Ana səhifə / Sosial / “Standarta uyğun olmayan çoxsaylı məhsullar ölkəyə gətirilərək satılır”

“Standarta uyğun olmayan çoxsaylı məhsullar ölkəyə gətirilərək satılır”

Çox zaman mağazaların vitrinlərində, şüşələrində “Alınan mallar geri qaytarılmır və dəyişdirilmir” şüarına rast gəlirik. Yəni, alıcı buradan məhsul alırsa, xoşuna gəlməsə, bəyənməsə, fikrini dəyişsə, məhsulu geri qaytara və ya dəyişə bilməz. Burada biznes qurumunu da başa düşmək olar. Çünki bəzən vətəndaşlar məhsulları alır, istifadə edir, sonra heç nə olmamış kimi geri qaytarmağa çalışırlar. Bəzən isə, həqiqətən vətəndaş evə getdikdən sonra məhsulu aldığına peşman olur, geri qaytarmağa çalışsa da, alınmır. Qanun isə, deyir ki, vətəndaşlar əksər məhsulları 14 gün müddətində geri qaytara və dəyişdirə bilərlər.

“İstehlakçıların hüquqları haqqında” qanunda qeyd edilir ki, alınan mal istehlakçının tələbatını ödəməzsə, formasına, quruluşuna və ya hərhansı bir detala görə, istehlakçının xoşuna gəlməzsə 14 gün müddətində o mal dəyişdirilə bilər, dəyişdirilməyən məhsuldursa, geri qaytarılılaraq, pulu 100 faiz həcmində alıcıya verilməlidir. Eyyub Hüseynov

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu sahədə hər gün təşkilata onlarla şikayət ünvanlanır. Şikayətlər daha çox “Kontakthome” və “Bakuelectronics” mağazalar şəbəkəsindəndir. Bu günlərdə isə “By Telecom” mağazasından şikayət daxil olub. Bununla yanaşı, ən çox şikayət müxtəlif elektrik cihazlar satan mağazalardan gəlir. Ekspert bildirir ki, bu sahədə kifayət qədər şikayət və narahatlıqlar olsa da, istehlakçı hüquqlarını qorumalı olan dövlət orqanı İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidməti demək olar ki bu sahədə heç bir iş görmür.

“Partnyoru olduğu dövlət qurumu öz işini görməyəndə ictimai təşkilat da öz işini səmərəli görə bilmir. Bu sahədə ciddi problemlər var.  Standarta uyğun olmayan çoxsaylı məhsullar ölkəyə gətirilərək satılır. Xüsusən ərzaq məhsullarının geri qaytarılmasında Nazirlər Kabinetinin bir-birini təkzib edən, təzadlı qərarları var. Məsələn, Nazirlər Kabineti qərarlarının birində yazılır ki, dükandan çıxarılmış, dəyəri ödənilmiş ərzaq məhsulu geri qaytarıla bilməz. Digərlərində isə, ərzaq məhsullarının geri qaytarılmasına icazə var. Parfümeriya malları qaytarılmayan, dəyişdirilməyən mallar siyahısındadır. Bu, istehlakçılara qarşı ədalətsizlikdir” – deyə ekspert bildirib.

Eyyub Hüseynov həmçinin bildirib ki, “İstehlakçıların müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul edilib. İqtisadiyyat Nazirliyi tərəfindən Milli Məclisə təqdim edilən qanun layihəsi isə ictimaiyyətə hələ ki, məlum deyil. Yəni yeni qanunun istehlakçıların başına nə oyunlar gətirəcəyi qanun qüvvəyə mindikdən sonra bəlli olacaq… Gözləyək.

Həmçinin oxuyun

Azərbaycanda son sutkada 3 nəfər koronavirusa yoluxub – 2 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq …