Şənbə , Yanvar 23 2021
Ana səhifə / Sosial / TAP layihəsinin reallaşması Aİ qədər ABŞ-ın da maraqlarına cavab verir – TƏHLİL 

TAP layihəsinin reallaşması Aİ qədər ABŞ-ın da maraqlarına cavab verir – TƏHLİL 

Fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirildi. Məşvərət Şurasının birinci toplantısı da bir il bundan əvvəl Bakıda keçirilmişdi. Bu bir il ərzində əldə edilən nəticələr bunlardır:
Birincisi, TANAP layihəsinin təməli qoyuldu. Azərbaycanla Türkiyəni birləşdirəcək boru xəttinin tikintisi qısa müddətdə başa çatacaq. Bu boru xəttinin qısa zamanda tikintisində əvvəl daha çox rəsmi Bakı maraqlı idi. Rusiya-Türkiyə münasibətləri gərginləşəndən sonra Ankara da Bakı kimi TANAP layihəsini qısa zamanda yekunlaşdırmaq istəyir. Təsadüfi deyil ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya son səfərində TANAP-ın tikintisini vaxtından əvvəl yekunlaşdırmağa çalışacaqlarını dedi.
İkincisi, bir il ərzində “Cənub Qaz Dəhlizi” layihəsini əhatə edən dövlətlər arasında əlaqələndirmə işləri və məsləhətləşmələr genişləndi. Məsələ burasındadır ki, TANAP layihəsi Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edir və hər 3 dövlət boru xətti çalışmalarını sürətlə davam etdirirlər. TANAP-ın davamı olan Trans-Adriatik (TAP) layihəsi ətrafındakı müzakirələr isə bir qədər ləng edir. Bu da TAP layihəsində iştirak edən dövlətlərinin sayının çox olması və bürokratik əngəllərin varlığı ilə bağlıdır. Məsələn, “TAP ekoloji duruma zərər vura bilərmi” sualı ətrafında bəzi Avropa dövlətlərində müzakirələr uzanır. Bu müzakirələr uzanmasın deyə TAP layihəsində iştirak edən dövlətlərin hökumətlərinin səylərini birləşdirilməsi vacibdir. Bakı toplantısının bir əhəmiyyəti də məhz bu birləşdirici funksiya daşımasıdır.
Üçüncüsü, bir il ərzində “Cənub Qaz Dəhlizi” layihəsinə Avropa İttifaqının dəstəyi artıb. Beynəlxalq maliyyə təşkilatları boru xəttinin tikintisinə kredit ayırmağı planlaşdırırlar. Müqayisə üçün deyək ki, beynəlxalq maliyyə təşkilatları NABUCCO layihəsinə kredit ayırmaqdan imtina etmişdilər. Çünki, NABUCCO daha böyük həcmdə qaz ixracatını nəzərdə tutduğundan boru xəttinin tikintisinə daha çox maliyyə vəsaiti lazım idi. TAP layihəsi isə NABUCCO qədər böyük hədəfi yoxdur və hələ ki, konkret olaraq yalnız Azərbaycan qazının Avropaya ixracatını nəzərdə tutur.
Dördüncüsü, rəsmi Bakı Kremlin TAP-a qarşı hər hansı təzyiqinin qarşısını alıb. Kreml NABUCCO-nun əleyhinə idi. Çünki bu boru xətti ilə Türkmənistan qazı da ixrac olunmalı, Xəzərin dibi ilə boru xətti tikilməli idi. Rusiya Avropa İttifaqının bu planlarının əleyhinə çıxırdı. NABUCCO-dan fərqli olaraq Moskva TAP layihəsinin əleyhinə çıxış etmir. Çünki söhbət yalnız Azərbaycan qazının Avropaya daşınmasından gedir ki, Kreml bu ixracatın həcminin az olacağını və bunun Rusiya maraqlarına təhlükə yaratmayacağını düşünür.
Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası imkan verdi ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin hazırki durumu da qiymətləndirilsin. Əgər keçənilki toplantıda Avropa İttifaqını ancaq Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç təmsil edirdisə, bu dəfə Bakıya Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini də gəlmişdi. Bu Brüsselin Azərbaycanla enerji əməkdaşlığına verdiyi önəmdən irəli gəlir. Digər tərəfdən Azərbaycanın xarici ticarətinin yarısı Avropa İttifaqı ölkələrinin payına düşür. Bu baxımdan rəsmi Bakı da Brüssellə təmaslarını genişləndirməyə çalışır.
Federika Mogerinin Azərbaycana səfəri enerji ilə yanaşı digər 3 mövzunün müzakirəsiylə də yadda qaldı:
Birinci mövzu. Azərbaycan Gürcüstan, Moldova və Ukraynadan fərqli olaraq Avropa İttifaqı ilə assosiativ saziş imzalamayıb. Rəsmi Bakı bunun əvəzinə Brüssellə strateji tərəfdaşlıq sənədi imzalamaq istəyir. Ancaq bu sənədin hazırlanması və sənəddə konkret olaraq hansı müddəaların yer alması haqqında dəqiq məlumat yoxdur. Böyük ehtimalla Mogerini Bakıda sənədin əsas müddəaları ilə tanış olub. Bakıdakı toplantıda Azərbaycan və Avropa İttifaqı rəsmiləri strateji tərəfdaşlıq sənədinin yaxın zamanlarda imzalanıb-imzalanmayacağına dair konkret fikir söyləmədilər. Bu isə o deməkdir ki, sənəd hələ tərəflər arasında razılaşdırılmayıb. Görünür, Brüssel həmin sənəddə enerji əməkdaşlığı ilə yanaşı insan hüquq və azadlıqları məsələlərinin də yer almasını istəyir. Yəni Azərbaycan hakimiyyətin bununla bağlı üzərinə müəyyən məsuliyyət götürməlidir. Elə Mogerini xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə açıq dedi ki, uzunmüddətli rifahın və inkişafın əsasını açıq cəmiyyət və azadlıqlar təşkil edir. Ona görə də Azərbaycanda hökumətlə vətəndaş cəmiyyəti arasında əlaqələrin varlığı Brüssel üçün çox əhəmiyyətlidir. Rəsmi Bakı isə Brüssellə bu mövzuların müzakirəsində maraqlı deyil.
İkinci mövzu. Mogerini Bakıda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsini müzakirə edib. Mogerini Bakıda dedi ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü səmərəli addım olardı. Bu Brüsselin Bakıya mesajıdır ki, əgər Azərbaycan Avropa İttifaqı ilə iqtisadi və ticarət əlaqələrini genişləndirmək istəyirsə Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü sürətləndirməlidir. Əslində indiki iqtisadi vəziyyət şəraitində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü xeyli aktuallaşıb. Neft pullarının çox olduğu dövrdə bu üzvlük rəsmi Bakı üçün arxa planda idi. İndi isə rəsmi Bakı yerli malların xarici bazarları ixracatını təşkil etmək istəyir. Bunun üçün isə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü əsas şərtlərdən biridir. Elə Mogerinin “Ümümdunya Ticarət Təşkilatına üzvlük daha dərin iqtisadi inteqrasiyaya gətirib çıxaran bir addımdır. Bu, Azərbaycanda keçirilən iqtisadi islahatlara da öz töhfəsini vermiş olardı” açıqlaması bu deyilənlərə sübutdur.
Üçüncü mövzu. Federika Mogerini Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Bakı üçün vacib açıqlamalar səsləndirdi. Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqiliyini dəstəklədiyini deyən Mogerini “status-kvo”nun qəbuledilməz adlandırdı: “Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq. Bu münaqişənin həlli bizim üçün prioritet olaraq qalır. Biz həmsədrlərə dəstək olmağa hazırıq. Avropa İttifaqı sülh danışıqlarının aparılmasına tərəfdardır və münaqişənin hərbi yolla həllini görmürük. Çalışmalıyıq ki, hər iki tərəfi sülh prosesinə mane olan çıxışlardan, hərəkətlərdən çəkindirək. Avropa İttifaqı sülhə yönəlmiş fəaliyyətlərə dəstək verəcək. Münaqişə tərəflərinin yaxınlaşması üçün əlimizdən gələni edəcəyik”.
Mogerini bir tərəfdən “Dağlıq Qarabağın müstəqilliyini tanımırıq” deməklə rəsmi Bakıya dəstək vermiş olur, digər tərəfdən “münaqişənin hərbi yolla həllinin əleyhinəyik” deməklə Azərbaycan hakimiyyətinə torpaqları güc yoluyla alınması fikrindən daşındırmaq istəyir. Azərbaycan üçün regional enerji və nəqliyyat layihələrinin ön plana keçdiyi indiki mərhələdə rəsmi Bakının özü də müharibənin başlanmasında maraqlı deyil.
İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasında çıxışı zamanı xüsusi olaraq ABŞ-ın dəstəyindən danışdı: “Layihəni dəstəkləyən ölkələrə, xüsusilə ABŞ-a minnətdarıq”. İlham Əliyev ötən ilki toplantıda da ABŞ-ın Azərbaycanın enerji layihələrinə verdiyi dəstəyə görə minnətdar olduğunu bildirmişdi. Azərbaycan prezidenti bu zaman ABŞ-ın Bakı-Tiflis-Ceyhan layihəsinə verdiyi uzunmüddətli dəstəyi də xatılatmışdı.
2015-ci ilin fevral atyında olduğu kimi builki Məşvərət Şurasında da ABŞ-ı Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyəti təmsil edirdi. İlham Əliyev Dövlət Departamentinin nümayəndəsi ilə ayrıca da görüşdü.
TAP layihəsinin reallaşması Avropa İttifaqı qədər ABŞ-ın da maraqlarına cavab verir. Vaşinqton Avropanın Rusiyanın enerji asılılığından azaldılmasını istəyir. Bunun yollarından biri də Azərbaycan qazının Avropaya çatdırılmasıdır. Vaşinqton ikinci mərhələdə Türkmənistan qazının da Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılmasına çalışacaq. Ancaq bu gələcətyin işidir. Hələliksə amerikalı diplomatlar Azərbaycan qazının Avropaya çatdırılması üçün Avropa paytaxtlarında lobbi fəaliyyətlərini genişləndiriblər. Elə məhz bu faktorun özü Azərbaycanla ABŞ arasındakı münasibətlərin genişləndirilməsini, dialoqu zəruri edir. İlham Əliyevin martın sonlarında Vaşinqtona keçiriləcək nüvə təhlükəsizliyi konfransına dəvət edilməsi də ABŞ-ın Cənubi Qafqazda Azərbaycana verdiyi əhəmiyyətdən irəli gəlir.
“Atlas” Araşdırmalar Mərkəzi

Həmçinin oxuyun

Cərimələr silinir, plyonkaya icazə verilir

“İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər müsbət addımdır. Biz neçə ildir ki, bu barədə təklif …

Bir cavab yazın