Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Tiflis və Tehrandan Bakıya qaz xəyanəti

Tiflis və Tehrandan Bakıya qaz xəyanəti

Azərbaycan prezidentinin İran səfəri ərəfəsində Tehranın təbii qazı Gürcüstana Ermənistan üzərindən satacağı açıqlandı; izolyasiyada olan işğalçı ölkənin tranzit ölkə rolu güclənir, ona indi Tiflis də “nəfəs verəcək”…

Qonşu Gürcüstanla cənub qonşumuz İran arasında Azərbaycanın da maraqlarına toxunan qaz anlaşması baş tutmaq üzrədir. Bu anlaşma çərçivəsində İran Gürcüstana ildə 200 milyon kubmetr qaz satacağını bəyan edib. Belə bir ilkin razılaşmanın Gürcüstanın energetika naziri Kaxa Kaladzenin fevralın 16-da Tehrana səfəri zamanı əldə olunduğu bildirilir. 
Razılaşmanı İranın Milli Qaz İxrac Şirkəti NİGEC-in prezidenti Əlirza Kameli gürcü nazirlə İranın neft naziri Namdar Zəncani arşında danışıqlardan sonra açıqlayıb. Kameli İran qazının Gürcüstana Ermənistan üzərindən nəql olunacağını da bildirib. “Tehran və Tiflis 200 milyon İran qazının bu Qafqaz dövlətinə ixracına dair danışıqlar aparır”, – deyə o, Kaladze ilə danışıqlarla bağlı bildirib.
Onun sözlərinə görə, Gürcüstanın dövlət və özəl sektoruna daxil olan müəssisələr İran qazını almaqda maraqlıdır. “Gözlənilir ki, İran qazının Gürcüstana nəqli martın 21-dən başlayacaq” – İran rəsmisi söyləyib. Qaz ixracına dair müqavilə qısamüddətli olacaq və 7 ay müddətə hesablanacaq, ancaq bu sahədə sonrakı əməkdaşlıq üçün baza rolunu oynayacaq. 
 
Bununla belə, Gürcüstanın qaz tranzitinə dair hələ Ermənistandan (əslində Rusiyadan-red.) icazə almalı olduğu deyilir. “Əgər sövdələşmənin iqtisadi tərəfi məqbul olarsa, daha sonra Gürcüstana qaz təchizatına dair uzunmüddətli və ortamüddətli müqavilə bağlanacaq” – Kameli əlavə edib.
***
Hazırda Gürcüstanın qaz istehlakının 88%-i Azərbaycanın hesabına həyata keçirilir. 12 faiz isə – Rusiyadan Ermənistana ötürülən mavi yancağın tranzitinə görə verilən kompensasiya əvəzidir.
Yada salaq ki, İran qazının Gürcüstana Azərbaycan üzərindən ötürülməsi variantı da nəzərdən keçirilirdi. Amma indi belə çıxır ki, tərəflər Ermənistan variantı üzərində dayanıb. Siyasi müşahidəçilərə görə, bu, Ermənistanın cüzi həcmdə də olsa üçüncü ölkəyə qaz tranzitini həyata keçirməsi, başqa sözlə, on illərdir davam edən təcrid vəziyyətindən çıxmaq üçün simvolik addım atması deməkdir.
Onu da qeyd edək ki, Tehran səfərindən az öncə Kaladze Bakıda olmuş, burada SOCAR rəhbəri ilə görüşlər keçirmişdi. Görüşlərin detalları açıqlanmasa da, gürcü nazir qısa bəyanatında İrandan alınacaq qazın Azərbaycan vasitəsilə nəqlini də istisna eləməmişdi. Artıq bəlli olur ki, Azərbaycan variantı arxa plana keçir.
Bu, həm də o anlama gəlir ki, Azərbaycanın strateji tərəfdaşı sayılan Gürcüstan da işğalçı ölkəyə daim “nəfəslik” rolunda olmuş İranla birgə Ermənistana təcriddən qurtuluş üçün töhfə verəcək. Bu, təbii ki, Azərbaycanı məmnun etməyəcək.
Bəzi təhlilçilər bunun ardınca Gürcüstandan keçərək Ermənistana gedən Abxaziya dəmir yolunun açılışının gündəmə gələcəyini istisna eləmirlər – əgər Rusiya tərəfi ilə anlaşma alınsa, daha dəqiqi, Kremlin Tiflisə təzyiqləri nəticə versə. Bu təzyiqlər axır vaxtlar Gürcüstanın NATO ilə daha da yaxınlaşması və hərbi təlimlər keçirməsi fonunda güclənməyə meyllidir, nəinki səngiməyə.
Bir şey dəqiqdir ki, Ermənistanın iştirakı ilə yeni qaz anlaşması yalnız Rusiyanın “dobrosu”ndan sonra mümkün ola bilər. Unutmaq lazım deyil ki, işğalçı ölkənin bütün energetik sferası, nəql marşrutları və kəmərləri “Qazprom-Ermənistan” şirkətinin  inhisarındadır.
***
Əlavə edək ki, fevralın sonlarında Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfəri gözlənilir. Həmin səfər zamanı Gürcüstana qaz ixracı marşrutunun müzakirə olunacağı da istisna deyil. Bundan başqa, prezident Əliyevin qısa zaman sonra  Gürcüstana səfər edəcəyi barədə də məlumatlar yayılıb. Böyük ehtimalla, hər iki səfər qaz məsələsində bütün “i”lərin üzərinə nöqtə qoyacaq. 

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın