Ana səhifə / Sosial / Tofiq Zülfüqarov: Ter-Petrosyan daha təhlükəli rəqibdir…

Tofiq Zülfüqarov: Ter-Petrosyan daha təhlükəli rəqibdir…

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AzadlıqRadiosuna müsahibə verib.

Biz ondan son zamanlar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən hadisələrə, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın böyük hay-küyə səbəb olmuş çıxışına münasibət bildirməsini xahiş etmişik.

AzadlıqRadiosu: Ter-Petrosyan gələnilki parlament seçkilərinə “sülh, barışıq və mehriban qonşuluq” şüarı ilə getdiyini bildirib. Onun bu seçkilərdə uğur qazanacağını gözləyirsinizmi?

Tofiq Zülfüqarov: Yəqin ki, siz də onun öz partiyasının qurultayındakı çıxışını nəzərdə tutursunuz? Çox maraqlı bir çıxışdır və hesab edirəm ki, o bu çıxışında çox mühüm məsələlərə toxunub. Məncə bu artıq Azərbaycana, Azərbaycanın ictimaiyyətinə və rəhbərliyinə bir siqnaldır ki, aprel döyüşlərindən sonra Ermənistan cəmiyyətində bəzi dəyişikliklər yer alıb.

Biz başa düşməliyik ki, Ter-Petrosyan bir rəqib olaraq, çox təhlükəli rəqibdir. O Sarkisyanla müqayisədə daha bacarıqlı və daha təcrübəli bir siyasətçidir. Buna görə də əgər o belə təkliflərlə çıxış edirsə, deməli Ermənistandakı vəziyyət artıq birmənalı deyil.

Yəni Ermənistan ictimaiyyətində sülhü və barışığı istəyən qüvvələr, əlbəttə bu sülh və barışığın erməni versiyasıdır, artıq mövcuddur və onların başçısı da çox nüfuzlu bir erməni siyasətçisidir.

AzadlıqRadiosu: Siz xarici işlər naziri kimi fəaliyyətə başlayanda Ter-Petrosyan yenicə istefa vermişdi. O zaman Qarabağ danışıqlarında hansı dəyişikliklər oldu? Müşahidələriniz nə deyir? İndiki durum 1998-ci ildəkindən fərqlənirmi, yoxsa necə deyərlər, “köhnə hamam köhnə tasdır”?

Tofiq Zülfüqarov: Mən deyərdim ki, sizin bu sualınız bayaq haqqında danışdığımız çıxışla bağlıdır. Ter-Petrosyan bu çıxşı ilə deyib ki, mənim 18 il əvvəl təklif etdiyim məsələlər yenə də gündəmdədir. Amma o çatdırmaq istəyib ki, 18 il əvvəl Ermənistan Azərbaycana nisbətən daha güclü mövqedə idisə, indi əksinə, “biz daha zəif mövqedən həmin təkliflərə çıxşı edirik”.

Levon Ter-Petrosyan öz çıxışında bunu da deyib ki, İlham Əliyev realist bir siyasətçidir və o ümid edir ki, Əliyev bu təklifləri Ermənistanın zəifliyi kimi yox, praktik təkliflər kimi qəbul edəcək. Amma bir məsələyə toxunmaq istəyirəm.

Biz başa düşməliyik ki, həm 18 il bundan əvvəl, həm də indi bu münaqişənin oyunçulaqrı yalnız Ermənistan və Azərbayacan deyil. Burada üçüncü qüvvələr də var. 18 il bundan əvvəl üçüncü qüvvələrin əli ilə, açıq demək lazımdır ki, o vaxtkı Rusiya hökumətinin köməyi ilə Ter-Petrosyan devrildi. Biz unutmamalıyıq ki, xarici amil bu konfliktdə həmişə mövcuddur və çox böyük əhəmiyyət kəsb edir. Ona görə də Ter-Petrosyan bu təkliflərlə çıxış etməklə ümid edir ki, həmin o üçüncü qüvvələr, xarici qüvvələr Azərbaycanla Ermənistanın barışmasına hazırdır.

Təəssüflər olsun ki, öz çıxışında Ter-Petrosyan bu mövzuya toxunmayıb. Amma mən hesab edirəm ki, bu amil həddindən artıq vacibdir. Açıq alan sual budur ki, regiondan kənarda olan qüvvələr bu barışığa hazırdırlar, yoxsa yox. Çünki onların bəyanatları real addımlarından çox vaxt uzaq olur.

AzadlıqRadiosu: Sizcə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ən böyük əngəl nədir? Niyə bu danışıqlar illərdir ki, yubanır?

Tofiq Zülfüqarov: Ən böyük əngəl elə indicə dediyimdir. Baxaq görək apreldən sonra nə baş verib? Ümidlər var idi kiI, danışıqlar irəli gedəcək və sair…Amma qısa bir müddət ərzində Amerika Birləşmiş Ştatları Ermənistan ordusuna kəşfiyyat avadanlığı verdi.

Digər bir vasitəçi olan Rusiya qısa müddətdə Ermənistana raketlər verdi. Yəni danışıqlar üçün yaranmış təkan heçə endirilib.

İndi populist bəyanatlar üçün əsaslar daha çoxdur. Və bütün bu proseslər nə ilə nəticələndi? Kerry özünün məşhur çıxışında və daha sonra Uşakov da öz çıxşında tərəflərin hələ sülhə hazır olmadıqlarını dedilər. Bununla da apreldə yaranan optimizm və ümidlər ilin sonuna doğru puç oldu.

AzadlıqRadiosu: Azərbaycan İsraillə hərbi əməkdaşlığı sıxlaşdırır. Sizcə, İsraillə, yəhudi lobbisi ilə sıx əlaqələrin Qarabağ münaqişəsinin həlli prosesinə nə kimi təsirləri ola bilər?

Tofiq Zülfüqarov: Düşünürəm ki, bu hazırkı vəziyyətin inkişafında əsas amillərdəndir. Birincisi İsrail Azərbaycana yüksək texnoloji səviyyəli hərbi avadanlıq verir. Bu, münaqişədə real bir amildir. Zənnimcə Ermənistanda gedən proseslərdə bu amilin rolunəzərə alınmalıdır.

Hazırda müxtəlif söhbətlər gedir və gözlənilir ki, Azərbaycan İsraildən yenə də müasir silahları alacaq və daha da möhkəmlənəcək. Bu amil Ermənistan ictimaiyyətinə çox ciddi şəkildə təsir edir. Elə Levon Ter-Petrosyanın çıxışında da belə bir məqam vurğulanır ki, Ermənistan silah yarışında artıq Azərbaycana rəqib ola bilməz.

Onun çıxışında belə bir fikir irəli sürülür ki, belə davam edərsə, nə Ermənistanda, nə də Dağlıq Qarabağda əhali qalmaya bilər. Yəni ermənilər həm Ermənistanın, həm də Dağlıq Qarabağın dövlətçiliyini itirə biləırlər. Bir sözlə Azərbaycanın İsraillə tandemi çox mühüm bir amildir.

AzadlıqRadiosu: Ermənistanın İskander raketi almasından sonra sizcə, Azərbaycanın seçdiyi taktika düzgündürmü? Silah yarışı indiki maliyyə böhranı şəraitində düzgün yoldurmu?

Tofiq Zülfüqarov: Taktika barədə danışmaq hələ bir qədər tezdir, amma baş verən görüşlər, müxtəlif hərbi təmaslar göstərir ki, Azərbaycan öz hərbi imkanlarını genişləndimək niyyətindədir. Mən Pakistandan və İsraildən Azərbaycana edilən səfərləri də nəzərədə tuturam. Amma bəzi məqamlarda atılan addımları başa düşmək bir qədər çətindir. Məsələn, Ermənistana silahlar ötürüləndən sonra mən heç bir rəsmi tənqidi bəyanat eşitməmişəm. Bu bir qədər təəccüb doğurur, çünki, Azərbaycanda hamı bu silahların bizə qarşı yönəldiləcəyini başa düşür. Bu, apreldə yaranan təkanı heçə endirib.

Bu baxımdan rəsmi tənqid olmalıydı. Ondan əlavə başqa bir təəccüblü hadisə də baş verib. Hamburqda Azərbaycanın xarici işlər naziri Rusiya prezidentinə təşəkkür bildirib ki, o sülh naminə addımlar atıb və sair…Bu Ermənistana silah ötürüləndən sonra təəccüb doğura biləcək bəyanatdır. Yəni bu baxımdan Azərbaycanın mövqeyi daha prinsipial, daha da məntiqli olmalıdır.Hər halda rəsmi bəyanatlar verildikdə reallığa əsaslanmaq lazımdır.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın