Bazar , Yanvar 17 2021
Ana səhifə / Sosial / Tibbi zəlilərdən özbaşına istifadə ölümə gətirə bilər

Tibbi zəlilərdən özbaşına istifadə ölümə gətirə bilər

Həkim-mütəxəssis Seyfəddin Əsəddən xəbərdarlıq: “Zəlini ilk gün hara, ikinci gün hara qoymaq lazım olduğunu bilməlisiniz, yoxsa…”

Bir çox insanlar müxtəlif xəstəliklərlə üzləşdikdə dərmanla müalicədən çox, təbii vasitələrə üstünlük verir. Belə təbii vasitələr sırasında müxtəlif bitkilərlə yanaşı, tibbi zəli, qurbağa, arı kimi heyvanlar da var. Bəzən isə xəstələr bunu heç bir həkim məsləhəti olmadan, nənə və babalarından eşitdikləri üsullarla özləri tətbiq edir ki, bu da çox vaxt fəsadlara gətirə bilir.

Təbii müalicə üsulları sırasında ta qədim zamanlardan bu günə qədər gəlib çıxanlardan biri də zəli ilə müalicə üsuludur. Bu, alternativ təbabətdə ən çox yayılmış müalicə üsuludur. Onu da bildirək ki, zəli müalicəsi iltihablı yaralar, çiban, oynaq ağrıları, sonsuzluq, qan və qan dövranı problemləri, cinsi yolla yoluxan infeksiyalar, xroniki iltihab prosesləri, ürək qüsurları, ürəyin işemik ritmi, stenokardiya, maddələr mübadiləsinin pozuntusu, osteoxandroz (duzlaşma), uroloji, ağ ciyər, qara ciyər, mədə-bağırsaq, cinsi sfera, ginekoloji, cərrahi xəstəliklərdə (varikoz genişlənmə, babasil, hidradenit, çiban), revmatizm, dəri və bir sıra digər xəstəliklər zamanı tətbiq edilir. Zəli yeganə vasitədir ki, hətta ölmüş sinir hüceyrələrini də bərpa edir. Buna görə də zəli müalicəsi alternativ tibbin ən vacib elementi hesab edilir.

Seyfəddin Əsəd ile ilgili görsel sonucu

Onu da qeyd edək ki, tibbi zəlilər əsasən fabriklərdə yetişdirilir. Ümumilikdə dünyada zəlinin 500-ə yaxın, Azərbaycanda isə 17 növü var. Mütəxəssislər Rusiya, Ukrayna və digər xarici ölkələrin fabriklərində yetişdirilən steril zəlilərdən istifadə edilməsini məsləhət görürlər. Çünki həmin zəlilər qanla qidalanır və onlar tam steril şəkildə, üzərlərinə sertifikat vurulmaqla satışa çıxarılır.

Zeli.png (226 KB)

Zəli müalicəsinin tətbiqi haqda ilk dəfə Hipokrat dövründə bəhs edilib. Məhz buna görədir ki, bu gün əksər apteklərdə zəli satışına rast gəlmək mümkündür. Biz də aptekdə satılan zəlilərin qiymətini, necə istifadə edildiyini və satışının necə həyata keçirildiyini öyrənmək üçün qapısında “satışda zəli var” şüarı yazılan bir neçə aptekə baş çəkdik.

Aptek satıcıları zəlilərin tibbi zəli olduğunu bildirdilər. Xüsusi maye olan bankada saxlanılan və ədədi 1-3 manat arasında satılan zəlilər alıcılara reseptsiz satılır. “Həzi Aslanov” metrosu yaxınlığında yerləşən aptek satıcısı Əsmər Quliyevanın sözlərinə görə, zəli alıcıları daha çox yaşlılardır: “Bizdə satılan zəlilər tibbi zəlilərdir. Bunlar reseptsiz satılır. Ancaq yaxşı olardı ki, bunu insanlar özləri yox, həkim tətbiq etsin. Zəlidən yalnız bir dəfə istifadə edilməlidir. Bundan sonra zəli ölməlidir. Ancaq müəyyən xəstəliklər var ki, həmin xəstələrə zəli tətbiq edilsə, fəsadları ola bilər. Biz bu barədə alıcılara əvvəlcədən xəbərdarlıq edirik”.

Digər əczaçı-satıcı Fərid Mustafayev bildirdi ki,  zəlidən daha çox revmatizm xəstəliyi olanlar alır: “Zəlini iki dəfə istifadə etmək mümkündür. Bir şərtlə ki, birinci istifadəsindən 6 ay keçmiş olsun və o birinci dəfə sovurduğu qanı qusmuş olsun”.

Aptekdə satılan zəlilərin fabrikdə yetişdirilən tibbi zəli olduğunu təsdiq edəcək hansısa bir sertifikatın olub-olmamasına gəlincə isə sertifikatın olduğu bildirilsə də, bunu bizə göstərən olmadı.

Zeli (1).jpg (228 KB)

Mütəxəssis həkimlər zəlidən bir dəfə istifadənin mümkün olduğunu deyirlər. Əksəriyyət həkim isə ümumiyyətlə, bu cür türkə çarələrin tətbiqini məsləhət görmür.

Apteklərlə yanaşı müxtəlif elan saytlarında da zəli satışına rast gəlmək mümkündür. Pulsuz çatdırılma xidməti  ilə təklif edilən və tibbi zəli olduğu bildirilən bu zəlilərin isə nə dərəcədə faydalı olacağı sual altındadır.

Maraqlıdır, zəli alarkən nələrə diqqət edilməlidir, insan özü özünə zəli tətbiq edə bilərmi?

Təbii üsullarla müalicə həkimi Seyfəddin Əsəd zəlidən özbaşına istifadənin ölümə səbəb ola biləcəyini dedi: “Zəlini ikinci dəfə istifadə etmək olmaz. Zəli bir dəfə istifadə edildikdən sonra ölməlidir, öldürülməlidir. Özbaşına zəli qoymaq cinayətdir. Hətta insan bundan ölə də bilər. Xəstə öncə analizlər verməlidir. Daha sonra analizin nəticələrinə görə müəyyən edilə bilər ki, bu xəstəyə zəli qoymaq olar, ya olmaz. O qədər insan olub ki, biz ona demişik ki, sənə zəli qoymaq olmaz. Qanın laxtalanmaması problemi olanda zəli qoyularsa, həmin insan qanaxmadan ölə bilər. Yaxud qanın faizi aşağıdırsa və ya zəlinin əks göstəriş verə biləcəyi digər xəstəliklər varsa yenə xəstə mütləq müayinə olunmalıdır, ondan sonra zəli qoyulmalıdır. O ki, qaldı aptekdəki zəli satışına, tibbi zəli fabrikdə yetişdirilir. Çox təəssüflər olsun ki, bu gün xeyli adamlar zəliləri sudan tutub aparırlar. Mənə nə qədər zənglər gəlir ki, deyirlər, zəli alıb qoydurdum ayağım nə gündədir neymiyim. Xeyli narahat olan adamlar var. Ona görə də bu fabikdə yetişdirilən zəli olmalıdır, sudan, göldən tutulan yox. Fabrikdə yetişdirilən zəli heç vaxt ağırlaşma vermir və bu zəlilər mütləq mütəxəssis həkim tərəfindən qoyulmalıdır. Təəssüflər olsun ki, bəzi insanlar bunu nənəm öyrədib deyib özləri tətbiq edirlər. Zəlini ilk gün hara, ikinci gün hara qoymaq lazım olduğunu bilməlisiniz. Bədəni buna öyrəşdirənə qədər müəyyən nöqtələr var. Ondan sonra gözə, başa, dilə, hara qoyursansa, qoy. Ona görə də dediyim kimi, zəli mütləq mütəxəssis həkim tərəfindən qoyulmalıdır ki, fəsadlara gətirib çıxarmasın”.

Əlavə edək ki, xüsusilə də açıq su hövzələrindən toplanan zəlilər əgər 3 ay ac saxlanmadan satışa çıxarılarsa, onların başqa canlılardan topladığı qan insana keçə və əlavə xəstəliklərə səbəb ola bilər. Buna görə də həkim göstərişi olmadan zəlilərdən istifadə məqsədəuyğun hesab edilmir.

Həmçinin oxuyun

Azərbaycanda koronavirusa yoluxma sayı azaldı

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 845 nəfər müalicə olunaraq sağalıb, 322 yeni yoluxma faktı qeydə alınıb. …