Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Surət Hüseynovun sensasion məktubu yayıldı

Surət Hüseynovun sensasion məktubu yayıldı

Keçmiş baş nazir Surət Hüseynov eks baş prokuror İxtiyar Şirinin “Hürriyyət” qəzetinə verdiyi müsahibəsinə onun barəsində səsləndirdiyi fikirlərə aşağıdakı cavabı yazıb göndərib:

“4 iyun Gəncə hadisələri ilə bağı Milli Məclisin deputat – istintaq komissiyasının rəyi əsasında qərar mövcuddur. Həmçinin açıq məhkəmə prosesləri keçirilib və məhkəmələr tərəfindən hökmlər verilib. Hadisələri öyrənmək istəyən bu rəy, qərar və hökmlərlə tanış ola bilər. Mən bu barədə ayrıca danışmaq istəmirəm. 22 il ötüb. Hər hansı siyasətçi hazırki uğursuzluqlarını 22 il öncə baş vermiş hadisə ilə izah edirsə, onun özü də tarixin arxivinə getməlidir.
İxtiyar Şirinov, Qabil Məmmədov və Sülhəddin Əkbərovla qısa söhbətim olmuşdu. Onlara sual etdim. Əgər mənim cinayətim var idisə, niyə qanunla nəzərdə tutulmuş şəkildə Milli Məclisdə deputat toxunulmazlığını qaldırmaq barədə vəsatətlə çıxış edib, həbsim barədə sanksiya verib, məni həbs etmirdiniz? Nəyin əsasında Gəncəyə qoşun yeridib, Müdafiə Nazirliyinin hərbi hissəsinə qarşı silahlı təxribat törətmisiniz? Hansı qanuni əsasla mənim evimi gülləbaran etmisiniz? Bunlar qanunidirmi? Onların üçü də mənə dedilər ki, səhv olub.
İxtiyar Şirinovun Elçibəyə sanksiya verməsinə gəlincə, sanksiya mənim yanımda yazılmamışdı, onu mənə Əli Ömərov gətirib göstərmişdi.

Etibar Məmmədovun baş nazir təyin edilməsi təklifim milli birliyi təmin etmək məqsədilə tərəfimdən irəli sürülmüşdü. Müharibənin həlledici anı idi. Biz 4 ay ərzində Dağlıq Qarabağın ümumən 220 yaşayış məntəqəsini və ərazisinin yarısını düşməndən azad etmişdik. 92 – ci ilin noyabr – fevral aylarında qoşunları və ehtiyat qüvvələri hazırlayıb, 93 – cü ilin yazında Ağdamdan Xankəndi istiqamətində son zəfər yürüşü planlaşdırmışdım. Ordu yaxın qələbəyə əmin idi və yüksək döyüş ruhu var idi. Lakin ölkədə müxtəlif siyasi qüvvəllərin hakimiyət mübarizəsi səngimirdi, əksinə, getdikcə kəskinləşirdi. Bu, istər – istəməz cəbhəyə təsirini göstərirdi. Prezidentin Qarabağ və ətraf rayonlar üzrə səlahiyyətli nümayəndəsi kimi hakimiyət və müxalifət nümayəndələrini noyabrın əvvəlində şam naharına dəvət etdim. Ə. Elçibəy Türkiyə səfərindən yorğun qayıtdığına görə görüşdə iştirak etmədi. Biz onu aeroportda qarşılayarkən, mənə dedi, təklifimi görüşdə iştirak edən İsa Qəmbər və Pənah Hüseynov ona çatdıracaqlar. Görüşdə cəbhədəki vəziyəti, apardığımız hazırlıqları və gələn yaz üçün planları danışdım və dedim ki, siz milli birlik yaradın, biz Qarabağı alacağıq. Ondan sonra mənə heç nə lazım deyil, qayıdacam zavoddakı işlərimə. Dedim, müharibə edən ölkədə hakimiyyət – müxalifət çəkişmələri kənara qoyulmalıdır, hamı bir olub, bir hədəfə vurmalıdır. Etibar Məmmədov o zaman ana müxalifət idi. Milli birlik üçün onun baş nazir təyin olunmasını da həmin görüşdə təklif etdim. Bilməzdim ki, təklifim başqa cür anlaşılar. O görüşdən sonra hakimiyət mənə qarşı münasibətini kəskin dəyişdi. Nəticədə fevralın 10-u ordu rəhbərliyindən uzaqlaşdırıldım”.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın