Dünya ölkələrinin bir çoxunda şagirdlərin məktəbə gediş-gəlişinin təşkili üçün daşınma xidməti fəaliyyət göstərir.
Bu, ilk olaraq şagirdlərin məktəbə vaxtında və rahat şəkildə getməsini təmin edir. Eyni zamanda, valideynlər övladlarının təhlükəsizliyindən əmin olurlar. Belə daşınma xidməti olmadıqda isə məktəblilər müxtəlif problemlərlə üzləşirlər. Azərbaycanda məktəblilər üçün daşınma xidməti bir neçə özəl məktəb istisna olmaqla, demək olar ki, tətbiq edilmir.
Nəticədə də məktəblilər və onların valideynləri bir sıra problemlər yaşamalı olurlar. Belə ki, məktəblilər müəyyən məsafə qət etmək üçün uzun müddət dayanacaqlarda avtobus gözləyir. Əksər şagirdləri məktəbə valideynlərinin apardığını nəzərə alsaq, bu, avtobuslarda sərnişinlərin sayının daha da artmasına, tıxaca səbəb olur, eləcə də daha çox xərc tələb edir. Beləliklə, məktəblərdə daşınma xidmətinin olmaması şagirdlərin vaxt itkisi, həm təhlükəsizliyi ilə bağlı problem yaratmaqla yanaşı, həm də bir çox valideynin şəxsi avtomobildən istifadəsi ilə bağlı paytaxtda mövcud tıxacların daha da artması üçün şərait yaradır.
Onu da qeyd edək ki, məktəbə qəbul qaydalarına görə əvvəlcə yaxın ərazidəki şagirdlərin qəbuluna üstünlük verilir, yəni sagirdlərin daşınma xərci azalır. Ancaq hazırda problemlərdən biri də odur ki, heç də bütün şagirdlər yaxınlıqdakı məktəblərdə təhsil almır. Bunun isə əsas səbəblərindən biri valideynlərin yaxınlıqdakı məktəbdə təhsilin səviyyəsindən razı qalmamasıdır.
Nəticədə isə təhsil ili ərzində valideynlər övladları ilə birlikdə uzaq məsafə qət edirlər. Bu istiqamətdə mövcud problemin həlli kimi ilk növbədə məktəblərdə təhsil səviyyəsinin daha da artırılması vacibdir ki, şagirdlər məhz yaxınlıqdakı məktəblərə üstünlük versinlər. Eyni zamanda, məktəblərdə daşınma xidmətinin yaradılması önəmli amildir ki, şagirdlər müxtəlif çətinliklərlə üzləşməsinlər.
Bəs bu gün Azərbaycanda dövlət məktəblərində sagirdlərin daşınma xidməti yaradıla bilərmi?
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin daşınması məqsədilə büdcədə maliyyə vəsaiti nəzərdə tutulmayıb.
Göründüyü kimi, yaxın gələcəkdə dövlət ümumtəhsil müəssisələrində daşınma xidmətinin reallaması gözlənilmir. Əgər belə bir xidmətin yaradılması nəzərdə tutulmursa, o zaman məsələnin həll yolu kimi məktəblərdə tədrisin səviyyəsi daha da yüksəlməlidir ki, şagirdlər ən azı yaxınlıqdakı məktəbə getməli olsunlar.