Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Sülhəddin Əkbər Avropa Məhkəməsinə şikayət edəcək

Sülhəddin Əkbər Avropa Məhkəməsinə şikayət edəcək

“Azərbaycanda hüquqi müstəvidə mübarizəmiz başa çatdı”
Martın 3-də Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasında hakim İlqar Hüseynovun sədrliyi ilə Azad Demokratlar Partiyasının (AzDP) Ədliyyə Nazirliyinə qarşı “Partiyanın qeydə alınması və şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə ikinci kasasiya şikayətinə baxılıb və məhkəmə tələbin yerinə yetirilməsindən imtina edib.

Bu barədə AzDP sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a məlumat verib. Rəhbərlik etdiyi partiyanın 2014-cü ilin iyulunda yaradıldığını bildirən S.Əkbərin sözlərinə görə, dövlət qeydiyyatına alınmaq üçün rəsmi qaydada 5 dəfə müraciət edib. Lakin Ədliyyə Nazirliyi hər dəfə müraciətlərə mənfi cavab verərək AzDP-ni qeydiyyata almaqdan imtina edib: “Biz səbrlə bu yazışmalara davam elədik. Ədliyyə Nazirliyinin irad kimi göstərdiyi məsələləri hər dəfə düzəltsək də hər dəfə başqa bir bəhanə tapdılar və partiyanı qeydə almaqdan imtina etdilər.

Biz məcbur qalıb məhkəməyə üz tutmalı olduq. Apelyasiya Məhkəməsinə müraciət etdik. O da Ədliyyə Nazirliyinin tərəfini tutdu. Məcbur qalıb Ali Məhkəməyə müraciət etməli olduq. Ali Məhkəmə bizim iddiamızı qismən təmin etdi və işi yenidən Apelyasiya Məhkəməsinə qaytardı. Biz ilk vaxtlarda belə düşündük ki, yəqin Ali Məhkəmə Apelyasiya Məhkəməsinə şərait yaradır ki, səhvini düzəltsin. Ali Məhkəmənin birinci qərarının ruhu bundan ibarət idi ki, Apelyasiya Məhkəməsi partiya və Ədliyyə Nazirliyi arasında bir barışıq aramağa çalışmayıb, buna çalışmalıdır. Biz də düşündük ki, yəqin barışıq əldə olunacaq. Çox təəssüf ki, biz düşündüyümüz kimi olmadı. Apelyasiya Məhkəməsi yenidən öz qərarını qüvvədə saxladı.

Biz məcbur qalıb yenidən Ali Məhkəməyə müraciət etməli olduq. Təsəvvür edin ki, Ali Məhkəmə bizim müraciətimizə baxmağı təxminən 4 ay sonraya təyin etdi. Artıq bizə aydın oldu ki, əsas məsələ işi yubatmaqdır ki, biz Avropa Məhkəməsinə gedə bilməyək. Biz ikinci dəfə iş qaldırdıq. Yenə Apelyasiya Məhkəməsi müraciətimizi təmin eləməkdən imtina etdi. Biz təkrar Ali Məhkəməyə müraciət etməli olduq. Bizim eyni məsələ ilə bağlı Ali Məhkəmədə iki işimiz var idi. Ali Məhkəmə birinci işə fevralın 25-də, ikinci işə isə martın 3-də baxdı. Mən həm Apelyasiya Məhkəməsində, həm də Ali Məhkəmədə çıxışımda qeyd eləmişdim ki, mənə bir istiqlalçı millət vəkili kimi çox ağırdır ki, öz hökumətimdən Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək zorunda qalım. Çox təəssüf ki, Azərbaycan hakimiyyəti belə düşünmür. Ali Məhkəmə bizim hər iki kasasiya şikayətimizə mənfi cavab verdi. Biz artıq Avropa Məhkəməsinə müraciət etməkdən başqa çıxış yolu görmürük. Azərbaycanda bu məsələ ilə bağlı hüquqi müstəvidə mübarizəmiz başa çatdı”.

S.Əkbər bəyan etdi ki, AzDP-nin qeydə alınmaması sırf siyasi xarakterli bir işdir: “Hakimiyyət düşünür ki, Azərbaycanda müxalifəti artıq sıradan çıxara bilib və bu müxalifətin nə ictimai rəyə, nə də hakimiyyətin siyasi qərarlarına heç bir təsir gücü qalmayıb. Hakimiyyət istəmir ki, yeni bir siyasi müxalif qüvvə ortaya çıxsın”.

AzDP sədri sonda dedi ki, Ali Məhkəmənin qərarlarını əldə etdikdən sonra Avropa Məhkəməsinə müraciət edəcək: “Avropa Məhkəməsindən partiyamızın qeydiyyata alınması üçün qərar çıxarılmasını, yoxsa hökumətin cərimələnməsini xahiş edəcəyimizi isə hələ vəkillə müzakirə etməmişik. Vəkilimiz Fuad Ağayevdir və onun Avropa Məhkəməsi ilə iş təcrübəsi var”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın