Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / Şüşə üzərində möcüzələr yaradan rəssam: “Hazırda bu sənətlə məşğul olan 3-5 rəssam var” – FOTOLAR

Şüşə üzərində möcüzələr yaradan rəssam: “Hazırda bu sənətlə məşğul olan 3-5 rəssam var” – FOTOLAR

Hazırda Azərbaycanda vitraj sənəti üzrə məşğul olan çox az sayda rəssam var. Məlum olduğu kimi vitraj rəngli şüşələr, şəffaf boya və ya işıq ötürən örtüklər vasitəsilə hazırlanan, müxtəlif süjet və ornamentlərdən ibarət rəsm əsəridir.

Vitraj sənətinin başlanğıcı şüşənin ilk istehsalı ilə əlaqədardır. Bu sənətdən hətta XVII əsrdə Romada, Osmanlı dövründə saraylarda, kilsələrdə daha çox istifadə olunub. Bəs hazırda ölkəmizdə bu sənətə maraq necədir?

Müsavat.com-un əməkdaşı bu barədə vitraj ustası Gülçin Aslanlı ilə söhbətləşib. Vitrajın bir şüşə sənəti olduğunu bildirən müsahibimiz boyanın öz dili olduğunu hər şeydən öncə fırçaların dilinə bələd olmanın vacibliyindən danışdı. Bildirdi ki, şüşə nə qədər nazlı, həssas olsa, fırça bir o qədər onun nazını çəkməyə hazır olmalıdır, yetər ki, fırça peşəkar rəssamın əlində olsun…

– Sizi ilhamlandıran ən çox nələr olur?

– Bu daha çox əhval ruhiyyəmdən asılıdır. Ümumiyyətlə dəyişkən, duyğusal bir xarakterə malik insanam. Gün ərzində xırda bir şey belə əhvalımı korlaya bilir. Bu təbii ki, işlərimə də təsir edir. Gündəlik həyatımda musiqi, film, bədii ədəbiyyata önəm verirən. Belə olduqda əhval ruhiyyyəm yaxşı olur və gözəl işlər yarada bilirəm.

– Bildiyim qədər başqa sahə üzrə təhsil almısınız.

– Bəli, təhsilim turizm ixtisası üzrədir.

– Özünüzü fərqli sahədə sınamağınızın səbəbi nə oldu?

– Uşaqlıq illərindən incəsənətə böyük marağım olub. Ən böyük arzum rəssam olmaq idi. Mənim hər zaman öz dünyam olub. Mən bu dünyanın həm qonağı, həm də ev sahibi olmuşam. Hisslərimi, duyğularımı isə daha çox fırça vasitəsi ilə şüşə, kətan üzərinə əks etdirməyi sevirəm. Çünki daxilimdə olan duyğuları danışmağı, kiminləsə bölüşməyi sevmirəm. Şüşələr, boyalar, kətan parçalar mənim ən yaxın sirdaşımdır. Sualınıza gəldikdə isə onu deyə bilərəm ki, özümü turizm sahəsində görmədim. Çünki o sənət elə də ruhumu oxşamadı. İstəyirdim ki, sevdiyim işlə məşğul olum. Mən buna iş də deməzdim. Əvvəl hobbi kimi yanaşsam da bu mənim ayrılmaz bir hissəmə çevrildi. Artıq mən öz dünyamı fırçalarımla bəzəyə və istədiyim formaya sala bilirəm. Təbii ki, bu işdə mənə boyalarım və şüşə qablar yardımçı olur. Bəzən fırçalarımı sehirli çubuk hesab edirəm və o çubukla şüşə üzərində istədiyin nağıl dünyasına səyahət edə bilirsən. Öz işinin həm sahibi, həm də işçisi olduqda onun qədrini daha yaxşı bilirsən. Burda seçim sənindir, istədiyin əsəri yaratmaqda və onu istədiyin formaya salmaqda sərbəstsən. Ümumiyyətlə, elə bir xarakterə malik insanam ki, kimsə mənə nəyisə məcbur şəkildə etdirə bilməz. Görəcəyim işi ya sevərək etməliyəm ya da onu etməməliyəm.

– Bəs valideynləriniz turizmi deyil, məhz bu sahəni seçməyinizi necə qarşıladı?

– Valideyinlərimin incəsənətə böyük maraqları olub. Atam kamança müəllimidir. Bəlkə də bu səbəbdən idi ki, mənim də musiqi müəlliməsi olmağımı istəyirdilər. Orta məktəbin ikinci sinifində oxuyarkən paralel olaraq George Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbində oxumağa başladım. Orada 7 illik fortepianino təhsili aldım. Ancaq musiqi hər nə qədər dərin bir sənət olsa da, rəssamlıq qədər marağımı çəkmirdi. Buna görə də elə orta təhsili ilə kifayətləndim. Artıq zaman keçirdi və mən ali məktəbə sənət verməli idim və valideynlərim ilə birgə turizm sahəsində dayandıq. Çünki həmin dövrlər turizm bizdə yeni dirçəlməyə başlayırdı. Təhsilimi tamamlasam da, yenə də musiqidə olduğu kimi bunu da davam etdirmək istəmədim və anladım ki, mən bu həyata rəssam olmaq üçün gəlmişəm.

– Rəssamlıq təhsili almadığınız üçün peşmansınız?

– Həyatda işarələrə inanan bir insanam. Çünki, hər şey Allahdan gəlir. Bu yaxınlarda İrvinq Stonun Vinsent Van Qoq haqqında yazdığı bioqrafik romanını oxudum. Orada Van Qoqun gənclikdə bir çox peşələr ilə məşğul olduğunu və heç birində bir uğur qazanmadığını gördüm. O sənətə gec gəlib və ilk dəfə 27 yaşında rəssamlıq təhsili almağa başlayıb. Van Qoq bu gün dünyanın ən tanınan rəssamına çevrilib. Bu kitab sanki məni yuxudan oyatdı. Mənim də bu yaxın aylarda 27 yaşım olacaq. Öz-özümə düşündüm ki, bəlkə də bu kitabı məhz indi oxumağım mənə bir işarədir. Kim bilir, bəlkə də ikinci təhsilimi almaq arzumu elə indi gerçəkləşdirməliyəm. Ən böyük arzum Avropada rəssamlıq təhsili almaqdır.

– Hazırda karantin günlərində nə ilə məşğulsunuz?

– Təsviri sənətin bir qolu olan dekorativ tətbiqi incəsənətlə məşğulam. Təsviri sənət özlüyündə də bir neçə qollara bölünür. Bunlara boyakarlıq, qrafika, heykəltaraşlıq dekorativ tətbiqi sənət və s. aid etmək olar. Ümumiyyətlə təsviri sənət bəşəriyyət tarixinin səlnaməsidir. Bu sənət çox qədim dövrlərdən hətta insanın yaranmasından bu yana mövcuddur. Mən bununla məşğul olduqda rahatlıq tapıram, ruhum dincəlir. Ona görə özümü bu sənətin müxtəlif janrlarında sınayıram. İzləyicilər tərəfindən də gözəl rəylər aldıqda isə daha da həvəslənirəm. Dekorativ tətbiqi sənət, təsviri sənətin bir qoludur. Buna xalq sənəti də demək olar. Bu sənətin xalçaçılıq, batik, qobelen, dulusçuluq, toxuma, tikmə, zərgərlik, şüşə, oyma və digər növləri vardır. Mən bunlardan şüşə olan növü ilə yəni vitraj ilə məşğul oluram.

– Yaradıcılığınıza nəzər yetirdikdə daha çox armudu sətkanların üzərində milli ornamentlərin üstünlük təşkil etdiyinin şahidi oluruq.

– Bu tələbatdan asılıdır. Yerli və xarici müştərilər daha çox armudu stəkan üzərində olan incə və milli ornametlərdən bəzədilmiş naxışlara üstünlük verirlər. Azərbaycanda çay mədəniyyətinin əsas və vacib elementi armudu stəkandır. Armudu stəkanı bəzən incəbelli xanımlara bənzədirlər. Əslində doğurdan da elədir. Armudu stəkanı əlinə alan hər insan məcburdur ki, onun nazını çəkə. Hələ üzəri milli naxışlarla bəzədilmiş arzmudu stəkandırsa bu artıq ikiqat naz tələb edir.

– Maraqlıdır, bu sənətdən gəlir əldə etmək mümkündürmü?

– İnsan gördüyü işə maddiyatı düşünərək yanaşarsa o iş yaxşı bir nəticə verməz. Mən işimə sevgiylə yanaşanlardanam. Bu işə başlayarkən maddiyatı düşünmədim, hazırda da düşünmürəm. Sadəcə fırçanı əlimə aldıqda duyğularım danışır və ortaya gözəl bir iş çıxır. Bu təbii ki, sənət sevərlər tərəfindən qiymətləndirilir.

– Bəs qiymətlər təxminən hansı civarda olur?

– Qiymətlər müxtəlifdir və hər büdcəyə uyğundur. İşin sadə və mürəkkəbliyinə görə bu kəskin dəyişə bilir.

– Karantin günlərində yəqin ki, məhsullarınızı onlayn şəkildə satışa çıxarırsınız?

– Bəli, artıq bir neçə aydır ki, mağazamı bağlamışam və yalnız onlayn şəkildə fəaliyyət göstərirəm.

– Bəs insanların bu sənətə marağı necədir?

– İnsanların yetərincə marağı var. Ancaq belə əl işlərlə daha çox xarici vətandaşlar maraqlanır. Yerli vətəndaşlar da xaricə gedəndə, yaxud kiməsə hədiyyə almaq istəyəndə müraciət edirlər.

– Bu sənətə yiyələnmək istəyənlər də olurmu?

– Əlbəttə, mənə müraciət edənlər arasında bu sənəti öyrənmək istəyənlər də az deyil. Bu marağı nəzərə alıb, “Youtube” kanalımda online dərslər verməyi düşünürəm. Hazırda bu barədə dərs proqramı üzərində işləyirəm. Deyə bilərəm ki, bu, müntəzəm bir proqram şəklində olacaq və hər dərsdə tələbələr vitraf sənətinin müxtəlif incəliklərini öyrənəcəklər.

– Ölkədə bu cür vitraj sənəti ilə məşğul olan rəssamlar kifayət qədərdirmi?

– Hazırda bu sənət nümunələrindən əsasən kilsələrdə istifadə edilir. Elə qədimdən bu sənət kilsədən gəlib. Azərbaycanda da vitrajlara tələbat var. Belə ki, evlərdə pəncərəni, qapıları bu yolla bəzəmək istəyən insanlarımız az deyil. Normalda bizdə bu sahə üzrə rəssamları xarici ölkələrdən dəvət edirlər. Ölkədə cəmi 3-5 vitraj ustası var, onlar da yalnız qablar üzərində çalışırlar.

– Bəs gələcəklə bağlı planlarınız, hədəfləriniz nədir?

– Vitraj dünyada ölü bir sənət kimi tanınır. Bunun lap başlanğıcı şüşənin ilk istehsalı ilə əlaqədardır. Bu sənətdən hətta XVII əsrdə Romada istifadə edilib. Osmanlı dövründə saraylarda, kilsələrdə daha çox istifadə olunub.

Hədəflərim ondan ibarətdir ki, nəinki Azərbaycanda, dünyada vitraj üzrə tanınmış rəssam olum.  Bu, mənim ən böyük hədəfimdir. Bilirəm ki, bir zaman öz hədəflərimə çatacam…

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …