Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Son mogikanlar da Müsavatdan gedir…

Son mogikanlar da Müsavatdan gedir…

Müsavat Partiyasının yaradıcılarından olan Vurğun Əyyubun çox sadə bir arqument əsas gətirilərək partiyadan uzaqlaşdırılması böyük qalmaqala səbəb olub. Sosial şəbəkələrdə gedən müzakirələrdən də görünür ki, bu qərar sadə müsavatçılar tərəfindən də qıcıqla qarşılanıb. Hətta Müsavat rəhbərliyinə “bu azdır, gərək cibinə narkotik də atdırıb həbsə göndərərdiniz” kimi tənəli ifadələr ünvanlanır.
Vurğun Əyyubun təmsil olunduğu partiyanın yerli təşkilatı funksionerin xaric edilməsilə bağlı qərarı belə əsaslandırıb. Müsavat Partiyasının Divan üzvü Nemət Kərimlinin verdiyi məlumata görə, partiyanın Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin toplanısı keçirilib.
N.Kərimli deyib ki, toplantıda Vurğun Əyyubun özəyin iclaslarına qatılmadığı müzakirə olunub: “O, özəyin iclaslarına qatılmaqla bağlı çağırışlara məhəl qoymayıb, qərarlara tabe olmayıb, üzvlük haqqını ödəməyib. Buna görə də özək təşkilatı onun partiyadan xaric edilməsi ilə bağlı qərar qəbul edib”.
N.Kərimli onu da bildirib ki, qərar Müsavat Partiyasının rəhbərliyi tərəfindən baxılıb təsdiq olunmalıdır.
Vurğun Əyyub Müsavat Partiyasının yerli təşkilatının sıralarından xaric edilməsi barədə verilmiş qərara münasibət bildirib. O, açıqlamasında bildirib ki, ona partiya sıralarından çıxarılmaqla bağlı rəsmi məlumat verməyiblər: “Əslində burada gözlənilməz bir qərar yoxdur. Məni Müsavat Partiyasından çıxarmağa çoxdan hazırlaşırdılar. Hesab edirəm ki, bu qərar tamamilə nizamnamə tələblərinə ziddir. Mayın 2-si tarixində mesaj aldım ki, ayın 3-də saat 15:00-da özəyin iclası olacaq. Mayın 2-də mən tələbələrimlə şəhərdən kənarda idim. Fikirləşirdim ki, iclasa gedəcəm, ancaq səfərdən qayıdandan sonra soyuqlamışdım. Ona görə də ayın 3-də saat 12:00-da mesaj yazdım ki, xəstə olduğum üçün iclasda iştirak edə bilməyəcəm. Mənim iştirakım olmadan və iclaslara qatılmadığımı bəhanə edərək partiyadan çıxarmaq nizamnamə tələblərinə ziddir.
Üzvlük haqqının ödənilməməsi məsələsinə gəlincə isə, əvvəla mənim Müsavat Partiyası üçün xərclədiklərim qədər bu adamlar həyatları boyu üzvlük haqqı verməyiblər. İkincisi, əgər üzvlük haqqının toplanması və xərclənməsi barədə partiyada hesabatlılıq və şəffaflıq yoxdursa, ora üzvlük haqqı vermək niyyətində də deyiləm. Bu, Müsavat Partiyası rəhbərliyini ələ keçirmiş bir qrupun Vurğun Əyyubdan intiqam almaq həvəsindən başqa bir şey deyil”.
V.Əyyub qeyd edib ki, partiyadan çıxarılmağı ilə bağlı heç bir müraciət etməyəcək: “Çünki partiyanın indiki rəhbər strukturları qeyri-legitim şəkildə formalaşıb və sadəcə olaraq partiyanın başında dayanan adamların sifarişlərini yerinə yetirirlər. Bunların heç birinin ədalətli qərar verəcəyinə inanmıram və ona görə də onlara müraciət etməyəcəm”.
Qeyd edək ki, Müsavatın fəal üzvlərindən olan professor Adil Qeybulla Vurğun Əyyubun Müsavat Partiyasından çıxarılmasına etiraz əlaməti olaraq partiyanın üzvlüyündən istefa verib.
A.Qeybulla bununla bağlı yaydığı bəyanatında qeyd edib ki, milli-azadlıq hərəkatının rüşeymlərindən olan Çənlibel hərəkatının və Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü Vurğun Əyyub absurd ittihamlarla partiyadan çıxarılıb:
“Əslində indiki Müsavat Partiyası daxilində çoxdan başlanmış təfriqəçilik və bölücülük siyasəti məntiqi sonluğuna çatdı.
Bu gün qanunsuz üsullarla partiya rəhbərliyini ələ keçirmiş məhdud bir qrup müsavatçılığın mahiyyəti ilə daban-dabana zidd olan avtoritar və aqressiv davranış nümayiş etdirir. Bu cür davranış böyük Rəsulzadənin və ləyaqət etalonu olan sıravi müsavatçıların ruhuna həqarətdir. Müsavatın genomunu təşkil edən ədalət və mərhəmət prinsipləri bu gün onun adını daşıyan partiyada ayaqlar altına atılıb. Müsavatçılıq ruhuna avtoritarlıq hopa bilməz. Əgər hopubsa, o partiyanın yalnız quru adı Müsavat ola bilər. Müsavatçılıq Müsavat Partiyasından qat-qat geniş anlayışdır.
Əslində, mənim qurultaydan bir müddət öncə partiyadan getməyim bütün bunlarla bağlı idi. Amma o vaxt bu naqisliklər ictimailəşmədiyindən, istefama yanaşmalar fərqli idi. Qayıtdım, ümid etdim ki, qurultaydan sonra yeni mütərəqqi fəaliyyət istiqamətinin əsası qoyular. Lakin aparılan yanlış xətt, təəssüf ki, qurultay vasitəsilə rəsmiləşdirildi.
Partiyanı işğal etmiş məhdud bir qrupun apardığı yanlış siyasətə və təşkilatda yaratdığı cılız qisasçılıq, avtoritarlıq fəaliyyətinə şərik olmaq niyyətim olmadığından, partiya sıralarından istefa verdiyimi bəyan edirəm. Yolumuz milli dövlətçilik yoludur”.
Qeyd edək ki, Müsavat Partiyasının bu olaya münasibəti özünü çox gözlətməyib.
Partiyadan bildirilib ki, Adil Qeybullanın istefası birinci dəfə deyil: “Bu onun sayca üçüncü istefasıdır. Yalnız ona “yaxşı yol” demək qalır, çünki istefa vermək onun öz hüququdur. Amma bir müddətdən sonra vəziyyət dəyişsə, o, yenidən partiya üzvü olduğunu rəsmən elan edəcək”.
Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı isə Vurğun Əyyubun Müsavatdan xaric edilməsini partiya üçün ayıb sayılacaq bir hərəkət kimi səciyyələndirib: “Hər bir partiya çalışmalıdır ki, Vurğun bəy kimi cəmiyyət tərəfindən qəbul olunmuş ziyalı onun sıralarında olsun”.
O qeyd edib ki, V.Əyyub, istənilən halda, partiyanın potensialı, gücü baxımından dəyərli siyasətçi və ziyalıdır: “Nəzərə alsaq ki, artıq parlament seçkilərinə qısa bir müddət qalıb və Vurğun bəy də Suraxanı rayonundan namizəd olaraq irəli sürülmüşdü, onun xaric edilməsi nəinki düzgün addımdır, hətta böyük bir səhv, yanlış addım və qəbahətdir. Lakin mən düşünmürəm ki, bu addım Vurğun bəyin özü tərəfindən verilmiş bir qərardır. Guya burada texniki səbəblər göstərilir ki, Vurğun Əyyub iclaslarda iştirak etməyib və üzvlük haqqı verməyib”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın