Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / “Təyyarə faciəsi Rusiya hakimiyyətinə bir siqnaldır”

“Təyyarə faciəsi Rusiya hakimiyyətinə bir siqnaldır”

Elxan Şahinoğlu: “Putin Suriyaya müdaxilə qərarı verərkən onun gələcək fəsadlarının hamısını hesablaya bilmədi…”

 
Rusiyanın Suriyada İŞİD qüvvələrinə qarşı əməliyyatlar adı ilə başlatdığı hərbi əməliyyatlardan oktyabrın 31-də bir ay ötdü. Bu vaxta qədər Rusiya Hərbi-Kosmik Qüvvələrinin (HKQ) Suriyada İŞİD-in 1600-dən çox infrastruktur obyektini məhv etdiyi bildirilir. Bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Andrey Kartapolov məlumat verib: 
“Rusiya aviaqrupunun Suriya Ərəb Respublikasında hərbi əməliyyatlara başlamasından bir ay ötdü və müəyyən yekunlar barədə danışmağın vaxtı çatıb. Ötən bir ay ərzində bizim təyyarələr 1391 hərbi uçuş edərək terrorçuların 1623 obyektini məhv edib. Bura 249 müxtəlif idarəetmə məntəqəsi və rabitə qovşağı, terrorçuların hazırlanması üçün 51 düşərgə, terrorçuların əldəqayırma partlayıcı qurğu hazırladığı 35 zavod və emalatxana, 131 döyüş sursatı və yanacaq anbarı, həmçinin 371 dayaq məntəqəsi və istehkam mərkəzi, 786 səhra düşərgəsi və müxtəlif bazalar daxildir”.
Rusiyanın Suriyada İŞİD-ə zərbələr endirməyə başlamasının düz bir ayının tamamında -31 oktyabrda Misirin Sinay yarımadası üzərində Rusiyanın sərnişin təyyarəsi müəmmalı şəkildə qəzaya uğrayıb və 224 nəfər həlak olub. Təyyarə Şarm əl-Şeyxdən Sankt-Peterburqa uçurmuş. İŞİD terror təşkilatı Misirdə qəzaya uğrayan Rusiya təyyarəsini vurduqlarını iddia edib. Rusiya təyyarənin vurulduğunu təkzib edirdi. İŞİD-in Misir qolu təyyarənin videosunu da paylaşıb. Rusiya mətbuatında yer alan məlumata əsasən, təyyarə ilk uçuşunu 1997-ci ildə edib. Təyyarə bir dəfə eniş edərkən quyruğu yerə sürtünüb və aylarla təmirdə qalıb.
İŞİD-in təyyarə hadisəsini öz üzərinə götürməsindən sonra alman aviadaşıma şirkəti “Lufthansa” Misirin Sinay yarımadası üzərində hava uçuşları dayandırmaq qərarı verib. Qərar Rusiya sərnişin təyyarəsinin həmin nahiyədə qəzaya uğraması ilə əlaqədar verilib. Məlumata görə, uçuşlar Airbus 321 təyyarəsinin qəza səbəbləri tam dəqiqləşənədək dayandırılıb. Bundan qabaq Fransanın “Air France” şirkəti sözügedən ərazi üzərində hava reyslərini təxirə salmaq barədə qərar vermişdi.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, təyyarə faciəsinin texniki qəza və ya terror nəticəsində baş verib-verməməsindən asılı olmayaraq bu hadisə Rusiya üçün siqnaldır: “Ukraynada hakimiyyət dəyişikliyindən sonra  Putin təkbaşına qərar verdi ki, Krımı və Donbası Ukraynadan ayırmaq lazımdır. Putin bu qərarı verərkən bunun gələcək fəsadlarının hamısını hesablaya bilmədi və fəsadlar Rusiya üçün çox ağır oldu. Moskva bundan nəticə çıxarmadı və Suriyaya qırıcı təyyarələr yeritdi, bu ölkənin ərazisinə raket zərbələri endirdi. Putin bununla guya Rusiyanın gücünü nümayiş etdirirdi. İnanmıram ki, bu addımın da bütün fəsadlarını ölçüb-biçə bilmişdi. Çünki İŞİD-i bombalamaq və dünya güclərinin hədəfində olan Əsədə dəstək vermək o qədər asan məsələ deyil. İŞİD Rusiyaya savaş elan etdi. Əsədə dəstək Rusiyanın Türkiyə, ABŞ və Avropa ilə münasibətlərinə ciddi soyuqluq gətirdi. Rusiyanın Suriyaya zərbə endirməsinin tam bir ayının tamam olduğu gün Misir üzərində Rusiyanın sərnişin təyyarəsinin partlaması, qəzaya uğramasının təsadüfi texniki qəza olduğunu, yoxsa İŞİD-in bu hadisəni həyata keçirdiyini dəqiq söyləmək çətindir. Hərçənd İŞİD-in bunu öz üzərinə götürdüyü məlumatı yayılıb. Əvvəllər də bilgilər var idi ki, İŞİD-in Sinay yarımadasında tərəfdarları, törəmə qruplaşması var. Təyyarə məhz Sinay yarımadasına düşüb. Bəlkə də bu hadisəni heç İŞİD etməyib və texniki qəza 224 insanın həyatına son qoyub. Amma hər bir halda bu hadisə artıq Rusiya hakimiyyətinə siqnaldır ki, terrorçular harda mümkündürsə Rusiya vətəndaşlarını və mərkəzlərini hədəf alacaqlar”.
Ekspert qeyd etdi ki, bundan sonra Rusiya vətəndaşlarının təhlükəsizliyi üçün addımlar atmalıdır: “ABŞ-ın özü terrorçulara qarşı savaş aparanda öz vətəndaşlarının təhlükəsizliyi haqqında düşünür. İsraildə də bu cür siyasət var. Əvvəlcədən vətəndaşlarına xəbərdarlıq edirlər ki, hansı ölkələrə getməsinlər. Rusiya hakimiyyəti isə belə məsələlərə diqqət etmir. Rus turistlər Qərb turistlərinin getmədiyi ən təhlükəli yerlərdə gedib dincəlirlər. Bəzən görürük ki, bunun fəsadları da olur. Əgər Rusiya İŞİD kimi təhlükəli qruplaşmaya zərbələr endirirsə, ABŞ və digər Qərb ölkələri kimi düşünməlidir ki, bunun əks zərbələri də olar və vətəndaşlarının təhlükəsizliyi haqqında düşünməlidir. Çeçenistan müharibəsi zamanı çeçen mücahidləri harda mümkün idisə Rusiyaya zərbələr endirirdilər, yüzlərlə Rusiya vətəndaşının həlak olduğu əyləmlər həyata keçirilirdi. Yəni Çeçenistanda Moskvanın apardığı müharibəni belə fəsadları olurdu. Misir üzərində 224 nəfərin həlak olması ilə nəticələnən təyyarə faciəsi Moskvanı diqqətli olmağa vadar etməlidir”.

 

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın