ailəsinə təzminat veriləcəyinə işarə vurulur, digər tərəfdən pilotu öldürən şəxsin məsuliyyətə cəlb ediləcəyi də istisna deyil.
Türkiyə-Rusiya münasibətlərinin gərign olması hər iki dövlətin ziyanına idi. Rusiya Türkiyə mallarına qadağa qoymuş, türk biznesmenlərini sıxışdırırdı, vətəndaşlarına Türkiyədə dincəlməməyə tövsiyyə edirdi. Bütün bunlar Türkiyəyə on milyardlarla dollar zərərə səbəb ola bilərdi. Halbuki, Ərdoğan Putinlə görüşlərinin birində iki ölkə arasında ticarət mübadiləsinin həcminin 100 milyard dollar çatdırmağı hədəf qoymuşdu. Münasibətlərin gərginləşməsi bu hədəfi heçə endirirdi. Rusiyanın bu arada, müxtəlif yollarla terrorçu PKK-ya silah və raket ötürdüyü xəbərləri də artmışdı. Münasibətlərin gərginləşməsindən Rusiya da itirirdi. Çünki birincisi, Rusiya Türkiyə üzərindən Avropaya uzanan “türk axını” qaz boru xəttini inşa etmək istəyirdi, ikincisi, Türkiyədə dəyəri 20 milyard dollar olan atom elektrik stansiyasının tikintisi kimi nəhənəg layihə gündəmdə idi. Türkiyə ilə Rusiyanı yaxınlaşdıran daha bir səbəb var idi. Hər ikisinin ABŞ və Avropa İttifaqı ilə münasibətlərində soyuqluq var. ABŞ və Avropa İttifaqı Krımın işğalı və Donbass separatçılarına verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiyaların vaxtını uzadıblar. Türkiyə isə Avropa İttifaqının verdiyi vədin əksinə olaraq viza məsələsini həll etmədiyinə görə Brüsseldən narazıdır. ABŞ-ın Suriyadakı silahlı kürd qruplaşmalara verdiyi dəstək də Ankaranı narahat edir. Odur ki, belə bir geosiyasi şəraitdə Türkiyə-Rusiya yaxınlaşmasnın alternativi qalmadı. Ancaq bundan sonra Rusiyada Türkiyə əleyhinə olan ritorikanın dəyişməsinə ehtiyac var. Çünki, son aylarda Kremlin ruporu olan media sturkturları Türkiyə əleyhinə təhqiramiz təbliğat aparırdılar. Bu təbliğatda Türkiyənin hətta DAİŞ terrorçu qruplaşmasına dəstək verdiyi də iddia edilirdi. Halbuki, DAİŞ Türkiyə ərazisində partlayış törədir, türkiyə vətəndaşlarını qətlə yetirir. Bir ölkə ona hücum edən qruplaşmaya dəstək verərmi?
Əslində Ankara İsraillə olduğu kimi Kremllə münasibətlərin normallaşması üçün də “yox xəritəsi” üzərində işləyirdi. Rusiya ilə münasibətlərin normallaşmasını hədəfləyən “yol xəritəsi” 9 maddədən ibarətdir. Böyük ehtimalla Ərdoğanın məktubundakı ifadələr də Kremllə əvvəlcədən razılaşdırılıb. Təaadüfi deyil ki, məktubun mətni yayınlandlqdan bir gün sonra Putinlə Ərdoğan arasında telefon danışığı baş tutdu. DAİŞ terrorçu qruplaşmanın xeyli insanın ölümünə səbəb olan İstanbulda Atatürk hava limanına hücumu Türkiyə ilə Rusiyanın bu qruplaşmaya qarşı birgə mübarizəsini də aktuallaşdırır.
Türkiyə-İsrail və Türkiyə-Rusiya münasibətlərinin normallaşması Azərbaycanın da milli və təhlükəsizlik maraqlarına cavab verir. Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail və Rusiya isə strateji tərəfdaşları sayılır. Təsadüfi deyil ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlərin normallaşmasında Azərbaycanın rolu olduğunu Türkiyənin baş naziri Binəli Yıldırım da etiraf etdi.
Birincisi, münasibətlərin normallaşması Azərbaycanı çətin seçimdən qurtarır. Çünki, məsələn Türkiyənin İsraillə münasibətlərinin gərgin olduğu illərdə Ankara Bakının İsraillə siyasətinə yenidən baxmasını arzulayırdı. Hətta Türkiyənin Azərbaycandakı keçmiş səfiri rəsmi Bakının İsraillə münasibətlərinə yenidən dəyərləndirməsi fikirini səsləndirmişdi. Aydın idi ki, bu səfirin şəxsi fikri deyildi. Ancaq rəsmi Bakı strateji müttəfiq Türkiyə istəyir deyə İsraillə münasibətlərin soyuda bilməzdi. Azərbaycan Türkiyə kimi İsrailə də neft satır və Türkiyə kimi İsraildən silah və hərbi texnika alır. Cəbhə bölgəsində aprel döyüşləri göstərdi ki, Azərbaycanın İsraildən aldığı silahlara ehtiyacı var.
İkincisi, Türkiyə-Rusiya münasibətlərinin gərgin qalması işğalçı Ermənistana və Rusiyadakı güclü erməni lobbisi və onların təsiri altında olan siyasi ekspertlərin maraqlarına xidmət edirdi. Onlar Türkiyə-Rusiya münasibətlərinin gərginliyindən Azərbaycana qarşı istifadə etməyə çalışırdılar. Rusiyadakı siyasi mərkəzlər Dağlıq Qarabağda aprel döyüşlərinin Türkiyənin təhriki ilə baş tutduğuna dair reallığı əks etdirməyən fikirlər səsləndirirdilər. Əlbəttə, Türkiyə-Rusiya barışığı birbaşa Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməsə də, iki dövlət arasındakı münasibətlərinin normallaşması və əməkdaşlığa başlaması Cənubi Qafqazda müsbət atmosfer yaradacaq.
“Atlas” Araşdırmalar Mərkəzi

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın