Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Türkiyə admiralının Bakı səfərinin pərdəarxası

Türkiyə admiralının Bakı səfərinin pərdəarxası

Elxan Şahinoğlu: “Azərbaycan ABŞ və Türkiyədən real dəstək ala bilər”

Bu həftə ölkəmizə bir sıra mühüm səfərlər gerçəkləşdi. Rusiyanın Xəzərdə hərbi təlimlər keçirdiyi günlərdə bu ölkənin Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycanda oldu. Həmin ərəfədə Rusiyanın məşhur televiziya jurnalisti Vladimir Solovyovun Bakı səfəri gerçəkləşdi.

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Bülənd Bostanoğlu isə aprelin 12-də Azərbaycana üç günlük səfərə gəldi. Qardaş ölkənin donanma admiralının paytaxtımıza səfəri geniş müzakirələr doğurdu. Səfərlə bağlı bir sıra fikirlər meydana çıxdı. Ekspertlər bu səfəri qardaş ölkənin ən yaxın müttəfiqi olan Azərbaycana növbəti dəstəyi kimi xarakterizə elədilər.

B.Bostanoğlunun Rusiyanın Xəzərdəki təlimləri və Patruşevin Azərbaycan səfəri ilə bir vaxtda ölkəmizə gəlişinin təsadüf olmadığı deyilir. Rusiyanın Xəzərdəki “əzələ nümayişi”nə rəsmi Ankaranın bu şəkildə cavab verdiyi vurğulanır. Göründüyü kimi, NATO ölkəsi olan Türkiyənin donanma admiralının səfəri ən müxtəlif mövqelərə yol açıb.

Politoloq Elxan Şahinoğlu ard-arda gerçəkləşən səfərlərlə bağlı bunları düşünür: “Rusiyadan Azərbaycana səfərlərin sayı artıb. Prezident İlham Əliyev aprelin 10-da Bakıdakı iqamətgahında Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul etdi. Görüşdə iki ölkə arasındakı münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik, humanitar tərəfləri müzakirə olundu. Bu görüşdə Nikolay Patruşev maraqlı fikir söylədi.

O dedi ki, əlaqələrimizin inkişafında təhlükəsizlik məsələlərinin rolu böyükdür: ”Təhlükəsizlik təmin olunarsa, iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz”.

Belə görünür ki, Moskva Azərbaycanla əməkdaşlıqda təhlükəsizlik məsələsini bütün digər proseslərin önündə qoyur. Bəlkə də bu, Rusiyanın rəsmi Bakıya “müharibəyə başlamayın” mesajıdır ki, bu fikri Patruşev də Azərbaycan paytaxtında səsləndirib. Patruşevdən bir gün əvvəl isə İlham Əliyev Rusiyanın məşhur televiziya jurnalisti və Rusiyanın dövlət televiziya kanalında əsas talk show aparıcısı Vladimir Solovyovu qəbul etdi. Solovyov ilk dəfədir Bakıya gəlib. O, Azərbaycan və Türkiyəni sevmir, proqramlarında qatı antitürkçü kimi çıxış edir və Ermənistanın, o cümlədən Dağlıq Qarabağ separatçılarının mövqeyini dəstəkləyir. Bu mənada Solovyovun Bakıya gəlişi xeyli suallar yaratdı. Həm də Solovyov qeyri-qanuni olaraq Dağlıq Qarabağda olub. Belə şəxslər isə Azərbaycan XİN-in qara siyahısına salınır və üzr istənilmədən Azərbaycan ərazisinə buraxılmır. Vladimir Solovyov isə Bakıdan Moskvaya qayıtdıqdan sonra Dağlıq Qarabağa səfərlərinə görə heç kimdən üzr istəmədiyini dedi. Görünür, rəsmi Bakı Vladimir Solovyovu Bakıya dəvət edib prezidentlə görüşdürməklə onun Azərbaycan əleyhinə çıxışlarını neytrallaşdırmaq istəyir. Yəni Bakıya gəlib Azərbaycan prezidenti ilə görüşən şəxs bundan sonra Azərbaycan əleyhinə danışmamalı, Dağlıq Qarabağ mövzusunda balanslı mövqe nümayiş etdirməlidir. Bunun məhz belə olacağını Solovyovun talk show proqramlarındakı gələcək verilişlərindəki çıxışları göstərəcək. Məsələn, Rusiyanın əsas millətçi siyasətçisi Vladimir Jirinovski də ötən il Bakıya dəvət olunmuşdu. O, Bakıda prezident İlham Əliyevlə görüşdükdən sonra Azərbaycan əleyhinə danışmır”.

Politoloq hesab edir ki, B.Bostanoğlunun Bakı səfəri Azərbaycanın balanslaşdırılmış xarici siyasətinə də uyğundur: “Bülənt Bostanoğlunun Bakıya səfəri yerinə düşdü. Bu, rəsmi Bakının balanslaşdırılmış xarici siyasətinə də uyğundur. Bakıya gələn rusiyalı rəsmilərin müxtəlif istək və tələbləri ola bilər, ancaq anlamalıdır ki, Azərbaycanın başqa tərəfdaşları da var. Bu mənada türkiyəli generalın Bakıya gəlişi Rusiya Təhlükəsizlik Şurasının katibinin səfərini balanslaşdırmağa imkan verdi. Rusiya Xəzərdə hərbi imkanlarını genişləndirir. Heç bir Xəzəryanı dövlət buna etiraz etmir. Ancaq əgər Rusiyanın Xəzərdə hərbi qüdrətini artırmaq hüququ varsa, başqa ölkələrin də oxşar hüququ var. Eynilə Azərbaycan da strateji tərəfdaşlarının köməyi ilə Xəzərdə hərbi imkanlarını artırmaq hüququna malikdir və bu məsələdə Azərbaycan ABŞ və Türkiyədən real dəstək ala bilər. Yəni bu iki dövlət Azərbaycan hərbi donanmasının inkişafında bizə yardım edə bilərlər. Elə türkiyəli generalın da Bakıya səfəri ona işarədir ki, Türkiyə Azərbaycan hərbisinin müxtəlif istiqamətlərində inkişafı məsələlərində dəstəyini əsirgəməyəcək. Rusiya Azərbaycana yalnız silah satır, ordumuzun inkişafı məsələlərində heç bir rol oynamır. Buna bizim ehtiyacımız yoxdur. Çünki Rusiya işğalçı Ermənistanın hərbi müttəfiqidir. Azərbaycanın ordu quruculuğu sahəsində Türkiyə, ABŞ və NATO ilə əməkdaşlığını genişləndirməyə və bu ölkələrin təcrübəsini öyrənməyə ehtiyacı var”.

Cavanşir ABBASLI

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın