Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / TALEH ŞAHSUVARLI VİRTUAL SƏSVERMƏNİ SƏRT TƏNQİD ETDİ

TALEH ŞAHSUVARLI VİRTUAL SƏSVERMƏNİ SƏRT TƏNQİD ETDİ

Taleh Şahsuvarlı: “Parlament seçkiləri kampaniyasında müxtəlif saytların təşkil etdiyi sorğular da elmi əsaslardan çox-çox uzaqdır”

Əli Orucov: “Yəqin fikirləşirlər ki, real deputat ola bilmirlərsə, heç olmasa virtual deputat olsunlar”

Bu parlament seçkilərində namizədlərin davranışı və təbliğat taktikasında maraqlı detallara rast gəlirik. Əvvəllər namizədlər təbliğat üçün medianın imkanlarından daha geniş formada istifadə etmək istəyirdilərsə, hazırda bu nəzərə çarpmır.
Bu gün cəmiyyətimzdə sosial şəbəkələrə olan maraq namizədləri də həmin məkana səfərbər edib. Əksər namizədlər təbliğatları ilə bağlı materialları səhifələrində paylaşırlar. Bütün bunlarla bərabər, seçkiyə bir müddət qalmasına baxmayaraq, artıq seçkinin virtual qalibləri də müəyyən edilir.
Söhbət bəzi saytlarda təşkil edilən virtual səsvermələrdən gedir. Belə nəticələr seçkinin real nəticələrinə hansısa formada təsir edə bilərmi?
Deputatlığa namizəd və daha çox virtual səsvermənin tənqidçisi kimi tanınan Taleh Şahsuvarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələyə ilk növbədə bir sosioloq kimi yanaşır:

“Sosioloji baxımdan Azərbaycanda keçirilən virtual sorğuların heç bir elmi əsası yoxdur. Parlament seçkiləri kampaniyasında müxtəlif saytların təşkil etdiyi sorğular da elmi əsaslardan çox-çox uzaqdır. İlk növbədə ona görə ki, həmin sorğuda rəy bildirənlər konkret dairənin seçiciləri deyil, hətta bir çoxlarının bəlli dairə ilə heç bir təması da yoxdur. Digər yandan, bu cür sorğu keçirən bütün saytlarda texniki baxımdan səsvermə naqis təşkil edilib. Məsələn, mənim namizəd olaraq seçkiyə qatıldığım 16 saylı Yasamal İkinci Dairəsində reytinqlərin müəyyənləşdirilməsində mən texniki baxımdan yetərincə qüsur gördüm. Çox təəssüf ki, süni şəkildə də mənim dairədə birinciliyimə əngəllər yaradılmağa cəhdlər oldu. 3 mindən çox şəxsin mənə səs verməsini dəqiq bilsəm də, sorğuya bu dəqiqəyə qədər 600 səslə birincilik edirəm. Başqa bir portalda isə saxta profillər vasitəsilə asanlıqla səs vermək olur. Ona görə də bu cür sorğulara bel bağlamaq namizədin özünü aldatmasından başqa bir şey deyil. Sadəcə, məsələnin başqa bir tərəfi də var. Bu cür sorğular, əgər nəticələr süni şəkildə saxtalaşdırılmasa, namizədin ictimai çəkisinin olub-olmamasına aydınlıq gətirir. Misal üçün, 16 saylı dairədə 13 namizəd var. Ancaq mənim (42%) və ən yaxın rəqibim Erkin Qədirlinin (38%) səslərini üst-üstə gələndə məlum olur ki, həmin dairədə rəqabətin gerçək tərəfləri kimlərdir. Əgər iki nəfər birlikdə 80%, qalan 11 nəfər toplam olaraq 20 faiz civarında dəstək görürsə, deməli, onlar seçimlərə qədər cəmiyyətin önünə fikirlə, ideya ilə, mövqe ilə çıxmayıblar. Onlar ictimai rəyin formalaşmasında hər hansı rol oynamayıblar. İctimai rəyin formalaşması prosesindən bu şəkildə uzaq adamların isə parlamentdə təmsil olunması bahalı neft erasının bitdiyi bir dövrdə xeyli təhlükəlidir”.
Deputatlığa namizəd Əli Orucov da hesab edir ki, virtual səsvermə real nəticəni əks etdirmək qabiliyyətində deyil:

“Bu yalnız seçicilərin aldadılmasına hesablanan psixoloji metod ola bilər. Mən həmin nəticələrlə tanış oluram. Seçkidə şansı sıfıra bərabər olan bəzi namizədlər səsvermədə liderlik edir. Elə ilk andan da görünür ki, kimlərsə özünü virtual qəhrəman etməkdə maraqlıdır. Yəqin fikirləşirlər ki, real deputat ola bilmirlərsə, heç olmasa virtual deputat olsunlar”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Əhmədin “davamçıları”: Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə “Əhməd sendromu” hökm sürür.  Bu dəfə  2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı …

Bir cavab yazın