Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Təhsil Nazirliyi:”Daha çox Bakı müəllimlərinin müraciətini gözləyirik”

Təhsil Nazirliyi:”Daha çox Bakı müəllimlərinin müraciətini gözləyirik”

Orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işləməsi ilə bağlı müsahibələrin aprel ayının ikinci yarısında keçirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, vakant yerlərin və işə qəbul olunan müəllimlərin sayı Bakıda çox olduğu üçün müsabiqədə iştirak məqsədilə daha çox paytaxt müəllimləri tərəfindən müraciətlərin ediləcəyi gözlənilir:

“Təbii ki, cənub zonasında da – Cəlilabad, Lerik, şimal zonasında ucqar kənd məktəbləri üzrə müraciətlərin sayının çox olacağı gözlənilir”.

E.Bağırov əlavə edib ki, bu müsabiqədə yalnız müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər. Bunun üçün namizədlər 1-5 aprel tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər. Daha sonra Təhsil Nazirliyi tərəfindən sənədlərin emalı aparılacaq. Müsabiqədə iştirak üçün qeydiyyatdan keçən və elektron ərizələri təsdiq olunmuş namizədlər müsahibəyə dəvət ediləcəklər.

Nazirlik rəsmisinin sözlərinə görə, müsahibələrin aprel ayının ikinci yarısında – təxminən 15-22 aprel tarixlərində keçirilməsi planlaşdırılır.

Ümumilikdə müsabiqənin aprelin sonunadək yekunlaşdırılması və nəticələrin də həmin müddətədək yerli təhsil şöbələrinə göndərilməsi planlaşdırılır. Müsahibə zamanı namizədlərə ixtisaslarına, metodiki biliklərinə və ümumi dünyagörüşünə dair suallar veriləcək. Müsahibədən uğurla keçən namizədlər gələn tədris ilinin əvvəlindən daimi əsaslarla işə qəbul ediləcəklər. Buna görə də həmin müəllimlər bu il keçiriləcək yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər.

E.Bağırov diaqnostik qiymətləndirmənin nəticələrinin bu müsabiqədə rol oynamadığını söyləyib.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …