Ana səhifə / Sosial / Ter-Petrosyanın indiki ağlı 30 il əvvəl olsaydı, nələr olardı… – TƏHLİL

Ter-Petrosyanın indiki ağlı 30 il əvvəl olsaydı, nələr olardı… – TƏHLİL

Bəlkə bu da bizim qüsurumuzdur. Amma nə etmək olar? Biz kinli millət deyilik. Ermənistan cəmiyyətindən də Dağlıq Qarabağ problemi və Azərbaycan – Ermənistan münasibətlərilə bağlı pozitiv fikir gələndə bunu çox isti qarşılayırıq. Prinsipcə, düz də edirik. Biz xəstə millət deyilik və başa düşürük ki, dünyada əbədi düşmənlər olmur və hər bir dövlətin milli təhlükəsizlik çabalarının birinci məqsədi özünü dost ölkələrlə əhatə etməkdir.

Görəndə ki, Ermənistanda gec də olsa, kimlərsə bunu anlayır və xalqını düz yola dəvət etməyə çalışır, təbii ki, bunu müsbət qarşılayırıq. Bu mənada, sözsüz ki, eks-prezident Levon Ter-Petrosyanın da çıxışları diqqətdən kənarda qala bilməz.

L.Ter-Petrosyan dünənin və ya bugünün siyasətçisi deyil, o, ilk siyasi dalğanın – 80-ci illərin siyasət adamlarındandır. Həmin dövrün, ilk azadlıq və milli oyanışlar illərinin siyasət adamları çoxdan səhnədə deyil, çoxu dünyasını dəyişib. Qalanlar isə ya sakit qocalıq həyatını yaşayır, ya da öz memuarlarını yazmaqla məşğuldurlar.

Ona qarşı irad və ittihamlar çoxdur. Qafqazdakı milli azadlıq hərəkatı liderlərindən ən çox hakimiyyətdə qalanı o, oldu. Və əgər vaxtında indiki kimi realist və praqmatik ola bilsəydi, həm ölkəsi, həm də bölgə üçün çox şey edə bilərdi.

Düzdür, vəziyyət mürəkkəb idi. Üç Qafqaz ölkəsindəki start vəziyyəti bir qədər fərqli idi. Məsələn, qonşu Gürcüstanda Zviad Qamsaxurdiya hakimiyyətə gələndə Azərbaycanı hələ Kremlin adamları idarə edirdilər və bölgədə siyasi sinxronluq haqqında danışmaq tez idi.
Üstəlik, Qamsaxurdiya da çox qəliz adam idi. Mən bu günün özündə də düşünürəm ki, əgər bu adam Gürcüstanda hakimiyyətdə qalsaydı, bəlkə də bizim hətta bu ölkə ilə də müəyyən problemlərimiz olacaqdı, çünki onun Gürcüstan milli azadlıq hərəkatındakı xidmətlərinə sayğımla bahəm bir məsələni yenə də qeyd etməyi vacib bilirəm ki, o adam daha çox şovinist təfəkkürlü siyasətçi idi.

Amma bölgədəki qeyri-müəyyənlik çox çəkmədi. 1992-ci ildən başlayaraq Azərbaycan da ciddi və ardıcıl müstəqillik kursu götürdü və ilk baxışda belə təəssürat yarana bilərdi ki, artıq siyasətləri uzlaşdırmağın məqamı çatıb. Amma kimə deyirsən?.. Təəssüf ki, erməni “milli azadlıq hərəkatı” əzəl gündən Qarabağın ilhaqı ideyası üzərində qurulmuşdu və bu gün bütün bunlar hamıya o qədər bəlli məsələlərdir ki, heç onun üstündə xüsusi dayanmağa da dəyməz.

Ona görə deyirəm ki, kaş, Ter-Petrosyanın indiki ağılı o vaxt olaydı! Amma onda o, belə etmirdi. Kremlin ətəyindən elə yapışmışdı ki, adam buna lap təəccüb qalırdı… Bəli, Azərbaycan əraziləri Ter-Petrosyanın vaxtında bir-bir işğal olundu. Kiçik bir fürsəti belə əldən vermirdilər və Bakıda kiçik qarışıqlıq olan kimi rayonları bir-bir ələ keçirir, əhalini qırır və yurdundan-yuvasından qovurdular. Bəli, biz belə L.Ter-Petrosyanı da xatırlayırıq!.. Bu adamdan sonra daha Ermənistan torpaq işğal etməyib – işğal planı onun vaxtında tamam başa çatdırıldı.

Sonrakı dövrlərdə də uzun müddət ağılı başına gəlmədi, “Usandım!” demədi, Azərabaycanla kontaktlar axtarmağa cəhd etmədi. Düzdür, elə bir an yetişdi ki, o, nəhayət ki, bunun zəruri olduğunu başa düşməyə başladı. Amma Kreml də bunu anlayan kimi onu hakimiyyətdən aşırdı və Ter-Petrosyan artıq öz xalqına istefada olan prezident kimi müraciət etməyə başladı.

L.Ter-Petrosyanın başqa bir maraqlı cəhəti də var. O, faktiki olaraq əsl mərkəzi erməni elitasını təmsil təmsil edən yegənə prezident oldu. Sonrakıların hamısı kriminal Qarabağ erməni klanının təmsilçiləridirlər.

Bir sözlə, L.Ter-Petrosyanın günahları çox böyükdür. Amma heç olmasa, sonradan səhvlərini başa düşübsə, bu da böyük işdir.

Nə verdi onun rəhbərlik etdiyi dırnaqarası “milli azadlıq” hərəkatı Ermənistana? Bunu heç milli – azadlıq hərəkatı adlandırmaq olardımı? Ermənistan oyuncaq və marionet bir ölkədir. Bölgənin ən geridə qalan dövlətdir… Budur reallıq! Bəlkə də Rusiyanın hər hansı bir əyaləti daha çox müstəqildir, nəinki Ermıənistan.

Üstəlik, Ermənistanın, eləcə də L.Ter-Petrosyanın özünün illərlə apardığı siyasət bütövlükdə bölgəni inkişafdan qoydu, ona olmazın acılar yaşatdı.

Mən bütün hallarda hesab edirəm ki, bu gün Azərbaycan cəmiyyəti də, elə Ermənistan cəmiyyəti də məğlub və sınmış bir cəmiyyətdir. Bəli, biz ermənilərdən daha toxuq, daha firavan yaşayırıq, həyatımızda bir azacıq müyyənlik var.

Amma bizim də yalnız qarnımız toxdur, ürəklərimizsə boş və sönükdür, çünki torpaqlarımızı azad edə bilməmişik, azad dövlətin vətəndaşlarına çevrilə bilməmişik.

Bəli, formal cəhətdən ermənilər “qalib” kimi görünə bilər – torpaqlarımızı işğal edən kimi görünürlər… Amma bu, təkcə formal cəhətdən belədir, əslində bu “qələbə” də onlarınkı deyil, Kremlindir!.. Hökumətimiz bunu dilə gətirməyə qorxsa da, biz həmişə bunu demişik və deyəcəyik də – Azərbaycan torpaqlarının işğalının arxasında Rusiya dayanıb və indi də dayanır.

“Qalib erməni xalqı”nın azadlığı və suverenliyi isə, bir daha deyirəm ki, Rusiyanın heç bir əyalətinin də müstəqillyi qədər də deyil. Gülməlisi budur ki, bunlar illərdir, Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər!.. Bunlara deyən lazımdır ki, ay bədbəxtlər, əvvəlcə bir özünüz üçün müstəqiilk qazanın, sonra durub Qarabağ haqqında da nəsə düşünün!

Əslində deyən çoxdur. Elə özlərinkilərdən də deyənlər var… Amma di gəl, eşitmək istəmirlər, çünki illərlə uydurduqları yalanlardan qopa bilmirlər!

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın