Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Sosial / Suraxanının icra başçısına ittiham – Mehriban Əliyevanın göstərişinə necə əməl olundu…

Suraxanının icra başçısına ittiham – Mehriban Əliyevanın göstərişinə necə əməl olundu…

“Mərhum xalq artisti Eldəniz Zeynalovdan yadigar qalan ev bir müddət əvvəl məcburiyyət qarşısında satıldı və 3 övladı arasında bölündü. Ev şəhərin mərkəzində, Heydər Əliyev adına sarayın arxasında, Dilarə Əliyeva küçəsində yerləşirdi. Borc-xərc içində olduğumuz üçün bizə yəni kiçik oğlu Məmmədə düşən pulun yarısı ilə onları ödədik, əlimizdə qalan pula isə Hövsanda tam təmirsiz bir ev aldıq. O evdə də yaşamaq mümkün deyil. Nə istilik var, nə də şərait. Kim istəsə gəlib baxa bilər. Həm nəmişlikdir, həm də ev təmirsiz olduğu üçün qurd-quş yuva salıb. Məcbur olub əlimizdə qalan pula Hövsanda ev aldıq. Biz bu gün varıq, sabah yoxuq, amma heç olmasa babasının adını qoyduğumuz balaca Eldəniz sağlam yaşasın”. 

Bunu Moderator.Az-a açıqlamasında Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun gəlini İradə Zeynalova bildirib. İradə xanım daha sonra əlavə edib. 

“3 ay öncə Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya şəraitimizlə, ailə vəziyyətimizlə bağlı məktub yazmışdım. Bir həftə ərzində məktubumuz qəbul olundu. Üstündən 4-5 gün keçəndən sonra Suraxanı rayon İcra Hakimiyyətinin başçısı və müavinləri bizim yaşadığımız evə gəldilər. Böyük bir kortejlə gəlmişdilər, buna qonşularım da şahiddir. Mənimlə çox minnətlə danışdılar, çox pis xətrimə dəydilər. Susdum ki, eybi yox, təki gəlib evimizi düzəltsinlər. Evə baxış keçirəndən sonra sakitcə çıxıb getdilər. Noyabrın 25-də 3 ay olacaq ki, hələ də bir xəbər yoxdur. Vaxtaşırı zəng edib maraqlanıram. Deyirlər ki, işimiz tək sizinlə bitmir ki? Kobud şəkildə cavab verirlər. Heç kim maraqlanmır. Evi təmir etməyə əsaslı bir səbəb gətirmirlər. Halbuki bir dəfə də demişdilər ki, hər şey almışıq, amma maşın falan tapmırıq ki, gətirək. Hər dəfə bir sözlə bizi aldadırlar. Onlar məni haqsız çıxarırlar. Bilmirik ki, dərdimizi kimə deyək? Əgər evi təmir etməyəcəkdizsə bəs onda niyə gəlmişdiz? Belə çıxır ki, özlərini göstərməyə gəlmişdilər? Dedim ki, mən bu məsələni mətbuatata çıxaracam, dedilər ki, gedin neynirsiz edin” deyə xalq artistinin gəlini bildirib.

Özünün və həyat yoldaşı Məmmədin də ağır xəstə olduğunu bildirən müsahibimiz çarəsizliyini bu sözlərlə dilə gətirib.

“Yoldaşım Məmməd dializ xəstəsidir, böyrəklərinin ikisi də çürüyüb. Ağ ciyərində də xərçəng aşkarlanıb. O xərçəng imkan vermir ki, böyrəklərini dəyişək. Bacısı söz vermişdi ki, böyrəyimi verə bilərəm. Hətta imkansızlıq ucbatından ağciyərindəki xərçəngin nə dərəcədə olduğunu da öyrənə bilmirik. Çox bahalı dərmanlara və əməliyyatlara ehtiyac var. Üstəlik də insult keçirib. Özümdə də 2015-ci ildə onkoloji xəstəlik aşkarlandı. Öz dərdim yadımdan çıxıb, çünki yoldaşımın vəziyyəti mənimkindən də ağırdır. Hər an ölümlə üz-üzədir. Müraciət etmədiyimiz qapı, ünvan qalmayıb. Nə bacısı kömək edir, nə də qardaşı. Mənim də başqa çarəm yoxdur, təkbaşına qalmışam. Özüm də şəhid qızıyam. Məmməd İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor işləyir. Kredit götürüb oğlumuzun ayağını əməliyyat etdirmişdik, ordan aldığı maaş da banka çıxır. Əlimizdə heç nə qalmır. İnanın Allaha, əlimdə 1 manat yoxdur ki, evə çörək alım. Övladımla marketə girmirəm, uşaqdır da hər şeyi görür, istəyir. Başa sala bilmirəm ki, pul yoxdur. İmkansız, xəstə, üstəlik də çarəsiz qalmağı Allah heç bir bəndəsinə göstərməsin. Hal-hazırda anamgildə qalırıq. İnanıram ki, bu problemimiz tez bir zamanda öz həllini tapacaq. Çünki Azərbaycanda yardımsevər insanlar çoxdur” deyə xalq artistinin gəlini İradə Zeynalova bildirib.

Həmçinin oxuyun

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. ETSN-dən daxil olan xəbərdarlığa görə, Bakıda …