Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Sülhəddin Əkbər: “Yaxın ildə Azərbaycan ətrafında vəziyyət gərginləşə bilər”

Sülhəddin Əkbər: “Yaxın ildə Azərbaycan ətrafında vəziyyət gərginləşə bilər”

Rusiya ilə NATO Cənubi Qafqazda toqquşa bilər – təhlükəsizlik ekspertindən SOS

Rusiya-NATO qarşıdurması irəliləyən xətlə inkişaf etməkdədir. Hər keçən gün Amerikanın fonunda Rusiya-Qərb, Rusiya-NATO arasındakı gərginlik artır. Doğrudur, münasibətlərdəki soyuqluq hələ ki kulminasiya nöqtəsinə çatmayıb. Lakin yaxın gələcəkdə bunun olacağını deməyə kifayət qədər əsaslar var.

Xüsusilə iyulun 30-dan etibarən Gürcüstanda başlayan NATO təlimləri və ABŞ-ın vitse-prezidenti Maykl Pensin Tiflis səfəri, ardınca Rusiya prezidenti Vladimir Putinin işğal altındakı Abxaziyaya avqustun 8-də planlaşdırdığı səfəri vəziyyətin nə dərəcədə təhlükəli olmandan xəbər verir. Çünki M. Pensin də qeyd elədiyi kimi, Tiflisin cəmi 65 km-də – Cənubi Osetiyada rus tankları dayanıb.

Bəs NATO təlimlərinin Gürcüstanda keçirildiyi günlərə təsadüf edən vaxtda bu cür ciddi situasiyanın yaranması onu deməyə əsas verirmi ki, Rusiya-NATO qarşıdurması məhz Cənubi Qafqazda reallaşa bilər?

Hər halda, tərəflərin burada burun-buruna dayandıqları göz önündədir. Gürcüstanın fonunda regionda mövqelərinin getdikcə itdiyini görən Kreml onu geri qaytarmaq üçün bütün variantlardan istifadə edir. Bu isə gözlənilən təhlükələri getdikcə artırır. Azərbaycan acısından da həyəcan təbili çalınmaqdadır.

MTN-in (indiki DTX) sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, son dövrlərdə mətbuatda bütün dünyada, o cümlədən regionda geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu barədə dəfələrlə fikirlər səsləndirib: “Bu geopolitik qarşıdurmanın tərəfləri məlumdur: bir tərəfdən ABŞ, NATO, Avropa Birliyi, digər tərəfdən Rusiya və yaxın tərəfdaşları. Qarşıdurma həlledici mərhələyə daxil olduğundan geopolitik sınma xətləri üzərində toqquşmalar başlayacaq. Bu artıq başlayıb da. Bu toqquşmalar harada başlayacaq? İlk növbədə, bu geopolitik sınma xətləri üzərində olan konflikt münaqişə, müharibə zonalarında. Əgər postsovet məkanına baxsaq, məğribdən məşriqə uzanan birinci islam xətti üzərində biz bunun şahidi oluruq. Burada dolaylı qarşıdurmalar gedir, yəni birbaşa deyil, üçüncü oyunçular üzərindən qarşıdurmalar gedir. Eyni şeyi postsovet məkanında da müşahidə edirik. Baltik, Qara dəniz xətti üzərində, Şərqi Avropada oxşar proseslər gedir. Bu xətt üzərində də qarşıdurmadan narahat olan Moldova və Ukrayna yerləşir. Eyni zamanda başqa xətt üzərində də bu qarşıdurmalar sərtləşir. Bu xəttə həm GUAM, həm də Qara dəniz, Xəzər dənizi xətti də deyə bilərik. Postsovet məkanında da ən çox münaqişə zonalarının olduğu xətt bu xətdir – yəni Moldova, Gürcüstan, Ukrayna, Azərbaycan. Hər dörd dövlətin ərazisində Rusiya süni münaqişə yaradıb. Məqsəd bu ölkələrin demokratik inkişafına, demokratik dünyaya, o cümlədən NATO-ya inteqrasiyasına mane olmaqdır. Artıq bu geopolitik qarşıdurma həlledici mərhələdə açıq şəklə keçib. Son olaraq, Donald Trampın Rusiyaya qarşı qəbul edilən sanksiyaları misal çəkə bilərik. Biz artıq postsovet məkanında münaqişə zonaları və münaqişələr ətrafında vəziyyətin gərginləşəcəyini açıq şəkildə görəcəyik. Bunu təbii ki, ilk növbədə, Gürcüstan və Ukraynada görəcəyik. Çünki hər iki ölkə NATO-ya üzv olmağa hazırlaşır. Bunun üçün Amerika və digər NATO ölkələri intensiv hazırlıq işləri görürlər. Hər iki ölkənin siyasi rəhbərliyi də bu istiqamətdə qərar qəbul ediblər. Əgər Azərbaycan da bu istiqamətdə addımlar atacaqsa, yəni demokratiyaya keçid edəcəksə, eyni şəkildə Rusiya tərəfindən təzyiqlərlə üz-üzə qalacaq. Amma onu da nəzərə almaq lazımdır ki, Ukrayna, Gürcüstan və Moldova öz seçimlərini etdiklərinə görə Amerika, NATO və Avropa Birliyi tərəfindən dəstəklənir. Azərbaycan isə seçim etmədiyi üçün hər iki tərəfdən təzyiqə məruz qalır və heç bir tərəfdən də dəstək almır. Postsovet məkanında gözlənilən gərginlik artacaq və Azərbaycan da bundan məntiqi ”payını alacaq”. Çünki ən azından ölkəmizin bütün geo-ekonomik layihələri Gürcüstan üzərindən həyata keçirilir. Təsadüfi deyil ki, bu yaxınlarda Cənubi Osetiyada yerləşən Rusiya qoşunları sərhəd xəttini cənuba doğru sürüşdürdülər və Bakı-Supsa neft kəmərinin bir hissəsi də onların nəzarətinə keçdi. Bu, Bakıya açıq mesajdır. Yaxın iki il ərzində, xüsusilə gələn il ərzində biz Azərbaycan ətrafında da vəziyyətin gərginləşəcəyini müşahidə edəcəyik. Nəzərə alaq ki, gələn il Azərbaycanda böyük siyasi kampaniya olacaq. Prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Azərbaycan iqtidarı da, müxalifəti də, cəmiyyəti də bu geopolitik qarşıdurmalara hazır olmalıdır”.

S.Əkbər Rusiya-NATO qarşıdurmasında hansı tərəfin Cənubi Qafqazda daha çox möhkəmlənəcəyi ehtimallarından da söz açdı: “Bütün dünya ekspertlərinin ortaq fikirləri var ki, Rusiya-ABŞ, Rusiya-NATO toqquşması ehtimalı nəzəri cəhətdən olsa da, çox aşağıdır. Sadəcə, başqa dövlətlər üzərindən toqquşma ehtimalları yüksəkdir. Tutaq ki, Amerika Ukraynaya müdafiə xarakterli öldürücü silahları verməyə başlarsa, bu, Ukrayna böhranının yenidən qızışması ehtimallarını yüksəldəcək. Nəticədə Rusiya ilə NATO, Amerika arasındakı gərginlik şiddətlənəcək. Yaxud Gürcüstanın NATO-ya üzvlüyü məsələsi sürətlənəcəksə, bu zaman bu ölkə üzərindən Rusiya ilə NATO, ABŞ qarşıdurması sürətlənəcək. Hətta bu, açıq şəkil də ala bilər. Açığı, toqquşmalar olacağı təqdirdə NATO və ABŞ-ın Ukraynaya daha çox üstünlük verəcəyini düşünürəm. Çünki Gürcüstan NATO sərhədindən daha uzaqdadır. Bu baxımdan, Türkiyə faktoru daha çox önə çıxır ki, hazırda qardaş ölkənin də Rusiya ilə münasibətləri daha yaxındır. Bu baxımdan, NATO və Amerikanın yaxın gələcəkdə Türkiyə ilə münasibətlərə önəm verəcəklərini düşünürəm. Əks halda, Rusiya ilə mübarizədə NATO-nun bu cinahı zəif qalacaq”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın