Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Son erməni təxribatı fonunda qardaş Türkiyə rəsmilərinin və AŞ PA sədrinin  fərqli mövqeyi

Son erməni təxribatı fonunda qardaş Türkiyə rəsmilərinin və AŞ PA sədrinin  fərqli mövqeyi

Elşən Həsənov: “Tam reallığı özündə əks etdirən bu ruhlu bəyanat başqa qurum və dövlətlər üçün də örnək olmalıdır”
“Növbətçi bəyanatlara heç kimin ümidi qalmayıb”

Aprelin 2-dən erməni silahlı birləşmələrinin qoşunların təmas xəttində etdiyi təxribat Azərbaycan tərəfinin onlara layiqli cavab verməsilə nəticələnib. Hazırda da cəbhə xəttində gərgin döyüşlər gedir. Silahlı Qüvvələrimiz düşmənə sarsıdıcı zərbələr endirməklə onları işğal altında saxladığı bəzi məntəqələrdən çıxara bilib.
Dünyanın müxtəlif dövlətləri və təşkilatlarından atəşkəsi bərpa etməklə bağlı çağırışlar gəlir. Ancaq maraqlıdır ki, bir Türkiyə, bir də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti tərəfindən edilən müraciətlərdən başqa onların heç birində ermənilər işğal etdiyi torpaqlardan geri çəkilməyə çağırılmır. Qeyd etdiyimiz və digərlərindən məzmun baxımından fərqlənən iki bəyanata diqqət edək.
Türkiyənin Xarici İşlər Nazirliyi aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginliklə bağlı bəyanat yayıb. XİN-in bəyanatında bildirilir ki, yaranmış gərginliyə səbəb Ermənistanın Azərbaycan torpaqlarının beşdə birini işğal altında saxlaması, təcavüzkar mövqeyindən əl çəkməməsidir. Diqqətə çatdırılır ki, təcavüzkar Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi ilə bağlı məlum qətnamələrini yerinə yetirməlidir.
Vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, ədalətli həllinin tapılması istiqamətindəki səylərini bundan sonra da davam etdirəcək.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevlə, həmçinin bu ölkənin xarici işlər və müdafiə nazirləri azərbaycanlı həmkarları ilə telefonla danışaraq şəhidlərə rəhmət diləyib, xalqımız və dövlətimizlə həmrəyliklərini ifadə ediblər.
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt Ermənistana Azərbaycan torpağından geri çəkilməsi ilə bağlı xəbərdarlıq edib. P.Aqramunt Dağlıq Qarabağdakı şiddətli hadisələrdən və insan itkilərindən narahat olduğunu ifadə edərək tərəfləri dərhal atəşkəsə əməl etməyə çağırıb.
AŞ PA prezidenti açıqlamasında, həmçinin, Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq işğal altında olan Azərbaycan torpaqlarından geri çəkilməyə çağırıb.
Verilən bəyanatlardakı fərq və daha çox işğal faktına toxunmamağı nə ilə izah edilə bilər?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, münaqişənin məhz indiki məqama gəlib çıxması həmin dövlət və təşkilatların konkret mövqe ortaya qoymamasına görədir:

“Uzun illərdir həm münaqişənin həlli ilə məşğul olan beynəlxalq təşkilatlar, həm də bəzi aparıcı dövlətlər ütülənmiş bəyanatlar səsləndirir. Onlar elə ifadələrdən istifadə edir ki, tərəflərin heç biri inciməsin. Bununla da konfliktin həlli uzanır. Bu, eyni zamanda, status-kvonun qorunub saxlanmasına xidmət edir. Təbii ki, belə vəziyyət Ermənistana sərf edir. Münaqişənin anatomiyası hamıya bəllidir. Ermənistan Azərbaycandan Dağlıq Qarabağı tələb edir. Bundan əlavə, ətraf rayonları işğal edərək ərazimizin 20 faizini öz nəzarətində saxlayır. Tərəfləri sülhə çağıranda mütləq mənada bu məqam vurğulanmalıdır. Cəbhədə müharibə şəraitinin bərpa edildiyi bir dönəmdə də belə bəyanatla çıxış etmək təbii ki, qeyri-obyektivlikdən xəbər verir. Türkiyənin bəyanatı ilə tanış oldum. Əslində bu haqlı mövqedə təəccübləndirici heç nə olmadı. Çünki Türkiyə münaqişənin əvvəlindən bu mövqeni sərgiləyir. Bir qədər təəccüblü gələn P.Aqramuntun bəyanatı oldu. Tam reallığı özündə əks etdirən bu ruhlu bəyanat başqa qurum və dövlətlər üçün də örnək olmalıdır. Artıq məsələnin konkret qoyulması vaxtı gəlib çatıb. Növbətçi bəyanatlara heç kimin ümidi qalmayıb”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın