Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində də Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi prosesi davam etdirilir.
Paytaxtın Sabunçu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində çalışan əməkdaşlar iş başındadır.
Nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış bəzi sürücülər bayram tətilini fürsət bilib burada avtomobillərini texniki baxışdan keçirirlər.
Mərkəzin dövlət avtomobil müfəttişi Kamal Əhmədlinin sözlərinə görə, martın 18-dən bu günə kimi gündəlik təxminən 250-300 nəqliyyat vasitəsi müayinə mərkəzində texniki baxışdan keçir.
Texniki baxış üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində, habelə Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki Müayinə Mərkəzində nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər. Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrinə müraciət edə bilərlər.
Sürücülərdən Novruz bayramı ilə əlaqədar olaraq qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyə olunur.
Kamal Əhmədli deyir ki, bütün xəbərdarlıqlara baxmayaraq, hələ də bəzi sürücülər avtomobillərini texniki müayinədən keçirməyiblər.
Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir.