Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Sürüşmə zonasında yaşayanlara kirayə pulu verildi – MƏBLƏĞ

Sürüşmə zonasında yaşayanlara kirayə pulu verildi – MƏBLƏĞ

Tam dağılmış 4 fərdi yaşayış evinin sahibinə veriləcək birdəfəlik kompensasiyanın məbləği müəyyən edilərək Nazirlər Kabinetinə təqdim olunub
“Bayıl yamacında mövcud evlər keçən əsrin 90-cı illərində inşa olunub. Ərazidəki evlər qeyri-qanuni, sənədsizdir və orada yaşayan əhalinin böyük hissəsinin pasport qeydiyyatı yoxdur. Burada xeyli sayda məcburi köçkün ailəsi də məskunlaşıb. Həmin evlər bir gecədə tikilib, möhkəm təməli olmayan gecəqondulardır”.
Bu barədə Sputnik Azərbaycan-a Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib. O, bildirib ki, vətəndaşların mövqeyi nəzərə alınmaqla, dövlət tərəfindən 98 ailəyə 11 aylıq kirayə haqqı verilib.
“Ailə tərkibi 1-5 nəfər olanlara 200 manat, ailə tərkibi 6-7 nəfər olana 250 manat, ailə tərkibi 8 nəfərdən çox olanlara isə 300 manat kirayə haqqı müəyyən olunub. Artıq dünəndən etibarən vəsaitlər sənədlərini təqdim etmiş 67 ailənin “Beynəlxalq Bank”ın Səbail filialında açılmış hesablarına köçürülüb. Bu gündən onlar vəsaiti ala bilərlər. Digər vətəndaşlardan da sənədlərini təqdim etmələri xahiş olunur. Bildiyiniz kimi, dövlət qurumlarının normativləri var və Nazirlər Kabinetinin ayırdığı vəsait bu normativlərə uyğun müəyyən edilir” – deyə Kərimov bildirib.
İ. Kərimovun sözlərinə görə, hazırda sürüşmə sahəsində alim və mütəxəssislər çalışır: “Ərazi nəzarətdədir. Mütəxəssislərin çıxaracağı rəyə uyğun olaraq Nazirlər Kabinetində tikililərin gələcək taleyi barədə qərar qəbul ediləcək və məsələ hüquqi müstəvidə həll olunacaq”.
O qeyd edib ki, Bayıl yamacında baş vermiş sürüşmə zamanı tam dağılmış 4 fərdi yaşayış evinin sahibinə veriləcək birdəfəlik kompensasiyanın məbləği müəyyən edilərək Nazirlər Kabinetinə təqdim olunub.

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …