Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / Sülhəddin Əkbərdən ölkə gündəmi ilə bağlı həyəcanlı açıqlamalar

Sülhəddin Əkbərdən ölkə gündəmi ilə bağlı həyəcanlı açıqlamalar

Sabiq MTN-çidən ölkə gündəmi ilə bağlı həyəcanlı açıqlamalar; Sülhəddin Əkbər: “Hakimiyyətdəki “5-ci kolon” demokratik islahatların aparılmasında maraqlı deyil”

 
Hazırda Azərbaycanda sosial-iqtisadi, siyasi istiqamətlərdə ciddi proseslər gedir. Son günlər həmçinin terror təhlükəsinin Azərbaycanda duyulduğu barədə vaxtaşırı həyəcanlı məlumatlar yayılır. Eyni zamanda, Qarabağ münaqişəsi ətrafında mürəkkəb proseslər getməkdir. Bundan əlavə, şəhid əsgərimizin cəsədi 18 gündür erməni tərəfdədir və hər kəsin diqqətlə izlədiyi MTN hadisələri ilə bağlı məhkəmə prosesləri davam edir.
Gündəmdəki bu kimi məsələləri MTN-in sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə dəyərləndirdik.
 
– Sülhəddin bəy, ölkə daxilində hazırda cərəyan edən prosesləri necə dəyərləndirirsiz?
– Ölkə sistem böhranındadır. Eyni zamanda idarəçilik böhranı yaşayırıq. Hakimiyyət nə istədiyi kadr dəyişikliklərini, nə də islahatları həyata keçirə bilər. İslahatlar istiqamətində atılan addımlar da öz nəticəsini vermir. Bunun da idarəçilik böhranını daha da dərinləşdirdiyi görünür. Hakimiyyətin ölkədəki böhrandan çıxması mümkünsüz görünür. Müxalifətə gəldikdə isə, müxalifətin ölkədə gedən proseslərə təsiri yoxdur. Çünki müxalifət sistemdən kənar qoyulub. Görünən odur ki, iqtidar gələcəkdə bu yöndə ciddi addımlar atmayacaq, siyasi dialoqlara getməyəcək, demokratik dəyişikliklər aparmayacaq. Bunun da nəticəsində idarəçilik böhranı daha da dərinləşəcək.
Buna paralel, ölkədə iqtisadi və sosial böhran gərginləşəcək. Dünyada neftin qiymətinin aşağı düşməsi ilə ölkə maliyyə-iqtisadi və sosial-iqtisadi böhran yaşayır. Ölkənin struktur islahatlarına ciddi ehtiyacı var. Lakin mövcud hakimiyyətin bu istiqamətdəki səylərini görmürük. Gələcək baxımından bu istiqamətlərdə pozitiv dəyişikliklərin olacağını düşünmürəm. Neftin qiymətinin nisbi artımı müvəqqəti xarakter daşıyır. Sabit olsa belə, bu sosial və iqtisadi yöndə irəliləyişlərə səbəb olmayacaq. Çünki ölkənin iqtisadi və idarəçilik sahəsində struktur islahatlarına ehtiyac var. Struktur islahatlarının da 5 ildən tez nəticə verməsi mümkün deyil.
Sosial sahə iqtisadi sahə ilə sıx bağlıdır. İqtisadi sahədəki idarəçilikdə böhran yaşandığından bu sahədəki gərginlik də davam edəcək. Maaşların artırılması mümkün deyil, əhalinin gəlirləri və iş yerləri azalır. Digər tərəfdən də manatın devalvasiya nəticəsində alıcılıq qabiliyyəti aşağı düşür. Buna paralel də inflyasiya  gedir. Bunun hansı ictimai-siyasi, yaxud sosial-siyasi nəticələri olacaq, bunu gələcək göstərəcək. Əhalinin bu günləri passivliyi sosial-iqtisadi vəziyyətə adekvat deyil. Buna səbəb də hakimiyyətin uzun illərdir apardığı repressiv siyasətdir. Demokratik mübarizə aparan qüvvələr sıradan çıxarılıb. Bu, bir müddət davam edəcək. İndiki durum yeni siyasi qüvvələrin ortaya çıxmasını tələb edir ki, bu da zaman alacaq.
– Mart ayında struktur dəyişikliklərinin olacağının anonsları verilir… 
– Açığı optimist düşünə bilmirəm. Azərbaycanda 21 fevralda maliyyə-iqtisadi böhran başlayarkən cəmiyyət və siyasi dairələrdə müəyyən ümidlər var idi. 21 dekabrdakı  ikinci devalvasiyadan sonra hakimiyyətin islahatlar aparmaq qabiliyyətində olmadığı açıq göründü. Bu baxımdan qarşıdakı zamanlarda ölkədə demokratik siyasi, iqtisadi, hüquqi islahatların aparılacağını gözləmirəm. Bunun üçün yeni siyasi baxışa malik komandaya ehtiyac var. Bu komanda hakimiyyətə gəlməyənə və yeni islahatlar proqramı irəli sürməyənə qədər müsbət dəyişikliklərin olacağına inanmıram. Hətta bu gün sistemli addımlar bu istiqamətdə atılsa belə, bunun nəticələrini beş il gözləməli olacağıq.
Hakimiyyət bunun üçün lazım olan vaxtı çoxdan buraxıb. Böhrandan sonra hakimiyyət daxilində gedən proseslər də bu istiqamətdə hər hansı bir ümidə yer buraxmır. Bunun əsas səbəblərindən biri də ölkədə xarici təsirlərin güclü olması, eyni zamanda “beşinci kolon”un mövcudluğu və bu kolonun hakimiyyətdə güclü mövqeyə sahib olmasıdır. Onlar Azərbaycanda demokratik islahatların aparılmasında maraqlı deyillər.
– Ölkə daxilində gedən proseslərdən biri də MTN məhkəməsidir. Bu proseslərin obyektiv aparıldığını demək mümkünmü?
– Ölkədə ictimai-siyasi proseslərlə maraqlanan hər bir kəs bilir ki, bu proses obyektiv aparılmır. MTN hərbi təşkilatdır. Burada birinci şəxsin razılığı olmadan bu qədər cinayətlərin baş verməsi mümkün deyil. Nə qədər ki, birinci şəxs məsuliyyətə cəlb olunmayıb – onun məsuliyyətə cəlb olunacağını da düşünmürəm – istintaq prosesinin obyektiv aparılacağına inanmıram. Heç bir vətəndaşımız da buna inanmır. Ona görə də bunun detallarına getmək istəmirəm.
 
– Sülhəddin bəy, ölkəmizə İŞİD təhlükəsi də artmaqdadır. Səngəçalda baş verən üç hadisənin fonunda bu barədə nə deyə bilərsiniz?
– Uzun müddətdir deyirəm ki, Azərbaycana terror təhlükəsi artıb. Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusən, Antiterror Mərkəzi işlərini sürətləndirməli, ölkə daxilində qabaqlayıcı tədbirlər görülməlidir. Bununla bağlı bu sahədə təcrübəsi olan böyük dövlətlərlə kəşfiyyat informasiya mübadiləsini gücləndirməlidir. Terrorun təhdid səviyyəsi günbəgün artır. Ölkə daxilində terror hadisələri baş verir, sadəcə, hakimiyyət bunu gizlədir. Ola bilsin ki, ölkədə panikanın olacağı üçün bu hadisələr gizlədilsin. Amma bu yanlış yanaşmadır. Çünki cəmiyyətin məlumat almaq hüququ var. Hakimiyyətin borcudur ki, cəmiyyəti baş verənlər barədə məlumatlandırsın. Gizlətməklə nəticə əldə etmək mümkün deyil. Cəmiyyəti bu tipli hadisələrə psixoloji olaraq hazırlamaq lazımdır. Çünki qonşu dövlətlərdə baş verənlər tipində hadisələr bizdə də baş versə, o zaman ölkədə panika yaranacaq. Bunun olmaması üçün hakimiyyət cəmiyyəti buna hazırlamalıdır.
 
– Qarabağla bağlı gedən proseslərə baxışınızı bilmək istərdik
– 4 iyun qiyamından bu yana bu məsələdə eyni mövqedə qalıram. Neçə ki, Xəzər regionu və Cənubi Qafqazda Rusiyanın hakim mövqeyinə son verilməyib, bu münaqişənin həlli, xüsusilə Azərbaycan xeyrinə beynəlxalq hüquq normaları əsasında həlli mümkün deyil. Çünki bu konflikt Rusiyanın Ermənistan vasitəsilə ilə öz imperiya maraqlarından geri çəkilməyərək, Azərbaycana qarşı apardığı vəkalət mübarizəsidir. Neçə ki, Rusiya və onun müttəfiqi Ermənistan öz strateji niyyətlərinə çatmayıblar, Azərbaycanı yenidən Rusiyanın tərkibinə qaytarmayıblar, bu problemin həlli mümkün deyil. Digər tərəfdən, münaqişənin həlli regional geosiyasi, hərbi vəziyyətin dəyişməsi halında mümkündür. O zaman da demək mümkün deyil ki, münaqişə Azərbaycanın xeyrinə beynəlxalq hüquq normaları ilə həll olunacaq. Çünki Rusiyanın regionda mövqeyinin zəifləyəcəyi halda Ermənistan dəstəyini Amerika və Avropanın aparıcı dövlətlərindən biri olan Fransadan alacaq. Azərbaycan zaman baxımından gecikib. Ermənistan Rusiya ilə müttəfiq olduğu zamanlarda, əks qütblə ABŞ, Türkiyə, və digər dövlətlərlə, o cümlədən, NATO ilə münasibətini qurmalı idi ki, gözlənilən durum dəyişiklikliyinə hazır olsun. Durum dəyişərsə, Ermənistan yenə daha çevik tərpənəcək, daha tez Qərblə münasibətlər quracaq. Unutmayaq ki, Ermənistan həm də xristian ölkəsidir.
– Dekabrın 29-dan şəhid əsgərimizin cəsədi erməni tərəfdədir. Görünən işlər nəticəsiz qalır…
– Azərbaycan, nəhayət, Rusiya və Ermənistanla  eyni anda müharibə vəziyyətində olduğunu anlamalı, Minsk Qrupunun və həmsədrlərin tərkibinə diqqətlə baxmalıdır. Hər üçü erməni lobbisinin ən güclü olduğu dünya dövlətləridir. Azərbaycanın mülkü və hərbi kəşfiyyat orqanları əməliyyat apararkən buna hərtərəfli hazırlaşmalıdırlar. Bu hazırlıq olmadan hər hansı əməliyyatın həyata keçirilməsi yanlışdır. Sonda belə nəticələrə gətirib çıxarır.

Həmçinin oxuyun

Övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu …

Bir cavab yazın