Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Tövlədə yaşayan 7 yaşlı qızdan Mehriban xanıma ürək ağrıdan məktub: “Yalvarıram…”

Tövlədə yaşayan 7 yaşlı qızdan Mehriban xanıma ürək ağrıdan məktub: “Yalvarıram…”

Azərbaycan dünyanın ən müxtəlif idman tədbirlərinə sponsorluq edir. Sonuncu belə tədbir hazırda davam etməkdə olan Cudo üzrə dünya çempionatıdır.

Təsəvvür edin, Cudo yapon idman növüdür. Builki dünya çempionatı da məhz Cudonun vətəni olan Yaponiyada keçirilir. İndiyədək keçirilən bütün dünya çempionatında ən çox qazanalar da elə onlar olub. Builki çempionatda da bu ənənə davam edir. Ən az qazananlar arasında isə bizim də adımız var.

Üstəlik, Yaponiya dünyanın ən zəngin ölkələrindən biridir. Texnoloji inkişaf sahəsində dünya liderlərindən olan bu ölkədə ən aşağı maaş saat hesabı 1000 yendir. Həftəlik iş müddətinin 40 saat olduğunu nəzərə alsaq, bu, bir ayda 325 min yen deməkdir. 325 min yen isə ABŞ dolları ilə 3000, bizim pulla isə 5000 manat edər.

Dünyanın 3-cü böyük sənaye ölkəsi olan Yaponiyanın builki büdcəsi 918 milyard dollardır. Adam başına düşən milli gəlirləri isə 30 min dollardan yuxarıdır.

Bütün bunlara baxmayaraq, Yaponiyada keçirilən Cuda yarışlarına kim sponsorluq etsə yaxşıdır – SOCAR. O SOCAR ki, dövlət şirkəti olduğu ölkənin illik büdcəsi 23 milyard manat, yəni 13 milyard dollardır. Milli gəlirlərin böyük qismi isə bir ovuc iri məmurların əlində cəmləşib. Əhalinin geri qalanı isə…

Rəsmi statistik məlumata görə, super yaşayır. Azərbaycan əhalisinin yalnız 5%-i yoxsulluq həddindədir. Minimum əmək haqqısı 180-190 manat olan ölkəmiz bu göstərici ilə dünyanın ən inkişaf etmiş dövlətlərini, o cümlədən Yaponiyanı da xeyli geridə qoyur. Zira Yaponiyada yoxsulluq səviyyəsi 16%-dir. İndi bildinizmi, binəva Yaponiyanın milli güləşinin Baş sponsoru niyə SOCAR-dır? Axı bu şirkət o qədər ürəyi yumşaqdır ki, lazım gəldi-gəlmədi, erməni kilsəsinə qaz da verə bilir.

Sual edə bilərsiniz: Bəs, o binəva Yaponiyada yoxsul kimə deyilir?  

Təəccüblənməyin; Yaponiyanın Səhiyyə, İş və Sosial Xidmətlər Nazirliyinin 2011-ci ildə yayınladığı sənədə görə, adambaşına düşən milli gəlirin yarısını qazananlar yoxsuldurlar. 2011-ci ildə adambaşına düşən milli gəlir 28 min dollar idi. Deməli, Yapon yoxsulları ildə 14 min dollarla keçinirdilər. İndi bu göstərici 30 min dolları keçib. Belə çıxır ki, indi Yaponiyanın yoxsulları ildə ən azı min dollar çox qazanırlar – 15 min dollar. Bizim pula çevirsək, Yaponiyada acından ölənlərinin bir ildə qazandıqları pul 25 min 580 manata bərabərdir. Aylıq gəlirlə ifadə etsək, bu, hardasa 2.132 manat edər.

İndi də gəlin, yapon acından ölənlərinin maaşını bizim nazirlərin rəsmi aylıq gəlirləri ilə tutuşduraq.

Hazırda Azərbaycan nazirlərinin nə qədər maaş aldığını söyləmək çətindir. Az qala dövlət sirri kimi qorunan iri məmur maaşları barədə tapa bildiyimiz yeganə sənəd 2004-cü ilin sentyabrın 1-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamdır. Sərəncamda deyilir:

“1. Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:

1.1. Baş nazir – 2 460 manat

1.2. Baş nazirin birinci müavini – 2 160 manat

1.3. Baş nazirin müavini – 2 060 manat

1.4. Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi – 1 925 manat

1.5. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbəri – 1 595 manat

1.6. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – 1 375 manat

1.7. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini – 1 280 manat

1.8. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbərinin müavini – 1 155 manat

  1. Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Bakı şəhəri 1 925 manat

Gəncə və Sumqayıt şəhərləri – 1 280 manat

şəhər, rayon və şəhər rayonu üzrə:əhalisinin sayı 100 min nəfərdən çox olduqda – 1 045 manat

əhalisinin sayı 50-100 min nəfər olduqda – 990 manat

əhalisinin sayı 50 min nəfərədək olduqda – 880 manat.”

Şəkildə: Yapon dilənçisindən kasıb yaşadığı üçün müxalifəti bəyənməyən Əli Əhmədov

***

Belə çıxır ki, yapon acından ölənləri bizim müxalifəti bəyənməyən Baş nazirin müavini Əli Əhmədovdan 72 manat çox maaş alır.Nazirlər Kabinetində maaşları ilə yapon yoxsullarını yalnız 2 nəfər üstələyir; biri Baş nazir Novruz Məmmədovdur, digəri isə onun birinci müavini Yaqub Əyyubov.  

İnsafən, Novruz müəllim yapon yoxsullarından xeyli yaxşı dolanır – ayda hardasa 330 manat çox maaş hesabına. Yaqub müəllimin halı isə lap ağlamalıdır – o, yapon acından ölənlərindən cəmi 28 manat çox qazanır.

Bəs, Azərbaycanın yoxsulluq həddində yaşayan 5%-lik əhalisinin vəziyyəti necədir?

Gəlin, bunu həmin 5%-in nümayəndələrindən olan Şamaxı rayonu Muğanlı kənd 7 yaşlı sakini Mustafayeva Fatimə Polad qızının dilindən eşidək.

7 yaşlı qızcığazın saytımız vasitəsilə I Vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı məktubu olduğu kimi dərc edirik:

 “Hörmətli Mehriban xanım!

Mən 2012-ci il tarixdə anadan olmuşam. 7 yaşım var. Ancaq imkansızlığa görə məktəbə gedə bilmirəm. Özüm leykoz xəstəsiyəm ki, buna görə mənə əlillik dərəcəsi təyin edilib.

Bir neçə il əvvəl zəlzələ nəticəsində evimiz uçduğu üçün qohumumun tövləsində qalmışıq. Ailəmizdə 4 nəfərik. Atam və anam heç bir yerdə işləmirlər.

Zəlzələ nəticəsində Şamaxı rayonunun Muğanlı kəndində çoxlu sayda evlər uçdu. Buna görə qonşu Meysəri kəndində evi uçmuş ailələrə dövlət tərəfindən yeni mənzillər inşa eilib istifadəyə verildi. Ancaq bizim ailəyə heç bir əsas olmadan yeni mənzil verilmədi. Atam savadsız olduğu üçün heç bir yerə müraciət etmədi. Düz 5 ildir ki, evsizik, qohumumun tövləsində qalmışıq. Hazırda yaşamağa evimiz yoxdur. Özüm leyxoz xəstəsiyəm ki, buna görə çox əziyyət çəkirəm. Arzum odur ki, az qalmış ömrümün bir neçə ilini, yeni mənzilimiz olsun, orada yaşayaq, valideyinlərim əziyyət çəkməsinlər.

Yazıb oxumağı mənə anam öyrədir. İmkansılıqdan bu ildə məktəbə gedə bilməyəcəm. Ancaq oxumaq istəyirəm.

 Mən qohumlarımın evinə gedəndə televizora baxanda Mehriban xanımın yetimlər evində olan uşaqlara baş çəkməsini görmüşəm. İnanıram ki, Mehriban xanım çöldə yaşayan bizim ailəni də yoxlayıb kömək edəcək. Ən böyük arzum – evimiz olsun, atam, anam və bacım xoşbəxt yaşasınlar.

Hörmətli Mehriban xanım, sizə yalvarıram mənim bu müraciətimdə göstərdiyim yaşadığımız yerə baxıb yeni mənzillə təmin olunmağımıza köməklik göstərəsiniz”.

İndi gördünüz yaponların milli güləşinin sponsoru niyə biz olmalıyıq? Yoxsa, əlavə şərhə ehtiyac duyursunuz?

Ovqat.com

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …