Ana səhifə / Sosial / Standartlara əməl etməyənləri cərimə sanksiyaları gözləyir – AYNA

Standartlara əməl etməyənləri cərimə sanksiyaları gözləyir – AYNA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi fəaliyyəti ilə bağlı yeni standartlar ətrafında yaranan suallara aydınlıq gətirib.

AYNA-dan AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, yaksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblərə əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər.

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi hazırda taksi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyəti davam etdirmək istəyən şəxslərdən qısa müddətdə buraxılış vəsiqəsi və buraxılış kartı almalarını xahiş edir. 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək.

Beləliklə, yalnız qoyulmuş tələblərə cavab verən nəqliyyat vasitələri taksi kimi istifadə oluna biləcək”.

Qurumdan bildirilib ki, yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək və peşəkar əmək bazarı formalaşacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq.

“Qanunvericiliyin tələblərinə riayət etməyənləri isə cərimə sanksiyaları gözləyir. Belə ki, buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcəklər.

Taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulması ilə bağlı da cərimələr mövcuddur.
İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə, taksi sifarişi operatorları tərəfindən taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına, taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli və hüquqi şəxslərin cərimə edilməsi nəzərdə tutulub.

Taksi ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri olmayan daşıyıcıya, eyni zamanda buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə də sanksiyalar mövcuddur.

“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülərin taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq. Hazırlıq keçməmiş sürücülərə daşıyıcı tərəfindən sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış kartının verilməsinə görə vəzifəli və hüquqi şəxslər cərimələnəcəklər”.

Həmçinin oxuyun

Şadlıq evlərində verilən “ikra” Rusiyadan 4 manata gətirilir? 

Bu ilin ilk ayı ərzində Azərbaycana xarici ölkələrdən 510 kiloqram nərə balıqlarının kürüsü,  3 ton …