Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / “Taleh Bağırzadə din pərdəsi altında ölkəyə xəyanət edənlərdəndir” – deputat

“Taleh Bağırzadə din pərdəsi altında ölkəyə xəyanət edənlərdəndir” – deputat

“Çox təəssüf ki, ölkəmizdə xarici dairələrin marağını təmsil edən və din pərdəsi altında ölkəyə xəyanət edən şəxslər var. Taleh Bağırzadəni onların sırasına daxil etmək olar”. Dia.az-ın sia.az-a istinadən xəbərinə görə, bu sözləri Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib. O bildirib ki, xaricdən idarə olunan kadrlar var ki, onlar dini cərəyanları təmsil edirlər: “Hansı ki, həmin şəxslər hətta Suriyaya döyüşməyə adam göndərirlər. Ölkəmizin mənafeyini düşünməyən şəxslər xəyanətkar simalardır. Cəmiyyət bu tipli insanlara qarşı həssas olmalı, onlara qarşı mübarizə aparmalıdır. Həmin şəxslər ölkəsinə düşmən olanlardır”.

Deputat Nardaran hadisələrinə görə həbs edilən Taleh Bağırzadənin məhkəmə prosesinin başlamasına münasibət bildirərkən belə deyib.

Politoloq Cümşüd Nuriyev isə bildirib ki, Türkiyədə yaşanan son hadisələr də göstərir ki, dini təmayüllü qruplar çevriliş cəhdində maraqlıdırlar: “Azərbaycanda təklif olunan Konstitusiyaya dəyişiklikdə də bu məsələlərə ciddi önəm verilib. Gözümüzün önündə Türkiyə nümunəsi var. Hadisələr göstərir ki, əgər dövlət zamanında bunun qarşısını ala bilirsə, deməli, o, güclüdür. Azərbaycan prezidentinin yürütdüyü həm daxili, həm də xarici siyasət uğurlu və ağıllıdır. Azərbaycan dövləti öz maraqlarını qoruyur. Lakin ölkəmizdə çox təəssüf ki, Taleh Bağırzadə kimiləri var. Dini siyasətə çevirmək düzgün deyil. Azərbaycanda bunu sınaqdan keçirməyə çalışsalar da, bu alınmadı. Azərbaycan dövləti və xalqı oturuşub. Minlərlə Taleh Bağırzadələr olsa da, ölkəni nikişaf yolundan döndərə bilməyəcəklər”.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev söyləyib ki, Tale Bağırzadə Nardaran hadisələri ilə ölkədə xaos yaratmağa cəhd edib və onun əməllərini terror kimi qiymətləndirmək olar: “Ölkəmizdə sabitliyi pozmağa cəhd edən bu qrupun nümayəndələri nəinki Nardaranda, digər bölgələrdə də hansısa addımlar atmağa cəhd etdilər. Ölkəmizin təhlükəsizliyinin yüksək səviyyədə qorunması nəticəsindən onlar tutuldu. Bütün bunlar həmin qrupun ölkəmizdə terror hadisəsi törətmək istəyini araşdırmağa əsas verən amillərdir”.

A.Quliyev deyib ki, ölkəni təhlükəli məkana çevirmək istəyən şəxsləri müdafiə edənlərin məntiqi başa düşülmür: “Əksinə onlardan soruşmaq lazımdır ki, ölkənin sabitliyini, təhlükəsizliyini pozmağa cəhd edən qrupun maliyyəsi haradan gəlirdi və onlar təlimatı haradan alırdı? Biz müsəlman ölkəsiyik və hər birimiz onun dəyərlərinə hörmətlə yanaşan insanlarıq. Bu baxımdan Taleh Bağırzadənin din pərdəsi altında etdiklərini islamla əlaqələndirmək qəti yolverilməzdir. Din pərdəsi altında istər ölkədə, istərsə də ölkədən kənarda müxtəlif siyasi məqsədlər yolunu tutmaq bağışlanmazdır”.

Aydın Quliyevin sözlərinə görə, hazırda T.Bağırzadə və tərəfdarları onlara qarşı irəli sürülmüş və faktlara əsaslanan ciddi ittihamları təkzib etməklə məsələni siyasiləşdirməyə çalışırlar: “Taleh Bağırzadə məhkəmədəki emosional nitqini faktların təhrif olunması, ictimai rəylə manipulyasiya cəhdi üzərində qurur, özünü zərərçəkmiş və hüquqları tapdalanmış kimi qələmə verməyə çalışır. Ancaq hesab etmirəm ki, belə cəhdlərlə o, nəyəsə nail ola bilsin. Əminəm ki, Azərbaycan məhkəməsi dövlətin hüquqi əsaslarını sarsıtmağa çalışan, cəmiyyətdə sabitliyi və təhlükəsizliyi pozaraq Azərbaycanı Suriyaya, Liviyaya, İraqa çevirməyə uğursuz cəhd göstərən bu qara qüvvələrin əməllərinə layiqli qiymət verəcək”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın