Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / Tikinti şirkətindən narazı olan sakinlər aksiya keçirdi

Tikinti şirkətindən narazı olan sakinlər aksiya keçirdi

Bir qədər əvvəl prezident İlham Əliyevin fərmanı ilə Bakıdakı yeni tikililərin («novostroyka»ların) istismara qəbulu sadələşdirilib və tezliklə paytaxtda 400-dən çox binanın istismara qəbul edilməsi gözlənilir.

FED.az xəbər ki, həmin binaların istismara qəbul edilməsi üçün MTK-lara  6 ay vaxt verilib. Bu da ona əsas verir ki, binalar yeni qaydalara əsasən – MTK-lar tərəfindən deyil , sakinlər və ya idarəçi şirkət tərəfindən idarə olunmalıdır. Amma hazırda bəzi binalarda baş verən proseslər göstərir ki, bunu etmək asan olmayacaq. Bakıda sakinlərin idarə etməyə götürmək istədiyi daha bir binada MTK ilə qarşıdurma yaranıb. Söhbət paytaxtın Nərimanov rayonu Əliyar Əliyev 65 ünvanındakı «Qafqaz MTK» kooperativinin inşa etdiyi binadan gedir. 
Bir neçə ildir ki, sakinlərin böyük hissəsinin yaşadığı bina indiyədək təhvil verilməyib və digər binalar kimi MTK tərəfindən idarə olunur. Qeyd edək ki, ölkə qanunvericiliyinə bir neçə ay əvvəl edilən dəyişikliyə əsasən, belə binalar tezliklə MTK-lardan alınaraq sakinlərin və ya onların seçdiyi şirkətlərin idarəçiliyinə verilməlidir. Buna mane olmaq istəyənləri isə qanunvericiliyə uyğun olaraq ciddi cərimələr gözləyir. Amma MTK-ların bir hissəsi artıq inşası başa çatmış binaları sakinlərə təhvil verməyə tələsmirlər və hətta buna maneçilik yaratmaqdan belə çəkinmirlər. 
Mayın 22-də yaranan qarşıdurma da bununla əlaqədar idi. Bina sakinləri yaşadıqları binanı bu sahədə fəaliyyəti ilə tanınan «Rahat Yaşam» şirkətinin idarəçiliyinə vermək niyyətindədir. Qeyd edək ki, adı çəkilən şirkət hazırda Bakı və Sumqayıtda 20-dən çox  binanın peşəkar olaraq, yəni Türkiyə və Avropa  modeli ilə Azərbaycan qanunvericiliyinə uyğun olaraq idarəetməni həyata keçirir. 
«Qafqaz MTK»nın sakinləri binanı bu şirkətin idarəçiliyinə vermək üçün mart-aprel aylarından danışıq aparırlar. O vaxtdan şirkətin nümaynədələri ilə bir neçə dəfə görüş keçirilib, «Rahat Yaşam»ın nümaynədələri binaya gələrək onun texniki «chekc-up»nı həyata keçirib və mövcud tarifi 0.40 AZN –dən 0.35 AZN -ə edirərək yeni tarif müəyyən ediblər. Mənzil qanunvericiliyinə uyğun olaraq əvvəlcə sakinlərin ümumi yığıncağı keçirilib, sakinlərə şirkətin xidmətləri haqqında geniş məlumat verilib və sakinlərin qərarı ilə yetərsay imzalar toplanaraq şirkətin xidmətə başlaması protokollaşdırılıb. Daha sonra 10 gün əvvəldən bina giriş bloklarında elanlar elan lövhələrində yerləşdirilib. Bina sakinlərini şirkətin xidmətləri ilə tanış etmək üçün  bloklardan elanlar da asılıb.
Sakinlərdən razılıq imzaları toplanıb və artıq mayın 20-də şirkət binanı idarəyə götürməli idi. 
Problem də bundan sonra yaranıb. Həmin tarixdə buraya gələn «Rahat Yaşam» əməkdaşlarını binanın tikintisini həyatak keçirən MTK-nın və podratçı şirkətin rəhbərliyi, iş icraçıları (prorablar), onların əməkdaşları və mühafizəçiləri qarşılayıb. Şirkətə bildirilib ki, burada işləyə bilməzlər və seçim düzgün aparılmayıb. Həmin imzalar saxtadır və biz bu mülkiyyətçiləri tanımırıq. Halbuki onlar sakinlərin qəbul etdiyi qərara müdaxilə edə bilməzlər.
Qarşıdurma zamanı məlum olub ki, binanın tikintisini aparan podratçı şirkətin rəhbəri, eləcə də həmin binada bir neçə mənzili olan Davud Hacıyev bu plana qarşıdır və binanın idarəçiliyini öz şirkətinə  – «R-N Company» MMC-yə həvalə etməklə özünün və binada olan ona yaxın olan digər şəxslərin kommunal borclarını silmək, həmdə tikintidə buraxdıqları nöqsanları ört-basdır etmək  istəyir. Buna görə də binanı faktiki idarə edən, amma qanunla heç bir səlahiyyəti olmayan pordratçının göstərişi ilə «Rahat Yaşam»ın elanları yığışdırılıb və onun yerinə «R-N Company» MMC-nin elanları asılıb. 
Mayın 21-də podratçı şirkətin təşəbbüsü ilə sakinlərin iclası çağırılıb (binanın «R-N Company» MMC şirkətinə idarəetməyə verilməsi üçün). Amma sakinlərin  bu iclasa getməyib, cavabında mayın 22-də sakinlər öz iclaslarını təyin ediblər (binanı «Rahat Yaşam»a idarəetməyə vermək üçün). 
Mayın 21-də iclasda iştirakçı həddindən artıq az olsa da, məlum olub ki, binanın aktiv sakinlərindən biri Siyavuş Məcidov əsassız olaraq haqqında polisə şikayət var və onu polisə çağırıblar. Qeyd edək ki, adı çəkilən şəxs binanın «Rahat Yaşam»a idarəetməyə verilməsini dəstəkləyir. Şikayətin kim tərəfindən edilməsi açıqlanmayıb, S.Məcidov isə polisə gedib, amma şikayətin əsassız olduğu aydınlaşıb. 
Belə məsələlərə son qoymaq və binada bütün proseslərin qanun çərçivəsində aparıldığını sübut etmək üçün bina sakinləri mayın 22-də keçirilən toplantıya ərazi üzrə sahə müvəkkili ilə yanaşı Nərimanov RPİ-nin 15 –ci polis bölməsinin əməkdaşlarını da  çağırıblar. Buraya gələn polislər hər şeyin qanun çərçivəsində olduğunu – sakinlərin şirkət nümayəndələri ilə görüşmək istədiyini görərək, məsələyə qarışmayıb. Üstəlik, polis işçiləri də sakinlərə qoşularaq binaların idarə edilməsi ilə bağlı ölkədə tətbiq edilən yenilikləri maraqla dinləməyə başlayıblar. 
MTK rəhbərliyi müxtəlif bəhanələrlə görüş üçün qapalı yer ayırmadığına görə, toplantı elə binanın həyətində keçirilib.
Görüşdə əvvəlcə sakinlər binada uzun illərdən bəri üzləşdikləri və MTK tərəfindən həll edilməyən problemləri sadalayıblar. Sakin Siyavuş Məcidov bildirib ki, MTK binanın ərazisində müxtəlif lazımsız obyektlər tikir və buna görə hər dəfə sakinlərdən pul toplayırlar: «Yeni qazanxana tikilərkən MTK çəkməli olduğu xərcləri , dediklərinə görə 600 min manata başa gəlib.Sakinlərin bir qismindən məcbur alıblar.  Binada da 40 min kvadrat mənzil var, deyirlər mənzilin hər kvadratmetrinə görə 15 manat ödəməlisiniz. Biz sakinlər olaraq  bu qazanxananı istəmirik, bizimlə heç məsləhətləşməyiblər də».
Bəzi sakinlər isə bildirir ki, MTK binanın bəzi yerlərində özünün yerinə yetirməli olduğu fasad işlərini də sakinlərin üzərinə atır, nəticədə bəzi sakinlər indiyədək evlərinə köçə bilmirlər: «2012-ci ildə mənzil almışam, indi 2019-cu ildir, köçə bilmirəm. MTK tələb edirki, eyvanın çölə baxan hissəsini onların tələb etdiyi mozaika ilə üzləyək. Bunun da kvadratı 35 manatdır. Deyirəm ki, bu hissə fasaddırsa, həmin hissəni MTK özü xərc çəkib üzləməlidir, deyirlər xeyr, fasad sayılmır, deyirəm onda özüm bilərəm necə üzləyirəm, deyirlər ki, olmaz, bax belə vəziyyət yaradıblar». 
Toplantıda digər sakinlər binanın üzləmə işinin keyfiyyətsiz görülməsindən şikayətləniblər. Bildirirlər ki, artıq bəzi yerlərdə divarlardan qopmalar var: «Ona görə də uşaqlar həyətə buraxmağa çəkinirik ki, divardan başlarına nəsə düşər». 
Maraqlıdır ki, ötən il binanın «Azəriqaz»a 41 min manat borcu olduğu ortaya çıxıb. Sakinlər bu pulun yarısını toplayaraq qazın verilməsinə nail olublar: «Borca görə qaz kəsiləndə elektrik enerjisinə aylıq 200-250 manat ödəniş edirdik mənzil başına, baxmayaraq ki, sakin olaraq təyin edilmiş kommunal ödənişləri MTK-ya ödəmişdik»-deyə sakinlər bildirib. 
Sakinlərlə görüşən «Rahat Yaşam» şirkətinin nümayəndəsi Elxan Orucov binanın idarə olunması ilə bağlı planları açıqlayıb. Onun sözlərinə görə, toplanacaq vəsaitin məbləği artmayacaq, əksinə, bu vəsait hesabına binanın saxlanması və mühafizəsi ilə yanaşı, ortaya çıxa bilən problemlərin həlli üçün binada fond da yaradılacaq: «Bütün məsələlər qanuni həll olunacaq, ödənişlər onlayn aparılacaq və sakinlər bütün vəsaitlərin necə və hara xərclənəcəyini biləcəklər». Sakinlər E.Orucova binanın necə idarə olunacağı ilə bağlı suallarını ünvanlayıb və ətraflı cavablar alıblar. 
Məsələ ilə bağlı adı bir neçə dəfə hallanan və binanın idarəetməyə verilməsinə əsas maneə törətdiyi bildirən Davud Hacıyev isə FED.az-a bildirib ki, haqqında deyilənlər həqiqətə uyğun deyil, o sadəcə sakinlərdən biridir və binanın idarə olunması üçün qərarın şəffaf qəbul edilməsini istəyib:  «Əlbəttə ki, qərarı sakinlər verməlidir, amma bu prosesin şəffaf keçməsini istəyirik, istəyirik bütün sakinlər istəklərini öz imzaları ilə təsdiqləsinlər. Mən bu prosesdə sakin kimi çıxış edirəm. Özü də istəmirik ki kənardan şirkət gəlib idarə eləsin». D.Hacıyev bildirir ki, haqqında danışılan «R-N Company» şrkəti binanı idarəetməyə götürmək deyil, cəmi iki aylıq  tamamlama işləri aparmaq istəyir. Hərçənd, binada yapışdırılan elanlarda şirkətin məhz idarəetmə xidməti göstərmək istədiyi açıq aşkar öz əksini tapır. 
Binanın idarəetməyə verilməsinə mane olmağa görə, qanunla cəza nəzərdə tutulduğunu (bir qədər əvvəl İnzibati Xətalar Məcəlləsinə bu barədə dəyişiklik edilib – FED.az) Davud Hacıyevə xatırlatdıqda, o bildirib ki, həmin cərimələr o vaxt qüvvəyə minəcək ki, bina istismara qəul edilmiş olsun və buradakı bütün mənzillərə mülkiyyət hüququ (yəni «kupça») verilsin: «Hazırda binada heç kimin kupçası olmadığına görə, bu cərimələr tətbiq edilə bilməz». 
Amma bu iddianın həqiqətə uyğun olmadığını dəqiqləşdirmək çətin olmadı. İqtisadiyyat Nazirliyinin Mənzil Kommunal şöbəsindən (binaların idarəetməyə verilməsi məsələlərini bu qurum nəzarətdə saxlayır) FED.az-a bildirilib ki, binanı idarəeməyə götürmək üçün sakinlərin  əlində maliyyə arayışı olması kifayətdir: «Bina nəinki istismara verilməyibsə, hətta onun tikintisi başa çatmasa belə, bu arayış varsa, sakinlər Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini (MMMC) yara və binanın idarə edilməsinə başlaya bilərlər» – deyə şöbə müdirinin müavini Fərrux Dadaşov bildirib. 
Bu o deməkdir ki, hazırda istismara verilib-verilməməsindən asılı olmayaraq bütün yeni tikililərin, o cümlədən «Qafqaz MTK»nın idarə etməyə verilməsinə mane olmağa görə, cərimələr tətbiq edilə bilər. 
Bütün bu prosesə son qoymaq və binanın idarəçiliyini qanuni şəkildə həll etmək məqsədilə, «Qafqaz MTK»nin sakinlərinin mayın 26-da yeni toplantısı təyin edilib. Sakinlər bu toplantıya digər əlaqədar qurumların – o cümlədən İqtisadiyyat Nazirliyinin, yerli icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının, eləcə də KİV nümayəndələrini nümayəndələrini dəvət etmək niyyətindədirlər. 
Bu hadisə – yeni tikilinin idarəetməyə götürülməsi ilə bağlı yaşanan gərginlik, podratçı şirkətin və MTK nümayəndələrinin müqaviməti göstərir ki, dövlət qurumları əhalinin hələlik o qədər də məlumatlı olmadığı bu sahədə problemlərin yaranmaması üçün daha aktiv olmalı və bütün prosesi məntiqi sonunadək izləməlidirlər.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …