Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Sosial / Tamerlan Qarayevin Bakıya niyə gəldiyi bilindi

Tamerlan Qarayevin Bakıya niyə gəldiyi bilindi

Bayram Səfərov səfirlə görüşündən danışdı

 
Azərbaycanın İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevin Bakıya gəlməsi mətbuatda müzakirlərə səbəb olub. Azərbaycan Ali Soveti sədrinin sabiq birinci müavini işləmiş, ölkənin ciddi siyasət adamlarından biri olan T.Qarayevin Bakıda olması təbii ki, diqqətdən kənarda qala bilməzdi. Xüsusilə də ölkəmizdə ciddi hadisələrin baş verdiyi zamanda, üstəlik, diplomatik korpusdakı sensasion hadisələrin fonunda diplomatın Azərbaycana gəlməsi müxtəlif söz-söhbbətlərə səbəb olub. 
Qeyd edək ki, səfir təyinatından əvvəl T.Qarayev qarabağlıları bir araya gətirmək üçün təşkilat da yaratmışdı və xeyli insanı ətrafına cəlb etmişdi. Bu mənada onun hər gəlişi az qala hadisə kimi qarşılanır, hansısa proseslərin başlanğıcı kimi yozulur. Yayılan məlumata görə, Tamerlan Qarayev Xocalıdan olan şəhid ailələri ilə görüşüb. Səfirin şəhid ailələri ilə görüşü Dağlıq Qarabağın Azərbaycanlı İcmasında baş tutub. Görüşdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov da iştirak edib.
T.Qarayevlə görüşmək, heç olmasa telefonla danışmaq üçün gün ərzində çox cəhd göstərsək də, bu, mümkün olmadı. Səfir üçüncü şəxsin vasitəsilə üzrxahlıq edərək danışa bilməyəcəyini söylədi.
XİN-dən də səfirin gəlişinin məqsədləri barədə konkret münasibət öyrənə bilmədik. Sadəcə bildirildi ki, İndoneziyadakı səfirimiz işini davam etdirir, rotasiya məsələləri isə prezidentin müstəsna səlahiyyətindədir. 
Teleqraf.com-un xəbərinə görə, T.Qarayevin Bakıya gəlişi səbəbsiz deyil. Belə ki, səfir İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolisin rəhbərlik etdiyi nümayəndə heyətini müşayiət edir. N.Xolisin Bakıya səfərində isə əsas məqsəd Xocalı soyqırımının araşdırılması, bununla bağlı təsdiqləyici faktların toplanaraq dünyaya tanıdılmasından ibarətdir. İndoneziyalı qonaq bunu oktyabrın 21-də xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşündə özü bildirib. Həmin görüşə dair Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı fotoda T.Qarayevin nazir müavini Xələf Xələfovun yanında əyləşdiyi görünür. Onu da qeyd edək ki, yüksək vəzifəli şəxslərin səfərləri zamanı səfirlərin onları müşayiət etməsi adi haldır. Bu, dövlətlərarası münasibətlərdə qəbul olunmuş bir qaydadır.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov “Yeni Müsavat”a dedi ki, T.Qarayev İndaneziyanıln Ombudsmanını müşayiət edib: “Ombudsman Xocalıdan sakinləri ilə görüşmək istəyib. Tamerlan müəllim də həm tərcüməçi kimi, həm də qarabağlı kimi görüşə qatılmışdı”.
İcma rəhbəri dedi ki, hələlik T.Qarayev Bakıdadır: “İndoneziyadan gəlmiş nümayəndə heyətinin görüşləri var idi. Əvvəl İcmada görüş keçirtdilər, sonra Xocalı sakinləri ilə. Ölkə prezidentinin göstərişi ilə Xocalıda hər iki valideynini itirən Xocalı uşaqlarına mənzillər verilib”. B.Səfərov T.Qarayevin Bakıda olmasını təəccüblü saymadı: “Hər il Bakıya gəlir, Vətəni unutmur”. İcma rəhbəri səfirlə həmsöhbət olduğunu da vurğuladı: “Mən Tamerlan müəllimi indi tanımıram ki…
Onu neçə illərdir tanıyıram. Ona münasibətim çox yaxşıdır. Özü də kimin mənə münasibəti necədirsə, mənim də münasibətim adekvatdır. Tamerlan müəllimlə də normal münasibətlərimiz var”. B.Səfərov T.Qarayevin söhbət zamnaı gələcək palnları barədə hər hansı bir söz demədiyini də qeyd etdi.
Tamerlan Qarayev 1991-1993-cü illərdə Milli Məclis sədrinin müavini, daha sonra isə birinci müavini vəzifələrində işləyib. Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətdən devriləndən sonra Tamerlan Qarayev diplomatik fəaliyyətə başlayıb. O, Azərbaycanın 1993-2001-ci illərdə Çindəki, 2004-2011-ci illərdə isə Hindistandakı səfiri diplomatik vəzifəsində  işləyib. Tamerlan bəy 2011-ci ildən İndoneziyada səfirdir. Modern.az xəbər verib ki, səfirin oğlu Ruslan Qarayev də atasının yanında – İndoneziyada çalışır. O, SOCAR-ın İndoneziyadakı təmsilçiliyinin rəhbəridir. R.Qarayev əvvəllər Milli Məclisdə işləyib.

Həmçinin oxuyun

Məşhur kolbasa şirkəti cərimələnib

Bakı Apelyasiya Məhkəməsində “Zəhmət-Ruzi” MMC-nin 300 manat cərimə edilməsi barədə qərardan verilən şikayətə baxılıb. “Report”un …

Bir cavab yazın