Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Sosial / Tofiq Zülfüqarovdan Ermənistana xəbərdarlıq

Tofiq Zülfüqarovdan Ermənistana xəbərdarlıq

“Azərbaycanın müdafiə imkanları kifayət qədər genişlənib. Aprel döyüşləri də sübut etdi ki, Azərbaycan hər an sürprizlər edə bilər”. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirib.

1998-ci ildən 1999-cu ilədək xarici işlər naziri vəzifəsini tutmuş və Qarabağ məsələsinin həlli ilə məşğul olmuş T.Zülfüqarov hazırkı mərhələdə danışıqlar yolu ilə irəliləyişlərə ümidlərin çox az olduğunu vurğulayıb: “Aprel döyüşləri onu göstərdi ki, birincisi, Azərbaycan torpaqları vermək niyyətində deyil. Yəni həm dövlət, həm də ictimaiyyət buna heç vaxt gedə bilməz. Üstəlik, Azərbaycan işğaldakı torpaqların azadlığı uğrunda qan verməyə və qan tökməyə hazırdır. Bu, çox vacib bir siqnaldır.

Əlbəttə, Ermənistan buna müxtəlif münasibətlər göstərir. Amma əgər Ermənistandan miqrasiya artırsa, deməli, erməni ictimaiyyəti bu siqnalı çox düzgün başa düşür. Yəni siz qan tökmüşünüz və gələcəkdə də qan tökəcəksiniz. Bu, çox vacib siqnaldır”. Sabiq nazir aprel döyüşlərinin bir çox dairələrdə təəccüb yaratdığını vurğuladı: “Sovet silahı İsrail silahı, yaxud da Türkiyə sistemləri ilə birləşərək çox yaxşı göstəricilər göstərdi. Bu da təəccüb doğurdu. Ermənistan heç vaxt gözləmirdi ki, Azərbaycan ordusu birbaşa toqquşmalara girmədən, məsafədən 14 tank məhv edə bilər. Təbii ki, müharibədə hər zaman müəyyən səhvlər ola bilər. Ona görə də davamlı təlimlər keçirilir, Azərbaycan yeni silahlar alınacağını bəyan edir”.

T.Zülfüqarov istisna etmir ki, aprel müharibəsi daha dəhşətli formada təkrarlana bilər: “İrəvan Naxçıvanın yaxınlığında, 50 km-lik məsafədədir. Təbii ki, Azərbaycan bu elementdən istifadə edəcək. Əgər Ermənistan bizə zərbələr endirsə, təbii ki, biz də Ermənistana cavab zərbələri endirəcəyik”.

Bəzi ekspertlər müharibənin geniş miqyas alacağı halda Rusiyanın Ermənistana, Türkiyənin isə Azərbaycana hərbi yardım edəcəyini zənn edir. Sabiq nazir də bu ehtimalı mümkün sayır: “Təbii ki, bunun təhlükəsini hamı başa düşür. Ona görə də “İsgəndər” raketlərinin Ermənistana verilməsi sözün doğrusu, məndə suallar yaradıb. Faktiki olaraq ermənilərə tələ qurulub. Təbii ki, dəqiq proqramla atılan raketlərdir, 50-60 metrədək səhvləri ola bilər. Amma bu raketlər əsasən nüvə silahı ilə bağlı nəzərdə tutulub. Yəni 500 kq partlayıcı maddə elə böyük əhəmiyyət kəsb etmir. Bu baxımdan nəyə görə ermənilərə verib, sual doğurur. Amma ermənilər bundan istifadə etsə, o halda Azərbaycan ciddi şəkildə düşmənə cavab vermək imkanı qazanacaq. Belə imkanlar isə təbii ki, Naxçıvan istiqamətindən daha genişdir. Bu baxımdan yanaşsaq, ermənilərə elə bir imkan yaradırlar ki, “sən səhvi et, ondan sonra acı nəticələri görəcəksən”.

Keçmiş nazir ön cəbhədə ermənilərin kəşfiyyat sisteminin zəif olduğunu, bu səbəbdən amerikanların onlara təzə qurğular verdiyini də xatırlatdı: “Bütün bunlara baxmayaraq, artıq Azərbaycanın imkanları genişlənib və bu, təbii ki, məsələnin həllinə birbaşa təsir edən amilə çevrilir”.

T.Zülfüqarov bununla belə, rəsmi Bakının danışıqlardan imtina etməsini düzgün yol saymır: “Danışıqların nəticəsinə adamlar çox az inanır, mütəxəssislər isə lap az inanır. Amma heç kim istəmir ki, adı danışıqlardan imtina edən tərəf kimi çəkilsin. Bu, həmin tərəfə qarşı əks-təbliğata səbəb olacaq. Bu oyunu hamı oynayır, biz də oynayaq da, nə olar? Digər tərəfdən bu format bizimçün vacibdir, gec, ya tez bizim köməyimizə gəlir. Bu olmasa, hansı formata müraciət edəcəyik? Yaxud da hansısa müharibədən sonra hansı formata müraciət edəcəyik? Suriya, yaxud Gürcüstan məsələlərində hansı format yox idi, bizdə isə Minsk Qrupu adında format var və nə vaxtsa lazım olacaq. Ona görə də imtinaya əsas yoxdur”.

Həmçinin oxuyun

“Safari N MTK” dövlətə necə kələk gəlib? – İTTİHAM

Mənzilə görə ilkin ödəniş olaraq 50 min manat ödədim, yerdə qalan məbləği kredit şəklində 2 …

Bir cavab yazın