Bazar , Avqust 18 2019
Ana səhifə / Sosial / Siyavuş Novruzov referendum günü baş verən saxtakarlıqları müxalifətin oyunu adlandırdı

Siyavuş Novruzov referendum günü baş verən saxtakarlıqları müxalifətin oyunu adlandırdı

“Bunların hamısı Milli Şuranın işidir, qutulara adi kağızlar atılıb, videolarda görünən isə seçki məntəqələri deyil”

Sentyabrın 26-da Azərbaycanda keçirilən referendum hələ də müzakirə edilir. Müzakirə istiqamətlərindən biri də səsvermə günü seçki qutularına topa bülletenlərin atılmasıdır. Həm referendum günü, həm də sonrakı günlərdə sosial şəbəkələrdə və bəzi saytlarda bu halların əks olunduğu videolar yayıldı. 
Hakimiyyət seçkinin şəffaf və qüsursuz keçirildiyini desə də bu görüntülər prosesi və iqtidarın rəyini ciddi şəkildə zədələyir. Bəs görəsən qutuya topa bülleten atan şəxslər məsuliyyətə cəlb olunaraq, cəzalandırılacaqmı? Həmin dairələrin seçki nəticələri ləğv oluna bilərmi?
Bu suallara cavab almaq üçün Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz boşa çıxdı. Daxili İşlər Nazirliyindən isə bildirildi ki, sualımızla bağlı araşdırma aparılıb tezliklə cavab veriləcək.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə məsələ ilə bağlı “Yeni Müsavat”a ilginc açıqlamalar verib. Deputatın sözlərinə görə, səsvermə günü baş verənlər əslində “səhnələşdirilmiş məntəqə”də olub, videolarda görünən topa bülletenlər isə əslində adi kağız vərəqələri olub: “Ümumxalq səsverməsi yüksək şəkildə keçdi. Bütün vətəndaşlar seçkiyə gələrək hər bir maddəyə səs verdilər.
 Mərkəzi Seçki Komissiyası (MSK) da ilkin açıqlamasını verdi. Yeni Azərbaycan Partiyasının da seçki məntəqələrində müşahidəçi kimi üzvləri var idi. Demək olar ki, hər məntəqədə bir nümayəndəmizi təyin etmişdik. Onların da məlumatlarına görə seçki fəallığı çox yüksək səviyyədə olub və çox şəffaf şəkildə bu referendum keçirildi, başa çatdı.
Qaldı ki, nöqsanlara, biz araşdırdıq və bəlli oldu ki, video görüntülərdə olan insanların heç birində bülleten olmayıb. Onların hamısı qurma, Avropaya o cümlədən digər başqa yerlərə referendum haqqında mənfi informasiya vermək üçün Milli Şuranın oyunları olub. Həmin şəxslərin əlində adi kağız olub, onu büküb qutuya atıblar. Digərləri ilə bağlı isə, onlar özləri məntəqə yaradıb bu formatda, guya saxtakarlıq olub və bunu çəkib sonra sosial şəbəkələrdə yerləşdiriblər. Həmin şəxslər də Milli Şuranın təlimatlandırdığı adamlar olublar və bu məsələlər də araşdırılıb”.
S.Novruzov deyib ki, videolarda göstərilənlər əslində seçki məntəqələri olmayıb: “Bütün məntəqələrin hamısına öz nümayəndələrimizi göndərmişdik. O format da, quruluş da tamam ifşadır. Bir neçə şəxsə adi kağız veriblər, guya ki, topa bülletendir. Hər bir şəxsə bir bülleten verilir və onu verən də, qutuya atan da məsuliyyət daşıyır”.
Bir sözlə, YAP-çı deputat iddia edir ki, yayılmış videolardakı görüntülər Milli Şuranın əvvəldən quraşdırdığı oyundu və MSk-nın təşkil etdiyi seçki prosesinə heç bir dəxli yoxdu. S.Novruzov bu cür əməllərin qanunvericilikdə konkret cəzalrlnln olduğunu da xatırladıb: “Bu məsələ ilə bağlı Seçki Məcəlləsində və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulub”.
Milli Şura və AXCP rəhbərliyi “Yeni Müsavat” qəzetini boykot etdikləri üçün Siyavuş Novruzovun iddialarına rəy ala bilmədik.

Həmçinin oxuyun

Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı – FOTO\VİDEO

Ötən gün Göyçayda toy karvanında baş vermiş ağır qəzanın videosu yayılıb.  Oxu.Az-ın bölgə müxbirinin əldə …

Bir cavab yazın