Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Toylar başladı, məktəblərdə yoluxma artır, payızda bizi nə gözləyir?

Toylar başladı, məktəblərdə yoluxma artır, payızda bizi nə gözləyir?

Ölkədə yoluxma sayı yenidən artmağa başlayıb. Belə ki, yazını hazırladığımız zaman açıqlanan statistik məlumatda bildirilib ki, ölkəmizdə COVID-19-a 1013 yeni yoluxma faktı qeydə alınıb, 1244 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Hər kəs yoluxma sayının ikirəqəmli göstəriciyə düşməsini gözlədiyi halda, o, yenidən dördrəqəmli oldu. Bu arada (oktyabrın 7-si) Səfər ayının bitməsi ilə Məhərrəmlik ayı da “rəsmən” sona çatdı. Artıq toy, şənliklər dönəmi başlayır. Bir tərəfdən də son günlər məktəblərdə uşaqlar arasında müxtəlif respirator xəstəlikləri və COVİD infeksiyası xəstəlikləri yayılıb. Mövcud dinamika nəzərə alınmaqla yoluxmalara bunun təsiri necə olacaq?

Bu arada qonşu ölkə Rusiyada son sutka ərzində daha 27 246 nəfər yeni növ koronavirusa yoluxub, bu rekord göstərici sayılıb. Rusiyada COVID-19-a yoluxanların sayı 7 717 356 nəfərə çatıb. Pandemiya dövründə indiyə kimi koronavirusdan ən çox ölüm halı qeydə alınıb. Son sutka ərzində 936 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 214 485 nəfərə çatıb. Bununla belə, Gürcüstan, Türkiyədə də epidemioloji vəziyyət ürəkaçan deyil. Qonşu ölkələrlə gediş-gəlişi nəzərə alsaq  vəziyyət daha da ağırlaşa bilər.

Nilufər Məmmədova: “Qarşıdakı 2 həftə ərzində yoluxma sürətlə artacaq”

Nilufər Məmmədova

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist  Nilufər Məmmədova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Yoluxma sayları mütəmadi olaraq artır. Səbəb də hazırda soyuq hava şəraiti, iqlim dəyişiklikləridir. Belə ki, bu cür hava şəraitinə görə insanlar daha çox qapalı məkanlardan istifadə edirlər və otaqların havalandırılmasına az riayət olunur. Bununla bağlı olaraq əksər viral infeksiyalar, əsasən hava-damcı yolu ilə keçən viral infeksiyaların yayılmasında artım müşahidə edirik. O cümlədən koronavirusların yayılmasında mütəmadi olaraq artımlar və yenidən azalmalar müşahidə oluna bilər. Təbii ki, toy və şənliklər pandemiya qaydalarına riayət etdikdə və əgər epidemioloji vəziyyət nəzarət altındadırsa, yoluxma sayının artmasına çox təsir göstərmir. Amma toy və şənliklərdə pandemiya qaydalarına riayət etmədikdə, məkanda vaksinasiya rəyinin sertifikat olmayan insanların çox toplaşması, maskasız sosial məsafə gözləmədən qapalı məkanlardan istifadə olunması əlbəttə ki, yoluxma sayını artıra bilər. Koronavirus əleyhinə hazırlanan vaksinlərin heç biri bizi bu virusdan ömürlük, birdəfəlik qorumur. Yəni tam qoruyucu immunitet yaranmır. Çünki bu virus tez- tez mutasiya uğradığı üçün bir vaksin bütün ştammlara qarşı tam qoruyucu ola bilməz. Xüsusilə də, əgər vaksinin vurulmasından altı ay keçibsə, bəzi vaksinlərlə üçüncü dozanın vurulması , yəni immunitetin bizi xəstəliklərdən qorunma qabiliyyətini daha da artırır”.

N.Məmmədova əlavə edib ki, vaksinlərə Ümumdünya Səhiyyə Təşkilatının verdiyi əks-göstərişlər yalnız allergik anafilaktik reaksiyalarla bağlıdır: “Digər hallarda olan əks göstərişlər, məsələn, infeksion və xroniki xəstəliklərin kəskinləşməsidir. Yəni sağaldıqdan sonra və ya xəstəlik remissiya olduqdan sonra bu qrup insanlar da mütləq vaksinasiya olunmalıdır. Ona görə də üçüncü doza vaksinə əks göstərişlər, yəni kimlər vurmamalıdır sualına cavabı kimlər birinci, ikinci dozanı vurdurmamalıdırsa, yalnız o şəxslər üçüncü dozanı  vurmamalıdır. Digər hallarda isə ölkənin strategiyasından asılı olaraq üçüncü dozanın necə ki, ilk dəfə bu vaksinə görə prioritet qrup müəyyənləşdirilmişdi, üçüncü dozada da belə qrup müəyyənləşdirilə bilər. Yəni yüksək riskli sahələrdə çalışanlar və xəstəliyin ağır formasına görə risk qrupuna daxil olanlar, yaşı 60-dan çox olanlar, üçüncü dozanın daha öncədən vurdurması prioritet qrup olaraq o qrupa üstünlük verilməsi daha məqsədəuyğundur. Amma ümumilikdə götürdükdə üçüncü doza yalnız vaksinə qarşı anafilaktik reaksiya göstərənlər üçün əks götərişdir. Digər heç bir halda biz onu kiməsə əks göstəriş kimi şamil edə bilmərik.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 489 226 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 469 665 nəfər müalicə olunaraq sağalıb, 6625 nəfər vəfat edib, aktiv xəstə sayı 12 936 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 853, ötən müddət ərzində isə ümumilikdə 4 923 009 test aparılıb.

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …