Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Sosial / Toylarla bağlı mühüm açıqlama: 50-100 nəfərlə…

Toylarla bağlı mühüm açıqlama: 50-100 nəfərlə…

Fevralın 1-dən ölkədə kafe və restoranlar yenidən fəaliyyətə başlayıb. Elə ilk gündən insanların bu cür iaşə obyektlərinə sıx axını müşahidə olundu. Bu da səbəbsiz deyildi, uzunmüddətli sərt karantin rejimindən sonra insanlarda ünsiyyət, sosiallaşmaq “aclığı” yaranmışdı.

“Əgər insanlar restoran və kafelərdə sıx vəziyyətdə əyləşib yemək yeyirlərsə, niyə toylar da olmasın?”, – deyə cəmiyyətdə çoxsaylı fikirlər var. Xatırladaq ki, ötən ilin mart ayının ortalarından etibarən ölkədə toy və digər kütləvi məclislərin keçirilməsi qadağan olunub. Beləliklə, 11 aydır ki, şadlıq evlərinin qapıları bağlıdır. Bəs toyların da fəaliyyətinə tezliklə icazə verilə bilərmi? “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Həkim qeyd edib ki, müəyyən məhdudiyyətlərlə toylara da icazə verilə bilər:

“Fevralın 1-dən etibarən karantin rejimində daha da yumşalmalar oldu, kafe və restoranların fəaliyyətinə icazə verildi. Toylara gəldikdə isə bu cür məclislərdə kütləvilik daha çox olur. Hər kəsə məlumdur ki, Azərbaycanda toylar adətən 500-1000 nəfərlə keçirilir. Bu səbəbdən kütləvilik çox olduğundan burada yoluxma ehtimalı da çox olur.

Toyları 50-100 nəfərlə keçirmək mümkündür. Lakin bu zaman da  digər ekonomik sıxıntı ortaya çıxır. Yəni məlum olur ki, şadlıq sarayları buna hazır deyil. Çünki 50-100 nəfərlik məclislərin keçirilməsi şadlıq sarayları üçün rentabelli deyil. Lakin qeyd etdiyim kimi, 400-500 nəfərlik məclislərin, toplantıların da keçirilməsi olduqca risklidir, ən azından məsələyə nəzarət etmək mümkünsüz olur.

Orta hesabla 100 nəfərlik toyların keçirilməsinə icazə verildiyi halda belə müəyyən məhdudiyyətlər olmalıdır. Məsələn, sosial məsafə ciddi şəkildə qorunmalı, xidməti personal gigiyenik qaydalara ciddi əməl etməli, məclis artıq 6 saat deyil, 2 saatlıq olmalıdır, menyunu ancaq isti yeməklərlə məhdudlaşdırmaq lazımdır. Əlbəttə ki, toyların başlanması ilə bağlı məsələ uzandıqca müxtəlif problemlər, o cümlədən  insanların şəxsi həyatlarında problemlər ortaya çıxır, eyni zamanda gələcəkdə demoqrafik məsələ ilə qarşılaşa bilərik və sairə.

Lakin o da məlumdur ki, əgər yumşalmaların ardından yenidən yoluxma sayı artarsa, təkrar yenidən sərt karantin rejimi, məhdudiyyətlər geri qayıda bilər. Yox əgər təlimatlara daha ciddi şəkildə əməl edəriksə, yumşalmalar davam edəcək”.

Baş həkim fevralın 1-dən fəaliyyətinə icazə verilən kafe və restoranların bir həftəsini də dəyərləndirib:

“Hələ ki bir həftə ərzində kafe və restoranlara gedib, məsələni yaxından müşahidə etmək imkanım olmayıb. Pandemiya bizim kafe və restoranlara getmək kimi bir vərdişimizi də soyudub, insanlarda hələ də çəkingənlik var.

Xatırlayıram ki, bir müddət bundan əvvəl də kafe və restoranların fəaliyyətinə icazə veriləndə vəziyyət heç də ürəkaçan deyildi. İnsanlar sosial məsafə gözləmir, qaydalara az əməl edirdi. Nəticədə ölkədə yoluxma sayı və virusdan ölüm faktları dəfələrlə artdı, sərt karantin rejimi tətbiq olundu. Lakin indi vəziyyətin daha yaxşı olduğunu güman edirəm. Çünki müşahidə edirəm ki, küçədə, ictimai yerlərdə insanlar  maska rejiminə ciddi əməl etməyə çalışır. Bu, yaxşı haldır və hesab edirəm ki, proses kafe və restoranlara da yansıyacaq”.

Zülfüqar Yusifov qeyd etdi ki, insanların karantin qaydalarına qaydasında əməl etməsi üçün mütəmadi maarifləndirici, təbliğat işlərinə ehtiyac var: “İnsanlar mümkün qədər azadlığa meyl edirlər. Xüsusən də sərt karantin rejimindən sonra yaşadıqları sıxıntıdan çıxmaq, daha sərbəst olmaq istəyirlər. Bu sərbəstliyin hansı fəsadlara yol aça biləcəyi haqda  maarifləndirici işlər artmalıdır.

Kafe və restoran kimi iaşə obyeklərinin qaydalara necə əməl etməsinə ciddi nəzarət olunmalıdır. Ola bilsin ki, görünən yerdə hər bir qaydaya əməl olunur, lakin əgər mətbəxdə aşpaz maska taxmadan işləyərsə, görülən bütün tədbirlər əhəmiyyətsiz olur. Ona görə də xidməti personaldan tutmuş, mətbəxə qədər hər bir şeyə bütün ciddi nəzarət olunmasına böyük ehtiyac var. Doğrudur, bütün bunlar çətin prosesdir, əmək, əziyyət istəyir, lakin sağlamlığımız üçün etmək məcburiyyətindəyik”.

Həmçinin oxuyun

Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

Bütün sahələrdə olduğu kimi, əmək bazarında da qadınların rolu getdikcə artır və onlar öz əməyi …