Ana səhifə / Sosial / Trampdan Azərbaycanla bağlı mühüm addım

Trampdan Azərbaycanla bağlı mühüm addım

Azərbaycan prezidenti İlham Əliyev son 5 gündə ABŞ prezidenti Donald Trampdan iki məktub alıb. Tramp ölkə başçısına birinci məktubu Respublika günü ilə əlaqədər mayın 26-da, ikinci məktub isə mayın 31-də Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı göndərib. Hər iki məktubun mətnindən belə anlaşılır ki, ABŞ bütün sferalarda Azərbaycanı dəstəkləyir və onun yanındadır.

ABŞ-Azərbaycan münasibətləri ilə bağlı hazırki durumu AzVision.az-a şərh edən millət vəkili, politoloq Elman Nəsirov hesab edir ki, Birləşmiş Ştatlarda Demokratlar Partiyasının hakimiyyətdə olduğu son 8 il ərzində Cənubi Qafqaz regionuna diqqət kifayət qədər azalmışdı:

“Sanki, region beynəlxalq siyasətin bir əyalətinə çevrilmişdi. Bu nöqteyi-nəzərdən olduqca geostrateji əhəmiyyətli regionla bağlı ABŞ-da Barak Obama administrasiyasının yeritdiyi siyasət təbii ki, bir çox məqamlarına görə anlaşılmaz idi və ABŞ-Azərbaycan münasibətlərinin inkişafı imkanlarına və mənafeyinə xidmət göstərmirdi.

Lakin ABŞ-da yeni administrasiyanın hakimiyyətə gəlişindən sonra, nəticə etibarı ilə rəsmi Vaşinqtonun region və bilavasitə Azərbaycanla bağlı siyasətində bir dinamika müşahidə olunmaqdadır. Xüsusilə də ABŞ prezidenti Donald Trampın ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmamaq siyasətini Səudiyyə Ərəbistanının paytaxtında keçirilən Ərəb-İslam-Amerika Sammitində bəyan etməsi çox müsbət dəyərləndirilən bir hadisədir. Azərbaycan prezidenti İlham Əliyev də Respublika günü ilə bağlı keçirilən mərasimdə çıxışı zamanı bu məqama diqqət yetirdi və qeyd etdi ki, yeni ABŞ administrasiyasının bu siyasəti təqdir olunan hadisədir və çox mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan ABŞ prezidneti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə Respublika günü ilə bağlı göndərdiyi təbrik məktubu, eyni zamanda Bakıda keçirlən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı məktubu bir sıra nəticələrə gəlməyə əsas verir”.

E.Nəsirov xatırladıb ki, Respublika günü ilə bağlı məktubunda Donald Trampın 28 Mayı mühüm tarix hesab etdiyi öz əksini tapıb:

“Bu, Azərbaycan tarixinin çox önəmli hadisəsi olan cümhuriyyət tarixinə verilən qiymətdir. Xüsusilə də bu məktubda Tramp qeyd edir ki, Azərbaycan-ABŞ münasibətləri dəyərli tərəfdaşlıq münasibətləridir. Yəni, ABŞ prezidenti, ikitərəfli münasibətlərin xarakteri dəyərli tərəfdaşlıq münasibətləri kimi xarakterizə edir. Bu da artıq rəsmi Vaşinqtonun Azərbaycanla bağlı xoşməramlı siyasətinin ifadəsi kimi dəyərləndirilə bilər.

Bundan başqa ABŞ prezidenti qeyd edir ki, Azərbaycan Avropa üçün çox enerji mənbəyidir. Bu həqiqətdir. Amma, bu həqiqətin ABŞ prezidenti tərəfindən etiraf edilməsi mühüm hadisədir. Azərbaycanın Avropa üçün yeni alternativ enerji mənbəyi kimi dəyərləndirilməsi, dövlətimizin müstəqil siyasət kursu olması deməkdir. Həmçinin, Azərbaycan öz təbii sərvətlərindən istifadə ilə bağlı müstəqil qərarlar qəbul edir və ABŞ tərəfindən dəyərləndirilir. Hesab edirəm ki, bu, Azərbaycanın enerji potensialına verilən yüksək dəyərdir. Eyni zamanda rəsmi Vaşinqton tərəfindən Azərbaycan prezidentinin iqtisadiyyatın şaxələndirilməsi siyasəti dəstəklənir və hətta buna görə Azərbaycan prezidnetinə təşəkkür Trampın məktubunda öz əksini tapıb”.

E.Nəsirov qeyd edib ki, Trampın məktubunda hər iki dövlətin beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylərlə çalışdığı xüsusi ilə vurğulanıb: “Bu gün Qərb aləmində müsəlman dünyasının fərqli prizmadan təqdimatı geniş yayılıb və müsəlman ölkələri daha çox terrorizmi himayə etməkdə ittiham olunur. Bu konteksdə Azərbaycanın bir müsəlman ölkəsi olaraq beynəlxalq terrorizmə qarşı mübarizədə fəallıq nümayiş etdirməsi və böyük töhfələr verməsi reallığının ABŞ prezidentinin təbrik məktubunda öz əksini tapmasını təbii ki, ABŞ-ın yeni administrasiyasının Azərbaycanla bağlı siyasətində çox ciddi dəyişikliklərin baş verməsinin əlaməti kimi də dəyərləndirə bilərik”.

Deputat əlavə edib ki, ABŞ-ın yeni prezidenti məktubunda eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlələrin də diqqətdə saxladıqlarını ifadə edib:

“Məktubda münaqişənin sülh yolu ilə, qətiyyətli şəkildə həlli ideyası növbəti dəfə vurğulanıb. Hesab edirəm ki, bunlar çox vacib məqamlardır. Trampın Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı göndərdiyi məktubunda ilk növbədə Azərbaycanın çox zəngin enerji ehtiyatlarına malik olduğu vurğulanır və rəsmi Vaşinqtonun Azərbaycanın enerji siyasətini dəstəklədiyi ifadə olunur. Həqiqətən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin reallaşmasında ABŞ hər zaman rəsmi Bakıya dəstək olub. İndi isə Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ dəstəyini əsirgəmir. Xüsusilə ötən ilin fevralın 29-da Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçirilən ikinci toplantısında yekun sənədə 12 imza atılıb. Bu imzalardan biri ABŞ-a məxsus idi. Yəni, ABŞ Azərbaycanın təşəbbüskarı olduğu, dəyəri 40 milyard dollardan baha olan, 3500 kilometr məsafəni əhatə edən, 3 kəmərlə qazın Avropaya nəqlini özündə ehtiva edən Avropanın ən böyük layihəsini dəstəklədiyi öz imzası ilə təsdiqləyib”.

E.Nəsirovun sözlərinə görə, bütün bunlar onu göstərir ki, ABŞ Azərbaycanın regionda yerini və rolunu çox dəqiq qiymətləndirməyə başlayıb və eyni zamanda Azərbaycanla gələcəkdə də üç istiqamətdə əlaqələrin inkişafında maraqlıdır:

“Birinci istiqamət, təhlükəsizlik, ikinci istiqamət iqtisadi əməkdaşlıq, üçüncü istiqamət isə demokratiya prinsiplərinə söykənməklə siyasi dialoqdur. Bu üç istiqamət üzrə bizim gələcək əməkdaşlığımızın konturları cızılmaqdadır. Bu istiqamətlər üzrə xeyli işlər görülüb. Amma, bunun daha da dərinləşdirilməsi əsas hədəflərdən biridir. Bütün bunları yekunlaşdırıb belə qərara gəlmək olar ki, ABŞ-da yeni administrasiyanın hakimiyyəti illərində Azərbaycanla bağlı siyasətdə yeni səhifənin açılacağını indidən proqnozlaşdırmaq mümkündür”.

Həmçinin oxuyun

Valideynlərin diqqətinə: Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət

Mütəxəssislər bildirir ki, bir yeniyetmənin, gəncin narkoman olmasına səbəb və yol ailədən başlayır. Valideynin yaxşı, …

Bir cavab yazın