Ana səhifə / Sosial / “Təəssüflər olsun ki, bəzən sapı özümüzdən olan baltalar da tapılır…” – Baba Rzayev

“Təəssüflər olsun ki, bəzən sapı özümüzdən olan baltalar da tapılır…” – Baba Rzayev

“Azərbaycan xalqının və dövlətinin düşmənləri ilə birgə tədbir keçirib öz dövlətinin əleyhinə fikirlər səsləndirmək dövlətə xəyanətdən başqa bir şey deyil”.

Bunu keçmiş millət vəkili Baba Tağıyev bir neçə gün əvvəl Ermənistanda Azərbaycan əleyhinə keçirilən tədbirdə Rusiyada yaşayan və guya Azərbaycandakı talışların hüquqlarını müdafiə edən İsmayıl Şabanov və Fəxrəddin Abbaszadənin də skaypla qatılmasını şərh edərkən bildirib.

O deyib ki, Əlikram Hümbətov, Zabil Məhərrəmov, Fəxrəddin Abbaszadə, İsmayıl Şabanov kimi şəxslər ermənilərlə əlbir olaraq Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə zərbə vurmağa cəhd edirlər.

Baba Tağıyevin fikrincə, bunun bir sıra obyektiv və subyektiv səbəbləri var:

“Azərbaycanın yerləşdiyi coğrafi məkan, iqlimi və zəngin təbii sərvətləri hər zaman digər dövlətlərin diqqət mərkəzində olub. Gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması, söz sahibi olması, beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanı istəməyən dövlətlərin, qurumların əsəblərini tarıma çəkir və onlar hər fürsətdə ölkəmizə zərər vurmağa, onu gözdən salmağa çalışırlar”.

O deyib ki, hazırda az qala bütün dünyanı – Avropanı, Qərbi və Şəqri cənginə alan dini ayrı – seçkilik, milli münaqişlər fonunda zəngin etnik tərkibə və dini müxtəlifliyə malik ölkəmizdəki sabitlik düşmənlərimizi daha da narahat edir və hər vəchlə bu sabitliyi pozmağa çalışırlar.

“Təəssüflər olsun ki, bəzən onlara bu məkrli niyyətlərini həyata keçirməyə yardım edən sapı özümüzdən olan baltalar da tapılır”, – B.Tağıyev əlavə edib.

Keçmiş millət vəkili qeyd edib ki, Əlikram Hümbətov, Zabil Məhərrəmov, Fəxrəddin Abbaszadə, İsmayıl Şabanov kimi bütün müqəddəs dəyərlərini pula satmış, öz millətinə, xalqına və vətəninə xəyanət etmiş insanlar daim düşmən dəyirmanına su töküb, Azərbaycanı parçalamağa və xidmət etdikləri dövlətlərin əsarətinə sürükləməyə çalışıblar.

“Heç kəsə sirr deyil ki, havadarlarının dəstəyi ilə 20 faiz torpaqlarımızı işğal edən Ermənistan Azərbacandakı iqtisadi inkişafdan qıcıqlanaraq adıçəkilən satılmış şəxslərə boş vədlər verməklə ölkəmizdəki sabitliyi pozmağa, millətlər arasında nifaq salmağa cəhd edirlər. Ermənistanın işğalçılıq siyasətinə dəstək verən Əlikram Hümbətov dəfələrlə zəbt olunmuş torpaqlarımızda fəaliyyət göstərən separatçıların dəvəti ilə Dağlıq Qarabağa gedərək Azərbaycanda etniklərin hüquqlarının pozulması haqqında yalançı bəyanatlar səsləndirir, özünü talış xalqının lideri adlandıraraq Azərbaycan ərazisində talış dövləti yaratmaq mübarizəsi haqqında sərsəm fikirlər səsləndirir.

Birincisi, Əlikram Hümbətov Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağdakı separatçıların yanlından belə bəyanatlar verməklə özünün əsl mahiyyətini ortaya qoyur, özünün də bir separatçı və terrorçu olduğunu göstərir.
İkincisi, isə hər bir dövlətin yaranmasının səbəbləri kimi, beynəlxalq hüquq və normaları da var.

Məsələn, dövlətlərin yaranması, əsas etibarilə iki prosesdə baş verir: dekolonizasiya və parçalanma yolu ilə. Bu halların talış etnik qrupuna heç bir aidiyyatının olmadığını Əlikram Hümbətov da çox yaxşı dərk edir. Çünki talışlar Azərbaycanda heç vaxt koloniyada olmayıblar.

Bütün dünyaya bəllidir ki, Azərbaycanda nəinki talışların, bütün milli azlıqların hüquqları hərtərəfli qorunur. Hətta Azərbaycan bu sahədə bütün dünyaya nümunə olacaq bir ölkədir. Bu Sovetlər dönəmində də belə olub, müstəqilliyimizin ilk illərində də, elə indi də.

Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir.
Azərbaycanın mövcud qanunvericiliyi və qoşulduğu beynəlxalq konvensiyalar mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycanda etnik qrupların hüquqları dövlət tərəfindən hərtərəfli qorunur.

Postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında Prezident Fərmanı imzalanıb. Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan azlıqların dil, mədəniyyət, din azadlığı, təhsil və digər hüquqları təsbit olunub. Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda milli azlıqların mədəni irsinin inkişafı Azərbaycan Hökumətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulur.

Bundan başqa hər hansı bir dövlətin yaranması üçün digər şərtlərdən biri də, effektiv, işlək hökümətin olması və tanınmasıdır ki, bu da BMT-nin Baş Assambleyasının bir sıra qərarlarında öz əksini tapıb.
Effektiv hökumət o deməkdir ki, özünü qorumağa qadir, özünü sosial-iqtisadi cəhətdən təmin etmə imkanlarıına sahib və adminstrativ strukturları vardır.

O ki, qaldı bu gün bir çox subulandıranların, o cümlədən hümbətovlar və onların havadarlarının dillərində əzbər olan millətlərin öz müqəddəratını təyin etmə hüququna, BMT Baş Assambleyasının 1514 və 1541-ci qərarlarında çox acıq şəkildə qeyd edilir ki, bu, koloniya əsarətində, rasist siyasi idarəetmə və hakimiyyət altında olan xalqlara və işğal altında olan xalqlara aiddir, milli azlıqlara yox. Sual olunur: talışlar milli azlıq olaraq işğal altında oldularmı və ya onlara qarşı siyası və sosial ayrı – seçkilik olduğu üçünmü Əlikram Hümbətov ermənilərlə birləşib bu gün Azərbaycana qarşı torpaq iddiası irəli sürür? Talışlar koloniya tarixinə sahibdirlərmi Azərbaycanda? Təbii ki, xeyr.

Bir daha Azərbaycandakı vəziyyətə nəzər salıb təhlil etsək görərik ki, ölkəmizdəki milli azlıqlar həm parlamentdə, həm də icra hakimiyyəti orqanlarında geniş təmsil olunurlar. Azərbaycan dövlətinin milli siyasətinin əsas istiqamətlərindən biri ölkəmizdə yaşayan bütün milli azlıqların dil və mədəniyyətinə müvafiq dəstəyin göstərilməsidir. Azərbaycanın milli azlıqların məskunlaşdığı bir sıra rayonlarında ali təhsil müəssisələri və kolleclərin filialları açılıb, ölkənin radio və televiziya kanallarında milli azlıqların dillərində verilişlər yayımlanır. Həmin ərazilərdə yerli telekanallar fəaliyyət göstərir. Milli azlıqların dilində qəzet və jurnallar nəşr olunur. Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbə yaradılıb. Bakıda katolik kilsələri, sinaqoqlar məscidlərlə yanaşı fəaliyyət göstərir. Bu mənada Azərbaycan bütün dünyada multikulturalizm məkanı kimi tanınır.

Milli azlıqlar öz milli mədəni mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hal-hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Dövlət bu qurumları imkanı dairəsində ölkə büdcəsindən və Prezident fondunun hesabına maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dilindən və dinindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir.

Təbii ki, belə bir ideal vəziyyətdə kiminsə Azərbaycan düşmən olan şəxslərin diqtəsi ilə, onların yanından sərsəm bəyanatlar səsləndirməsinə separatizmdən başqa ad vermək olmur.

Amma Azərbaycan oturuşmuş, güclü iqtisadiyyata və orduya malik, öz dəsti-xətti ilə fərqlənən müstəqil bir dövlətdir. Hər zaman düşmənin belə təxribatlarının qarşısına qətiyyətlə alıb və bundan sonra da alacaqdır”. Moderator.az

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın