Ana səhifə / Sosial / Spikerin deputatı danlamaq hüququ varmı?

Spikerin deputatı danlamaq hüququ varmı?

Azərbaycan parlamentində son illər xoşagəlməz bir ənənə formalaşıb. Əksər iclaslarda spiker Oqtay Əsədovla müxtəlif deputatlar arasında qalmaqal yaranır, parlament sədrinin hətta mandat sahiblərinin çıxışlarını yarımçıq kəsdiyinin, onları danlamasının, acı sözlər deməsinin də şahidi oluruq. 
Zaman-zaman belə halları sabiq deputatlar Pənah Hüseyn, Etibar Hüseynov və digərlərinin də spikerlə sözü çəpləşib. Bu ilin əvvəllərindən isə başlayaraq, mütəmadi olaraq iqtidaryönlü deputat Zahid Orucla spiker arasında narazılıqları seyr etdik.
Noyabrın 29-dakı iclasda da bunabənzər hal yaşanıb. Bu dəfə spiker digər iqtidar deputatı Hadi Rəcəbli barədə sərt danışıb. Yerdən “halal olsun” deyə reaksiya verən Hadı Rəcəbliyə irad tutan O.Əsədov bu ifadələri işlədib: “Hadı Rəcəbliyə mən şəxsən demişəm ki, intervü verəndə görün kimə verirsiniz. Bu, nə xəstəlikdir? Bir çoxlarınız intervü verməyiniz üçün sinov gedirsiniz. İntervü verdiniz, saytlara baxın, görün dediklərinizi yazırlarmı?”.
Bu səbəblərdən parlament sədrinin deputatın sözünü kəsmək, yaxud ona irad bildirmək səlahiyyətinin olub-olmaması daim müzakirə mövzusudur. Burada suallar doğuran hal odur ki, əvvəllər daha çox parlamentdəki müxalifyönlü millət vəkilləri ilə spiker arasında “söz savaşı” gedirdi. Son illərdə isə iqtidar deputatları ilə O.Əsədov arasında ciddi narazılıqların baş verdiyini görürük.
Картинки по запросу pənah hüseyn
 
2005-10-cu illərdə millət vəkili olan sabiq baş nazir Pənah Hüseyn bildirdi ki, deputat və spikerin hüquq və vəzifələri parlamentdə öz əksini tapıb: “Əgər deputat və spiker qaydalara əməl etsələr, sizin mübahisə adlandırdığınız hallar baş verməz. Bizdə ümumi siyasi mədəniyyət elədir ki, Milli Məclisin sədri deputatların sözünü kəsir, qanunla nəzərdə tutulmayan hərəkətlər edir. Amma bütövlükdə parlamentdə bu cür mübahisələrin olmasına normal baxmaq lazımdır. Dünya parlamentlərinə nəzər yetirsək, bu cür halların baş verdiyinin şahidi olarıq. Normal demokratik ölkələrdə belə hallar birtərəfli olmur. Spiker elə düşünür ki, deputatlar onun tabeliyində olan şəxslərdir. Azərbaycanda demokratik seçki ilə formalaşmayan parlamentdə deputatlara məmur kimi baxılır. Müəyyən etik çərçivələr nəzərə alınmalı və belə mübahisələrə təbii baxmaq lazımdır”.
Картинки по запросу fazil mustafa
 
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa spikerin səlahiyyətlərindən danışdı: “Spikerin əsas səlahiyyəti gündəliklə bağlı məsələlər müzakirə edilərkən deputatı mövzu ətrafında danışmağa dəvət etməkdir. Daha çox vaxt və proseduralara əməl etmək məsələsidir. Spiker və deputatların hüquqları var. Deputat istənilən müsahibə də verə bilər, fikrini də ifadə edə bilər. Onun məsuliyyətini deputatın özü daşıyır. Parlamentdə deputatın dediyi hər hansı bir sözə görə spiker məsuliyyət daşımır. Qanunvericilikdə nəzərdə tutulan etik qaydalar var. Bu da parlamentdaxili prosedurada həll olunur. Deputatın hansısa bir mətbuat orqanına verdiyi müsahibəni spiker ancaq yoldaşlıq zəminində söyləyir.
Bu baxımdan Oqtay Əsədovun Hadi Rəcəbli ilə səmimi münasibətləri olduğuna görə belə ifadə işlədə bilər. Amma bütövlükdə hüququ baxımdan deputatın necə danışmasına, kiminlə danışmasına heç kimin qarışmağa ixtiyarı yoxdur. Burada üslublar hər halda fərqlidir. Əslində burada hüquqi mexanizmlə məsələyə baxılmalıdır. Deputatın hər hansı məsələ ilə bağlı çıxışına bu şəkildə reaksiya verilməsi doğru deyil. İclasın qaydaları ilə bağlı spiker irad bildirə bilər. Bu hüququ var. Kiminsə sözünü kəsmək, kiməsə xəbərdarlıq etmək və başqa qanunvericilikdə nəzərdə tutulan hüquqları spiker həyata keçirə bilər.
 Amma çıxışın məzmununda hər hansı bir şəkildə dövlət əleyhinə hal yoxdursa, yaxud bu kimi hallar mövcud deyilsə, çıxışa müdaxilə etməyə spikerin hüquqi yoxdur. Bu baxımdan müəyyən mübahisələri açığı hüquqi baxımdan əsaslandırmağa çətinlik çəkirəm. İş prosesidir, ola bilər ki, hansısa çıxış xoşa gəlmir. Amma hər halda bu məsələlər hüquqla bağlı deyil”. (Musavat.com)

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın