Bəzi ali təhsil müəssisələri tələbələrə qənim kəsilib sanki… 100-150 manata tələbə yataqxanası. Artıq bir neçə tələbə bununla bağlı şəxsimə müraciət edərək, çarəsiz qaldıqlarını bildirir.
“Tələbə yataqxanası niyə pulsuz deyil?”, “Nə səbəbə illik təhsil haqqı aldığımız halda bir də yataqxanaya görə ödəniş tələb edirik?”, “Yataqxanalar ödənişlidirsə, o zaman bunu qanuniləşdirin və standart qiymət tətbiq edin”, “Tələbə qəbul edilərkən müqavilədə bu amil də yer alsın”, “Elə ali təhsil müəssisələri var ki, ilin əvvəli 50 manat, ilin ortaları isə 100 manat qiymət təyin edir. Olmaz belə”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, universitetin yataqxanası yoxdursa, tələbə məcbur qalıb mənzil kirayələyir. Ancaq yataqxanaya da kirayə ilə eyni məbləğ ödəmək doğru deyil:
“Bununla bağlı şikayətlər çoxdur, insanlar çox narazıdırlar. İşıq pulu və sair xərclər üçün müəyyən məbləğ ödənilə bilər. Amma 150 manat deyil. Bu tələbəni maddi sıxıntıya salır”.
E.Əfəndi bildirib ki, yataqxanalar tələbələrin birgə yaşayışı, təhsil mühitindən kənarlaşmaması, sosiallaşması, dostlaşması üçün əsl münbit şərait deməkdir. Bu səbəbdən də bütun universitetlərin yataqxanası olmalıdır:
“Hazırda hansı ali məktəbin yataqxanası var? Bakı Ali Neft Məktəbidir, müasir tələblərə cavab verən kampusu, 400 yerlik yataqxanası var. Ən qocaman ali məktəb olan Bakı Dövlət Universiteti bir yataqxananı təmir edib, Tələbə Evi kimi fəaliyyət göstərir. Tibb Universitetinin də yataqxanası var. Digər ali məktəblərinsə, yataqxanaları yoxdur, niyə yoxdur, bu da məlumdur. Hesab edirəm ki, istismara yararlı yataqxanalar tələbələrin ixtiyarına verilməlidir. Tələbələr yataqxanalarda az miqdarda ödəniş müqabilində qala bilər. Bu ödənişlərsə, yenə də yataqxananın təmirinə istifadə edilər. Dünya üzrə ali təhsil müəssisələrinin reytinqi həm də malik olduqları tələbə kampuslarına görə təyin edilir. Tələbələr üçün hansı şərait yaradılıb, onların normal təhsil almaları və istirahətləri, gündəlik məişət ehtiyaclarını normal qarşılayacaq şəraitləri varmı, bu məsələlərə də baxılır. Tələbə yataqxanası xarici tələbələr üçün sərfəli olacaq. Bu, xarici ölkələrdən gələn tələbələrin say artımına da müsbət təsir edər”.