Ana səhifə / Sosial / Soğan bahalaşacaq? 

Soğan bahalaşacaq? 

Ölkəmizdə son günlər soğan ixracı artıb.

Belə ki, Naxçıvanın kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası genişlənir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 2023-cü ilin dekabr ayında 75 ton soğan məhsulu İraq Respublikasına ixrac edilib. 2024-cü ilin yanvar ayında isə 225 ton soğan məhsulu İraq Respublikasına və Birləşmiş Ərəb Əmirliyinə ixrac olunub.

Bu da ötən ilin dekabr ayı ilə müqayisədə 3 dəfə çoxdur. Bəzi ekspertlər soğan ixracının artmasını daxili bazarda soğanın qiymətinə təsir edə biləcəyini bildirirlər. 

Maraqlıdır, soğan ixracı artdıqca daxili bazarda soğanın qiymətinə təsir edəcəkmi? 

Mövzu ilə bağlı “Cebhe.info”-ya iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, ixracın artması yaxşıdır:

“Əsasən də kənd təsərrüfatı məhsulları nə qədər çox ixrac edilərsə, bir o qədər təqdirəlayıqdır. Lakin hökumətin də vəzifəsi o olmalıdır ki, daxili bazarda stabilliyi qoruya bilsin. Qorusun dedikdə, tək inzibatı qayda nəzərdə tutulmur.

Müxtəlif üsüllarla bunu həyata keçirmək olar. Hər il dekabr, yanvar və fevral aylarında ölkəmizdən xaricə küllü miqdarda soğan ixrac edilir. Mart-aprel aylarında, yeni yazlıq soğan yetişənə qədər daxili bazarda soğanın qiyməti qalxır”. 

Ekspert bildirib ki, bunun qarşısını almaq üçün Nazirlər Kabinetinin 103 nömrəli qərarına əsasən hər sahibkar ay ərzində 1000 tondan çox soğan ixrac edə bilməz:

“Burada 1000 ton kvotadır, yəni məhdudiyyətdir. Lakin mən hesab edirəm ki, bu, bir qədər spesifikləşdirilmiş qərardır. Öncə qeyd edim ki, hər sahibkar 1000 ton soğan ixrac etmir, daha az soğan ixrac edir. İxrac edən sahibkarlar da soğanı olmayan sahibkarın adından xaricə 1000 tona qədər soğan ixrac edirlər”. 

Ekspert bildirib ki, Naxçıvandan soğan ixracının müəyyən miqdarına kvota qoyulmalıdır:

“Xüsusilə dekabr, yanvar və fevral ayları üçün soğan ixracına müəyyən məhdudiyyət tətbiq etmək lazımdır. Qalan aylar bol olduğu üçün bu məhdudiyyətə ehtiyac yaranmır. Əksinə, qış aylarından sonra soğan ixracındakı kvotaya son qoyularsa, daha çox xaricə soğan ixrac edilə bilər”. 

Ekspert qeyd edib ki, dövlət daxili bazarda soğana olan tələbatı və soğan ehtiyatını müəyyənləşdirməlidir:

“Daxili bazarda gündəlik, hər ay və il üçün nə qədər soğan istifadə edildiyini dövlət öyrənməli və ölkədəki soğan ehtiyatı barədə dəqiq məlumat bilməlidir. Daxili bazarda artıq qalan məhsulu  mütləq qaydada xaricə ixrac etmək lazımdır. Lakin digər tərəfdən elə etmək lazımdır ki, soğanın qiyməti qalxmasın”. 

Həmçinin oxuyun

Bakının daha bir ərazisində binaların söküntüsünə başlanılır – VİDEO

Xətai rayonu, NZS qəsəbəsindəki qəzalı binalar söküləcək. Artıq bununla bağlı işlərə start verilib. Xezerxeber.az-ın məlumatına …