Ana səhifə / Sosial / “Tələbə kreditləri bağışlana bilər” deyən nazirlik rəsmisinə sərt reaksiya

“Tələbə kreditləri bağışlana bilər” deyən nazirlik rəsmisinə sərt reaksiya

Tələbə kreditləri sosial kreditlərdir. Tələbələr isə bu krediti götürməyə çəkinirlər. Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında “Təhsil haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Y.Piriyev kreditlərə görə faiz tutulmadığını xatırladıb: “Başa düşmürlər ki, bu, sosial kreditlərdir. Buna görə faiz tutulmur. Hətta bəlkə dövlət başçısı bunu nə vaxtsa bağışlayacaq, bu ödənişi tələb etməyəcək”. Təhsil ekspertləri bu cür açıqlamanı nə qədər doğru hesab edir? Bu, “onsuz da geri istəməyəcəklər” deyib, kreditlərin ödənməsində hökumətə problem yarada bilərmi?

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danşıb: “Hazırda Azərbaycanın 51 ali təhsil müəssisəsində 187 min, orta ixtisas təhsil müəssisəsində, yəni kolleclərdə 60 min tələbə təhsil alır. Ölkə Prezidenti İlham Əliyev tərəfindən yaradılan Təhsil Tələbə Kredit Fondu ali  və orta ixtisas təhsil müəssisələrində bakalavr, magistratura pilləsində əyani, ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqlarını ödəməyə yönəlmiş layihə olaraq yaradılıb və layihə təhsil alan  şəxslərin 2 formada kredit alma imkanlarını təklif  edir. Onlardan biri standart, digəri isə güzəştli kreditlərdir. Bildiyiniz kimi, güzəştli kreditlər sosial kreditlər hesab olunur və fərqli olaraq burada 1 faiz tutulmaqla verilir. Dünya təcrübəsində bu nümunə var və təbii ki, ən vacib  məqamlardan biri verilən kreditin geri qaytarılmasıdır. Qeyd edim ki, ölkə Prezidenti tərəfindən Təhsil Tələbə Krediti Fondu yaradılanda onun 80 milyon manatlıq  büdcəsi var idi və eyni zamanda növbəti ildə 20 milyon manat vəsait də ayrıldı. Beləliklə, ümumilikdə fond orta hesabla 46 min şəxsin tam olaraq təhsil haqqını 4 il ərzində kreditlərlə ödəmə imkanına malikdir. Nəzərə alsaq ki, bu fondun özünün  əlavə gəlirləri yoxdur və vəsaiti bitəndən sonra müraciət edən  şəxslərə kreditlərin verilməsi üçün mənbə lazımdır, göründüyü kimi, bu, problemdir. Təbii ki, istənilən kreditorun  ən vacib öhdəliyi odur ki, verilmiş kredit nəzərdə tutulmuş vaxtda geri qayıtsın ki, sonradan müraciət etmiş şəxslər də bundan yararlana bilsin.

Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin nümayəndəsinin bu tipli ifadəsi məmura yaraşmır. Birinci, ona görə ki, Azərbaycan sosialyönümlü bir dövlətdir və ölkə başçısı mütəmadi olaraq insanların  sosial vəziyyətini yaxşılaşdırmaq  məqsədilə əhalinin gəlirlərinin artırılması, bu və digər borclardan azad olunması istiqamətində işlər aparır, qərarlar, sərəncamlar verir, fərmanlar imzalayır. Ona görə də nazirliyin  nümayəndəsi heç də narahat olmamalıdır ki,  şəxslər krediti götürəndə gələcəkdə ölkə başçısı tərəfindən onun bağışlanmasını düşünəcəklər. Elm və Təhsil Nazirliyi sadəcə maraqlı olmalıdır ki, ali təhsil müəssisələri əmək bazarının tələbləri və müasir standartlara  uyğun kadr hazırlasın ki, məzunlar sonra əmək bazarında işlə təmin olunsun, işləsin, bu pulu geri qaytara bilsin. Burada nazirliyin  üzərinə böyük yük düşür. Bu vəsait dövlətin vəsaiti, insanların ödədiyi vergilərlə formalaşmış büdcədir və Azərbaycanın dövlət başçısı istənilən vaxt əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün bağışlaya bilər. Beləliklə, hesab edirəm ki, nazirliyin nümayəndəsinin bu açıqlaması tələbələrə qarşı qərəzdir və sanki problem tələbədədir. Əlbəttə ki, gəliri yaxşı olan bir məzun maraqlı olacaq ki, krediti ödəsin, onun üzərində  yük qalmasın. Çünki istənilən halda kredit bağışlansa belə, bu, passiv borc olaraq görünür. İkincisi, xatırladım ki, bundan əvvəl Maarifçi Tələbə Kredit Fondu var idi və həmin fond da tələbələrə kifayət qədər güzəştlərlə xeyli kredit vermişdilər. Sonda kredit götürənlər borcu geri qaytarmışdılar”.

Elşən Qafarov: Təhsil Naziri Mikayıl Cabbarova video müraciət ünvanlayıb -  Millixəbər İnformasiya Portalı

Elşən Qafarov

Təhsil eksperti Elşən Qafarov isə  dedi ki, Təhsil Tələbə Kredit Fondu artıq bir ildir ki, fəaliyyət göstərir və bu müddətdə 1500-dən çox tələbə bu kreditin imkanlarından faydalanıb: “Fond və fondun rəhbərliyi ali məktəblərdə, o cümlədən sosial şəbəkə üzərindən fondun fəaliyyəti, istiqamətləri, məqsədi haqda kifayət qədər açıqlamalar verir. Hesab edirəm ki, ali təhsil müəssisələrinin özləri də maraqlı olmalıdır ki, tələbələr və valideynlər arasında Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı maarifləndirmə işləri aparılsın.

Bu fond ölkədə neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı real nümunələrdən, addımlardan biridir. Bildiyim qədər fond üçün təqribən 80 milyon manat vəsait nəzərdə tutulub və göründüyü kimi, orada əsas istiqamət də sosial istiqamətdir.

Ümumiyyətlə, Təhsil Tələbə Kreditində faiz tutulmur. Hətta dövlət ali məktəbi əla qiymətlərlə başa vuran şəxslərə həmin krediti tam, yaxşı qiymətlərlə bitirənlərə 50 faizini bağışlayır və gələcəkdə, hansı ki, 5 ildən sonra həmin kredit ödənilməyə başlanılacaq, çox cüzi miqdar düşür. Yəni məsələn, ayda 30-40 manat. İstənilən şəxs üçün bu cür ödəmək çox rahatdır. Burada əsas məsələ tələbələr arasında maarifləndirmə işinin aparılmasıdır. Tələbələr bilməlidir ki, dövlətin onlar üçün yaratdığı bu imkandan istifadə etmək üçün daha yaxşı oxumalıdırlar. Təhsil Tələbə Kredit Fondunun kollektivi kiçikdir, amma bir il ərzində  kifayət qədər işlər görülüb. Bir daha vurğulayıram ki, burada  cəmiyyətin özünün bu məsələyə adekvat yanaşması böyük şərtdir”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …